Azərbaycan xalqının tarixində milli taleyimizi dəyişən, gələcək yolumuzu müəyyənləşdirən və yaddaşımıza əbədi həkk olunan mühüm hadisələr mövcuddur. 8 Noyabr – Zəfər Günü məhz belə əlamətdar tarixlərdən biridir. Bu gün xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı azadlıq arzularının gerçəkləşdiyi, Azərbaycanın öz gücünə, birliyinə və milli iradəsinə söykənərək tarixi ədaləti bərpa etdiyi möhtəşəm bir qələbənin təcəssümüdür. Zəfər Günü müasir Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını simvolizə etməklə yanaşı, dövlətimizin qüdrətini və xalqımızın sarsılmaz ruhunu nümayiş etdirir.
Azərbaycanın bu tarixi uğura imza atması uzun illər ərzində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi ölkəmizin siyasi, iqtisadi və hərbi potensialının yüksəlməsinə zəmin yaratdı. Güclü dövlət, müasir ordu, milli həmrəylik və xalqın öz rəhbərinə olan inamı 2020-ci ildə tarixi qələbənin əsas dayaqlarına çevrildi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğaldan azad edilməsi məqsədini daşıyırdı və 44 gün sonra bu mübarizə şanlı Zəfərlə nəticələndi.
Müharibənin gedişində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı, müasir texnologiyalardan səmərəli istifadə və peşəkar hərbi strategiya nümayiş etdirdi. Döyüş meydanında qazanılan uğurlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri, yüzlərlə kənd və digər yaşayış məntəqələri düşmən işğalından azad edildi. Bu qələbə Azərbaycanın yalnız hərbi gücünün deyil, həm də siyasi iradəsinin, iqtisadi imkanlarının və milli birliyinin göstəricisi oldu. Müharibə zamanı Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, xalqa ünvanladığı müraciətlər Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Zəfərin ən mühüm və unudulmaz hadisəsi isə noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Qarabağın mədəniyyət mərkəzi, Azərbaycanın tarixi və mənəvi yaddaşının ayrılmaz parçası olan Şuşanın azadlığı xalqımızın sevincini və qürurunu daha da artırdı. Şəhərin mürəkkəb coğrafi mövqeyi və düşmənin müdafiə imkanları nəzərə alındıqda, bu əməliyyatın nə qədər böyük qəhrəmanlıq və fədakarlıq tələb etdiyi aydın görünür. Azərbaycan əsgərlərinin misilsiz cəsarəti və döyüş əzmi nəticəsində Şuşa azad edildi. Prezident İlham Əliyevin həmin gün xalqa müraciət edərək Şuşanın azadlığını elan etməsi müasir tariximizin ən yaddaqalan anlarından biri oldu.
Şuşanın azad olunması müharibənin sonrakı gedişinə həlledici təsir göstərdi və 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla 8 Noyabrın Zəfər Günü kimi təsis edilməsi bu tarixi hadisənin dövlətçilik tariximizdəki müstəsna yerini rəsmiləşdirdi.
Qazanılan hərbi uğur 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazilərində suverenliyinin tam təmin olunması ilə daha da möhkəmləndi. Sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması xalqımızın uzun illər gözlədiyi tarixi anlardan biri kimi yaddaşlara yazıldı.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri, yeni yaşayış məntəqələrinin salınması, yolların, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası Zəfərin yeni mərhələsini təşkil edir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması qələbənin ən mühüm humanitar nəticələrindən biridir.
Zəfər Günü, eyni zamanda, şəhidlərimizin müqəddəs xatirəsinin, qazilərimizin qəhrəmanlığının və Azərbaycan xalqının birliyinin ifadəsidir. Bu tarixi bizə yaşadan bütün qəhrəmanların əziz xatirəsi qarşısında ehtiramla baş əyir, onların fədakarlığını heç zaman unutmamağı özümüzə mənəvi borc bilirik. 8 Noyabr Azərbaycanın qalibiyyət ruhunun, dövlətçilik iradəsinin və milli qürurunun əbədi təcəssümüdür.
Elvin Əliyev
YAP Babək rayon təşkilatı sədrinin müavini