Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi zəngin mübarizə səhifələri, milli azadlıq soraqları və böyük intibah dövrləri ilə zəngindir. Lakin bu şərəfli tarixin ən parlaq və həlledici mərhələsi XX əsrin sonlarına — Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etdiyi və tarixi ədalətin zəfər çaldığı dövrə təsadüf edir. Müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizin sarsılmaz təməllərini qoyarkən, milli atributlarımıza — bayrağımıza, gerbimizə və himnimizə sadəcə hüquqi rəmzlər kimi deyil, xalqın mənəvi varlığının, milli qürurunun və suverenliyinin ən ali təcəssümü kimi yanaşırdı.
Ulu Öndərin vaxtilə böyük uzaqgörənliklə söylədiyi bu unudulmaz və tarixi kəlamlar təkcə öz dövrünün reallıqlarını ifadə etmirdi, həm də gələcək nəsillərə çatdırılan müqəddəs bir vəsiyyət, sarsılmaz bir strateji baxış idi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
Milli dövlətçilik tariximizə nəzər salsaq görərik ki, Heydər Əliyevin dövlət rəmzlərimizə verdiyi yüksək dəyər hələ Sovet rejiminin mövcud olduğu mürəkkəb bir dövrdən başlayırdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul olunması milli şüurun oyanışında müstəsna və cəsarətli bir addım oldu. Həmin qərar müstəqilliyə doğru gedən yolda ilk böyük qələbə, milli iradənin imperiya buxovlarına qarşı açıq etirazı idi. Həmin gündən etibarən üçrəngli bayrağımız milli azadlıq hərəkatının bayrağına çevrildi və tezliklə bütün Azərbaycanın başı üstündə ucaldı.
Ulu Öndər hər zaman xüsusi vurğulayırdı ki, bayraq təkcə parçadan ibarət bir dövlət rəmzi deyil; o, bir millətin keçdiyi şərəfli yolun, müstəqillik uğrunda canından keçən şəhidlərin müqəddəs xatirəsinin və gələcəyə olan sonsuz inamının təcəssümüdür. Azərbaycanın BMT daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatlara tamhüquqlu üzv seçilməsi, bayrağımızın BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı və Avropanın aparıcı mərkəzləri qarşısında ucaldılması müstəqilliyimizin beynəlxalq aləmdə rəsmən tanınmasının və dönməzliyinin sübutu oldu. Heydər Əliyev diplomatiyası sayəsində Azərbaycan dünya xəritəsində özünə layiq yeri tutdu, sözü və nüfuzu olan suveren subyektə çevrildi.
Ümummilli Liderin “bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir” fikri illər keçdikcə daha böyük məna kəsb etdi və özünün ali şərəf zirvəsinə çatdı. Ulu Öndərin siyasi kursunu, dövlətçilik və hərbi quruculuq təlimini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və rəşadətli ordusu 44 günlük Vətən müharibəsində tarixi bir zəfərə imza atdı.
İllərlə işğal altında qalan, həsrətini çəkdiyimiz müqəddəs torpaqlarımız — Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Suqovuşan azad olundu. Hər bir azad edilən şəhər və kəndimizdə müqəddəs üçrəngli bayrağımızın ucaldılması Ümummilli Liderin arzularının reallığa çevrilməsi demək idi. Bu gün Xankəndinin mərkəzi meydanında, Şuşa qalasında və Murovdağ zirvələrində dalğalanan bayrağımız təkcə suverenliyimizin deyil, həm də bütöv Azərbaycanın, milli həmrəyliyimizin və məğlubedilməz hərbi gücümüzün sarsılmaz rəmzidir.
Bu gün müstəqil Azərbaycan dünya birliyində öz qətiyyətli mövqeyi, dinamik inkişaf edən iqtisadiyyatı, güclü ordusu və müstəqil xarici siyasəti ilə seçilən regionun lider dövlətidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası və sarsılmaz dövlətçilik fəlsəfəsi Azərbaycanın parlaq gələcəyinin, əbədi müstəqilliyinin ən möhkəm zəmanətidir.
Dövlətimiz var olduqca, xalqımız bu torpaqlarda azad sahib kimi yaşadıqca dövlət bayrağımız, gerbimiz və himnimiz mənəvi ucalığımızın baş PASPORTU olaraq qalacaqdır. Dünyada müstəqil, azad və qalib Azərbaycan dövləti var və bu dövlət günbəgün güclənir. Üçrəngli bayrağımız isə Ulu Öndər Heydər Əliyevin dediyi kimi, müstəqil Azərbaycanın başı üstündə, beynəlxalq aləmdə və hər bir azərbaycanlının qəlbində daim ucalacaq, bu şərəfli yüksəkliklərdən heç vaxt enməyəcəkdir!
Kərimli Elvin
Yap Ordubad Rayon Təşkilatının əməkdaşı