Üçrəngli bayrağımız – Azərbaycanın müstəqillik salnaməsinin qürur səhifəsi

Üçrəngli bayrağımız – Azərbaycanın müstəqillik salnaməsinin qürur səhifəsi

 

Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik iradəsini ifadə edən müqəddəs rəmzlər vardır. Azərbaycan xalqı üçün bu müqəddəs rəmzlərin ən ucası üçrəngli Dövlət Bayrağımızdır. O, xalqımızın milli yaddaşını, tarixi keçmişini, mənəvi dəyərlərini və müstəqil yaşamaq əzmini özündə birləşdirir. Bu bayrağa baxarkən yalnız üç rəngi deyil, bütöv bir xalqın mübarizə tarixini, arzularını, qürurunu və gələcəyə inamını görürük.

Azərbaycanın üçrəngli bayrağının dövlətçilik tariximizdə özünəməxsus yeri vardır. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən bu bayraq milli istiqlalımızın rəsmi nişanəsinə çevrildi. Cümhuriyyətin ömrü qısa olsa da, onun yaratdığı dövlətçilik ənənələri, milli idealları və üçrəngli bayrağı xalqımızın yaddaşından heç vaxt silinmədi. Sovet hakimiyyəti illərində müstəqillik rəmzimizə çevrilmiş bayrağın yenidən ucaldılması arzusu milli azadlıq düşüncəsinin ayrılmaz hissəsi olaraq yaşadı.

Bu tarixi arzunun gerçəkləşməsi istiqamətində ən cəsarətli addımlardan biri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda atıldı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qəbul edilən qərarlar Azərbaycanın gələcək müstəqilliyinə gedən yolun mühüm siyasi hadisəsinə çevrildi. Həmin gün milli bayrağımızın Naxçıvan Ali Sovetinin iclas salonunda ucaldılması xalqın öz tarixinə, milli kimliyinə və dövlətçilik irsinə qayıdışının ifadəsi idi. Üstəlik, muxtar respublikanın adından sovet ideologiyasını əks etdirən sözlərin çıxarılması milli müstəqillik istiqamətində nümayiş etdirilən siyasi qətiyyətin göstəricisi idi.

Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü böyük tarixi uzaqgörənliyin nəticəsi idi. O, dövlət müstəqilliyinin yalnız siyasi qərarlarla deyil, həm də milli şüurun, dövlətçilik rəmzlərinin və xalqın özünəinamının bərpası ilə möhkəmləndiyini dərindən anlayırdı. Naxçıvanda başlanan bu proses bütövlükdə Azərbaycan üçün mühüm örnək oldu. 1991-ci il fevralın 5-də üçrəngli bayrağımızın dövlət bayrağı kimi qəbul edilməsi isə onun yenidən milli dövlətçiliyimizin rəsmi rəmzinə çevrilməsini təmin etdi. Beləliklə, Naxçıvanda atılan tarixi addım ümumxalq iradəsinin ifadəsinə çevrildi.

Bayrağımızın rəngləri xalqımızın milli-mənəvi dünyasının ayrı-ayrı istiqamətlərini ifadə edir. Mavi rəng türk mənşəyimizə və milli köklərimizə bağlılığımızı, qırmızı rəng müasir inkişaf və tərəqqi amalımızı, yaşıl rəng isə mənəvi-mədəni irsimizi və islam sivilizasiyasına mənsubiyyətimizi əks etdirir. Bu üç məna vahid bir ideyada – azərbaycançılıq məfkurəsində birləşir. Azərbaycançılıq ideyası cəmiyyətimizin həmrəyliyini möhkəmləndirən, müxtəlif nəsilləri və insanları ümumi Vətən sevgisi ətrafında bir araya gətirən mühüm mənəvi dayaqlardan biridir.

Müstəqil Azərbaycanın bugünkü qüdrəti, beynəlxalq aləmdə qazandığı mövqe və əldə etdiyi tarixi nailiyyətlər Dövlət Bayrağımızın daşıdığı mənanı daha da yüksəldib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə olunan tarixi Qələbə xalqımızın onilliklər boyu davam edən Qarabağ həsrətinə son qoydu. 2023-cü ildə dövlət suverenliyimizin tam bərpası isə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu gün üçrəngli bayrağımızın Qarabağın hər guşəsində dalğalanması milli iradəmizin, siyasi qətiyyətimizin və tarixi ədalətin təntənəsidir.

Dövlət rəmzlərinə münasibət hər bir insanın vətəndaşlıq mövqeyini müəyyən edən əsas meyarlardandır. Bayrağa ehtiram göstərmək yalnız bayram günlərində onu ucalarda görməkdən ibarət deyil. Bu, ölkənin qanunlarına hörmət etmək, milli maraqları qorumaq, dövlətin inkişafına töhfə vermək və gələcək nəsillərə müstəqilliyin əsl dəyərini aşılamaq deməkdir. Xüsusilə gənc nəslin Dövlət Bayrağımızın tarixi, mənası və keçdiyi şərəfli yol haqqında dolğun məlumatlandırılması mühüm vəzifələrdəndir. Çünki bayrağını tanıyan, onun uğrunda aparılan mübarizəni dərk edən gənclik dövlətinə daha möhkəm bağlı olur.

9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur və mənəvi məsuliyyət günüdür. Bu tarix bizə xatırladır ki, müstəqillik böyük fədakarlıqlar hesabına qazanılıb, dövlətçilik ənənələrimiz isə xalqımızın iradəsi ilə qorunub yaşadılıb. Üçrəngli bayrağımızın hər dalğalanışı Azərbaycanın azadlıq əzminin, milli birliyinin və sarsılmaz dövlətçilik iradəsinin ifadəsidir. Bayrağımız daim uca olsun, onun kölgəsində yaşayan xalqımızın birliyi və müstəqil dövlətimizin qüdrəti əbədi yaşasın!

 

Səxavət Həsənov

YAP Kəngərli rayon təşkilatının fəalı