Azərbaycan Bayrağı – dövlətçiliyimizin, müstəqilliyimizin və milli qürurumuzun rəmzi

Azərbaycan Bayrağı – dövlətçiliyimizin, müstəqilliyimizin və milli qürurumuzun rəmzi

 

Azərbaycan Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq iradəsini və müstəqil dövlətçilik ənənələrini özündə birləşdirən ən müqəddəs dövlət rəmzlərindən biridir. Üçrəngli bayrağımızın hər dalğalanışı Azərbaycanın şanlı tarixini, xalqımızın mübarizə əzmini və gələcəyə olan inamını ifadə edir. Bu bayraq sadəcə dövlət atributu deyil, hər bir azərbaycanlının qəlbində yaşayan Vətən sevgisinin, milli birliyin və dövlətə sədaqətin təcəssümüdür.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan Bayrağının mahiyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Ulu Öndərin bu fikirləri hər bir vətəndaş üçün mühüm mənəvi çağırışdır. Çünki bayrağa hörmət dövlətə, Vətənə və xalqımızın tarixinə hörmət deməkdir.

Üçrəngli bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələri ilə bağlıdır. 1918-ci ildə qəbul edilmiş milli bayrağımız xalqımızın müstəqillik arzusunun və azadlıq ideallarının rəmzinə çevrilmişdir. Bu tarixi irsin qorunması və yenidən dövlətçilik həyatımıza qaytarılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi əhəmiyyət daşıyır.

1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı yenidən ucaldıldı. Həmin dövrdə sovet hakimiyyətinin mövcudluğuna baxmayaraq, Ulu Öndər böyük siyasi cəsarət və qətiyyət nümayiş etdirərək milli dövlətçilik rəmzlərimizin bərpasına nail oldu. Naxçıvanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması və üçrəngli bayrağın muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilməsi müstəqilliyə doğru atılmış tarixi addım idi. Bu hadisə Azərbaycanın gələcək dövlət müstəqilliyinin ideoloji və siyasi əsaslarının möhkəmləndirilməsində mühüm rol oynadı.

1991-ci il fevralın 5-də Azərbaycan Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verdi. Beləliklə, xalqımızın milli iradəsini ifadə edən müqəddəs rəmz müstəqil dövlətçiliyimizin əsas atributlarından birinə çevrildi.

Bu gün həmin tarixi varislik Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının bayrağımız haqqında söylədiyi “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir” fikirləri milli rəmzlərimizin mənəvi dəyərini bir daha ifadə edir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan beynəlxalq aləmdə mövqelərini möhkəmləndirib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib.

Bakıda Dövlət Bayrağı Meydanının yaradılması da dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın təzahürüdür. Bu möhtəşəm məkan Azərbaycanın müstəqilliyini, milli qürurunu və dövlətçilik əzmini nümayiş etdirir. Burada dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşa Vətənə bağlılığı, dövlətə sədaqəti və milli məsuliyyəti xatırladır.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə bayrağımızın mənəvi ucalığını daha da yüksəltdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bu gün üçrəngli bayrağımızın Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə və digər doğma torpaqlarımızda dalğalanması xalqımızın çoxəsrlik arzusunun gerçəkləşməsidir.

Heydər Əliyevin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə... o, bu bayraq altında birləşməlidir” çağırışı bu gün də öz aktuallığını qoruyur. Milli birliyimiz, həmrəyliyimiz və dövlətçilik dəyərlərimiz Azərbaycanın gələcək inkişafının əsas təminatıdır. Xüsusilə gənc nəslin bayrağımızın tarixi və mənəvi mahiyyətini dərindən dərk etməsi vacibdir. Çünki bayrağa sevgi Vətənə sevgidən, dövlətə sədaqətdən və milli kimliyə bağlılıqdan başlayır.

Azərbaycan Bayrağı bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. O, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı, xalqımızın mübarizəsi və dövlətimizin qüdrəti ilə ucalıb. Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın, müstəqil Azərbaycanımız əbədi yaşasın!

 

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini