Şuşa Zəfəri – qətiyyətli siyasət və milli birliyin nəticəsi

Şuşa Zəfəri – qətiyyətli siyasət və milli birliyin nəticəsi

 

Meydanəli Yolçiyev

​​​YAP Daşkəsən rayon təşkilatının sədri

Şuşanın azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən, milli iradəmizin və dövlət qüdrətimizin təntənəsindən biridir. Bu möhtəşəm Zəfərə aparan yolun təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan böyük iqtisadi və hərbi gücə malik dövlətə çevrilmişdir. Ordumuzun müasirləşdirilməsi, müdafiə potensialının artırılması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi və xalqımızın milli həmrəyliyinin gücləndirilməsi torpaqlarımızın işğaldan azad olunması üçün möhkəm zəmin yaratmışdır. 44 günlük Vətən müharibəsində nümayiş etdirilən siyasi iradə, hərbi qüdrət və xalq-ordu birliyi bu hazırlığın möhtəşəm nəticəsini ortaya qoydu.

Prezident İlham Əliyevin müharibənin ilk günlərindən Şuşanın azad edilməsinin xüsusi əhəmiyyətini vurğulayırdı. Dövlətimizin başçısı dəfələrlə bəyan edirdi ki, Şuşasız Qarabağ məsələsi öz həllini tapmış hesab edilə bilməz. Nəhayət, 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad etdi. Dağlardan, meşələrdən, sıldırım qayalardan keçərək şəhərə daxil olan igid əsgər və zabitlərimizin göstərdiyi şücaət hərb tariximizə unudulmaz səhifə kimi yazıldı. Şuşa əməliyyatı Vətən müharibəsinin həlledici mərhələsi olmaqla yanaşı, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, əsgər zabitlərimizin iradəsi və torpaq sevgisinin dünyaya nümayişi idi.

Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı uzun illər ürəyində yaşatdığı müqəddəs arzusuna qovuşdu. Prezident İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edərək “Əziz Şuşa, sən azadsan!” bəyanatı isə yaddaşlara qızıl hərflərlə həkk olundu. Dövlətimizin başçısının ata vəsiyyətini yerinə yetirməsi, Ulu Öndər Heydər Əliyevin arzusunu gerçəkləşdirməsi bu Qələbənin mənəvi tərəfini daha da zənginləşdirdi. Şuşanın azad olunması həm də xalqımızın tarixi ədaləti bərpa etmək əzminin təntənəsi idi.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa olundu. Beləliklə, Şuşanın azad edilməsi ilə başlanan tarixi proses məntiqi sonluğuna çatdı. Bu gün Qarabağda üçrəngli bayrağımızın dalğalanması, dövlətimizin qanunlarının bütün ərazilərimizdə qüvvədə olması xalqımızın əldə etdiyi tarixi nailiyyətin bariz ifadəsidir.

Müharibədən dərhal sonra Şuşa şəhərində genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Zəfər Yolu salındı, yaşayış binaları, sosial obyektlər və turizm infrastrukturu yenidən quruldu, tarixi-mədəni abidələr bərpa edildi. Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərinin əvvəlki yerlərinə qaytarılması milli yaddaşımıza və mədəni irsimizə göstərilən ehtiramın rəmzinə çevrildi. Şuşanın tarixi memarlıq simasının qorunması, onun müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl işlər görülür.

Şəhərin beynəlxalq mədəni nüfuzunun bərpası da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı statusunu daşıyıb. 2022-ci ilin “Şuşa İli” elan edilməsi, şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi onun gələcək inkişafının uzunmüddətli və sistemli əsaslarla qurulduğunu göstərir. 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi isə Şuşanın beynəlxalq miqyasda artan nüfuzunun növbəti ifadəsidir.

Şuşanın dirçəlişinin ən mühüm göstəricilərindən biri doğma sakinlərinin öz yurdlarına qayıtmasıdır. İllərlə həsrətində olduğumuz bu torpaqda artıq həyat yenidən canlanır, ailələr doğma evlərinə qayıdır, yeni yaşayış məkanları salınır. 23 oktyabr 2026-cı il tarixinə Şuşa şəhərində, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərində ümumilikdə 420 ailə, 1579 nəfər məskunlaşıb. Bu rəqəmlər Böyük Qayıdışın real nəticələrini, dövlətimizin qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirildiyini göstərir.

Bu gün Şuşa azadlığın, milli birliyin, tarixi yaddaşın və quruculuğun rəmzidir. Vaxtilə işğalın ağır izlərini daşıyan şəhər indi yenidən Azərbaycanın mədəni həyatının mərkəzinə çevrilir. Şuşada keçirilən beynəlxalq tədbirlər, festivallar, musiqi günləri və mədəniyyət layihələri şəhərin əvvəlki şöhrətini qaytarmaqla yanaşı, onu dünya miqyasında tanıdır.

8 Noyabr – Şuşa şəhəri günü xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin müqəddəs xatirəsini və Azərbaycan dövlətinin qüdrətini ehtiramla yad etdiyimiz əlamətdar tarixdir. Şuşanın azadlığına gedən yolda canından keçən şəhidlərimizin əziz xatirəsi daim yaşayacaqdır.