Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
8 Noyabr – Zəfər Günü xalqımızın azadlıq və ədalət uğrunda mübarizəsinin, Vətən sevgisinin, milli birliyinin və qəhrəmanlığının təntənəsi kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılıb. Zəfər Günü sadəcə hərbi qələbənin qeyd edilməsi deyil. Bu gün uzun illər doğma torpaqlarının işğalı ilə barışmayan, yurd həsrəti ilə yaşayan, tarixi ədalətin bərpasına inamını itirməyən bir xalqın böyük arzusunun gerçəkləşdiyi gündür. Bu Zəfər Azərbaycan dövlətinin gücünü, xalqımızın iradəsini, Ordumuzun döyüş qabiliyyətini və milli həmrəyliyimizi bütün dünyaya nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. 44 gün davam edən müharibə ərzində rəşadətli Azərbaycan Ordusu böyük əzmkarlıq, peşəkarlıq və qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu müharibə xalqımızın öz torpaqlarına bağlılığının, milli qürurunun və dövlət suverenliyinə sadiqliyinin real ifadəsinə çevrildi. Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının siyasi iradəsi, ardıcıl diplomatik fəaliyyəti, informasiya cəbhəsində nümayiş etdirdiyi prinsipial mövqe və Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasət qələbənin mühüm amillərindən oldu. Müharibə günlərində Prezidentin xalqa müraciətləri, beynəlxalq mediaya verdiyi müsahibələr Azərbaycanın haqq mövqeyinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Zəfər tariximizin zirvəsi isə heç şübhəsiz, 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, milli-mənəvi dəyərlərimizin rəmzi olan Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Müzəffər Ali Baş Komandanın Şəhidlər xiyabanından xalqa müraciət edərək Şuşanın azad olunduğunu elan etməsi hər bir azərbaycanlının yaddaşına əbədi həkk olundu.
Şuşa Zəfəri Azərbaycan xalqının tarixi yaddaşına, mədəniyyətinə və milli kimliyinə qayıdışının rəmzi idi. Uzun illər həsrətlə gözlənilən bu qayıdış xalqımızın mənəvi gücünü və Vətən sevgisini bir daha nümayiş etdirdi. Məhz Şuşanın azad olunmasının tarixi əhəmiyyəti nəzərə alınaraq 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü elan edildi. Bu möhtəşəm qələbənin arxasında minlərlə igid Azərbaycan övladının fədakarlığı dayanır. Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin göstərdiyi şücaət xalqımızın heç zaman unutmayacağı müqəddəs tarixdir. Onlar öz canları və qanları bahasına Azərbaycan xalqına qələbə sevinci, gələcək nəsillərə isə azad və bütöv Vətən miras qoydular. Bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşının borcu şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə diqqət və qayğı göstərməkdir.
44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, xalqın birliyi və dövlətin gücü qarşıya qoyulan ən böyük məqsədlərin reallaşmasında həlledici amildir. Müharibə dövründə bütün Azərbaycan xalqı vahid amal ətrafında birləşdi. Cəbhədə əsgər və zabitlərimiz döyüşdüyü halda, arxa cəbhədə hər bir vətəndaş öz dəstəyi və həmrəyliyi ilə bu mübarizənin iştirakçısına çevrildi. Xalq–ordu birliyi Azərbaycan tarixində misilsiz nümunə kimi yadda qaldı.
Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda başlanan genişmiqyaslı bərpa və quruculuq işləri qələbəmizin yeni mərhələsini təşkil edir. Uzun illər dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, yollar, tunellər, hava limanları, yaşayış kompleksləri və sosial infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Bir zamanlar məcburi köçkünlük ağrısı yaşayan insanlar bu gün öz ata-baba torpaqlarında yeni həyat qururlar. Bu proseslər göstərir ki, Azərbaycan üçün Zəfər yalnız müharibənin başa çatması demək deyildi. Zəfər həm də dağıdılmış yurdların dirçəldilməsi, tarixi-mədəni irsin qorunması, iqtisadi potensialın bərpası və regionun gələcək inkişafı üçün yeni imkanların yaradılmasıdır. Qarabağ və Şərqi Zəngəzur bu gün quruculuğun, yenilənmənin və həyatın yenidən canlanmasının ünvanına çevrilir.
8 Noyabrın əhəmiyyəti həm də ondan ibarətdir ki, bu tarix gələcək nəsillərə vətənpərvərlik, milli məsuliyyət və dövlətə sədaqət nümunəsi aşılayır. Zəfər salnaməsi gənclərimizə öyrədir ki, Vətəni sevmək yalnız sözlə deyil, bilik, zəhmət, məsuliyyət və lazım gəldikdə fədakarlıqla sübut olunur. Bu günün qəhrəmanlarını tanımaq, onların keçdiyi şərəfli yolu gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.
Bu gün Azərbaycan Zəfər Gününü ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş, öz gücünə və imkanlarına arxalanan dövlət kimi qeyd edir. 8 Noyabr xalqımızın tarixi yaddaşında əbədi yaşayacaq, milli birliyimizin və dövlətçilik iradəmizin rəmzi olaraq gələcək nəsillərə ötürüləcəkdir.
Zəfər Günü hər bir azərbaycanlının qürur günüdür. Bu qürur şəhidlərimizin müqəddəs qanından, qazilərimizin qəhrəmanlığından, əsgər və zabitlərimizin şücaətindən, xalqımızın sarsılmaz birliyindən qaynaqlanır. 8 Noyabr – xalqımızın iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və dövlətimizin qüdrətinin təntənəsidir. Bu Zəfər tariximizdir, qürurumuzdur və gələcəyə inamımızdır!