Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
8 Noyabr Azərbaycan xalqının yaddaşında yalnız hərbi qələbənin əldə edildiyi gün deyil, həm də uzun illər davam edən həsrətin, ağrı-acının, məcburi köçkünlük həyatının başa çatdığı, milli qürurun və tarixi ədalətin bərpa olunduğu gündür.
Azərbaycan xalqı bu Zəfərə gedən yolda böyük sınaqlardan keçib. Torpaqlarımızın işğalı nəticəsində bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşərək qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olub. İnsanlarımız illərlə ata-baba yurduna qayıtmaq arzusu ilə yaşayıb, doğma evlərinin, kəndlərinin, şəhərlərinin həsrətini çəkiblər. Bu, sadəcə ərazi itkisi deyildi, milyonlarla insanın taleyinə təsir edən ağır humanitar faciə idi.
Prezident İlham Əliyevin işğal dövründə səsləndirdiyi fikirlər isə həmin illərdə dövlətimizin qarşısında duran əsas vəzifəni aydın ifadə edirdi: azadlıq gününü gözləməklə kifayətlənməmək, hər bir sahədə görülən işlərlə bu müqəddəs günü yaxınlaşdırmaq. Dövlət quruculuğu, iqtisadi inkişaf, beynəlxalq münasibətlər, ordu quruculuğu və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi bu məqsədə xidmət edən istiqamətlər idi.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi həmin hazırlığın, milli həmrəyliyin və Azərbaycan Ordusunun döyüş qabiliyyətinin tarixi nəticəsini nümayiş etdirdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi müharibənin taleyində həlledici mərhələ oldu. Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində Şuşanın azadlığını elan etməsi Azərbaycanın müasir tarixinə əbədi həkk olundu.
Zəfərə aparan yolun əsas amillərindən biri: güclü ordu və milli müdafiə sənayesi
Vətən müharibəsində əldə etdiyimiz Qələbə təsadüfi hadisə deyildi. Bu Zəfərin arxasında uzun illər ərzində həyata keçirilən ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi, müdafiə sənayesinin inkişafı, müasir texnologiyaların tətbiqi və peşəkar hərbi kadrların hazırlanması dayanırdı. Azərbaycan öz hərbi qüdrətini yalnız canlı qüvvə və silahlanma ilə deyil, həm də müasir döyüş strategiyası, çevik idarəetmə və texnoloji imkanlarla nümayiş etdirdi.
Bu baxımdan hərbi sənaye kompleksinin inkişafı dövlətimizin təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biridir. Müasir dövrdə hər bir dövlətin müdafiə qabiliyyəti onun yalnız ordusunun say və texniki göstəriciləri ilə deyil, həm də öz hərbi ehtiyaclarını daxili istehsal hesabına qarşılamaq imkanları ilə müəyyən olunur.
Azərbaycanın müdafiə sənayesinin inkişafı istiqamətində atılan addımlar bu strateji məqsədə xidmət edir. 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə bu sahədə yeni mərhələnin əsası qoyulub. 2023-cü ildə isə “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması istehsalın təşkili, idarəetmənin təkmilləşdirilməsi və yerli hərbi-texniki imkanların genişləndirilməsi baxımından yeni institusional mərhələ açıb.
Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində açıqladığı məlumatlar müdafiə sənayesində baş verən dəyişikliklərin miqyasını göstərir. Dövlət başçısının bildirdiyinə görə, 2024–2025-ci illərdə yeni istehsal sahələrinin yaradılması və mövcud müəssisələrin genişləndirilməsi üçün bir milyard manat investisiya yatırılıb. Bunun yarısı özəl sektorun payına düşüb. Yeddi özəl şirkət artıq hərbi məhsullar istehsalına başlayıb, Azərbaycanın hərbi məhsulları isə təxminən 20 ölkəyə ixrac olunur.
Bu göstəricilər müdafiə sənayesinin artıq yalnız ordunun təchizatını təmin edən sahə deyil, eyni zamanda iqtisadiyyatın sənaye, texnologiya, elmi tədqiqat və ixrac potensialını birləşdirən mühüm istiqamətə çevrildiyini göstərir.
Hərbi sənaye kompleksinin gələcək inkişaf strategiyası bir neçə əsas istiqaməti əhatə etməlidir. İlk növbədə, yerli istehsal imkanlarının genişləndirilməsi, müasir silah və hərbi texnikanın hazırlanması, pilotsuz uçuş aparatları, elektron sistemlər, rabitə vasitələri və döyüş sursatlarının istehsalında texnoloji imkanların artırılması vacibdir. Bununla yanaşı, elmi-tədqiqat müəssisələri ilə müdafiə sənayesi arasında əməkdaşlığın gücləndirilməsi, mühəndis və texniki mütəxəssislərin hazırlanması, özəl sektorun prosesə cəlb edilməsi də mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi müdafiə sənayesinin rəqabət qabiliyyətini artıran amillərdir. Əsas məqsəd Azərbaycan Ordusunun müasir tələblərə uyğun təchizatını təmin etməklə yanaşı, ölkəmizin bu sahədə regional istehsal və texnologiya mərkəzlərindən birinə çevrilməsi imkanlarını genişləndirməkdir.
Zəfərin mənəvi məsuliyyəti və gələcək nəsillərə ötürülən miras
8 Noyabr – Zəfər Günü bizim üçün həm də böyük mənəvi məsuliyyətdir. Çünki bu Qələbə minlərlə şəhidimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına qazanılıb. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizə diqqət və qayğı göstərmək, müharibə iştirakçılarının xidmətlərini daim yüksək qiymətləndirmək hər birimizin borcudur.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı Zəfərin real nəticələrini nümayiş etdirir. Bir zamanlar dağıdılmış, viran qoyulmuş şəhər və kəndlərimiz yenidən qurulur, həyat öz axarına qayıdır. İnsanlarımız uzun illər həsrətində olduqları doğma yurdlarında yeni həyata başlayırlar.
Mən hesab edirəm ki, Zəfər Gününün ən mühüm dərslərindən biri milli birliyin, dövlətçilik düşüncəsinin, iqtisadi və hərbi gücün qorunmasının əhəmiyyətidir. Bu gün əldə etdiyimiz tarixi nəticələri qorumaq, dövlətimizin müdafiə qabiliyyətini daim gücləndirmək, elmi və texnoloji inkişafı sürətləndirmək gələcək nəsillər qarşısında məsuliyyətimizdir.
Prezident İlham Əliyevin işğal dövründə səsləndirdiyi həmin fikirlər bu gün də öz aktuallığını qoruyur: “Hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.”
Bu sözlər yalnız keçmişə verilən qiymət deyil, həm də gələcəyə ünvanlanan mühüm mesajdır. Çünki Zəfəri qazanmaq qədər onu qorumaq, möhkəmləndirmək və gələcək inkişaf üçün möhkəm təmələ çevirmək də vacibdir.
8 Noyabr – Azərbaycan xalqının tarixində milli iradənin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyin rəmzidir. Bu tarix bizə bir daha göstərdi ki, məqsədinə inanan, birliyini qoruyan, iqtisadi və hərbi gücünü artıran xalq qarşısına qoyduğu tarixi vəzifələri yerinə yetirmək əzminə malikdir.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, Azərbaycanımız daim müstəqil və suveren olsun!
Qarabağ Azərbaycandır!