44 günlük Vətən müharibəsinin şanlı tacı olan Şuşanın azad edilməsi Azərbaycanın hərb və diplomatiya tarixinə silinməz hərflərlə yazılmış unudulmaz Zəfər günüdür. Əsrlər boyu Qarabağın mədəniyyət, incəsənət və strateji mərkəzi olan Şuşanın işğaldan azad olunması təkcə ərazi bütövlüyümüzün bərpası deyil, hətta milli ruhun, tarixi ədalətin və bütöv bir xalqın qürurunun təntənəsidir. Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə 8 Noyabrın məhz Şuşa Şəhəri Günü kimi təsis edilməsi qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaətinə, xalqımızın dəmir birliyinə və dirçələn Qarabağın parlaq gələcəyinə verilən ən ali töhfədir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə, qələbə müjdəsinin və milli qürurun ən parlaq rəmzinə çevrilmişdir.
Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsində parlaq qələbəmizin qazanılmasında olduqca həlledici amil oldu. Azərbaycanın incisi hesab olunan Şuşa ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biridir. Dövlətimizin başçısının müdrikliyi, qətiyyəti, Azərbaycan Ordusunun gücü, peşəkarlığı sayəsində noyabrın 8-də Şuşa şəhəri işğalçılardan azad edildi. Şuşa əməliyyatında Azərbaycan oğullarının nümayiş etdirdikləri şücaət dünya hərb tarixində misilsiz qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir. Yüngül silahlarla silahlanmış əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək şəhərə daxil oldular, düşməni məhv edərək Qarabağın döyünən qəlbi olan Şuşadan qovdular.
Şuşa Azərbaycan xalqı üçün milli simvoldur. Bu səbəbdəndir ki, Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması barədə xəbəri xalqa çatdırmasından sonra insanlar əllərində bayraqlar küçə və prospektlərdə bayram əhval-ruhiyyəsində bu tarixi günü qeyd edirdi. 28 il idi ki, Şuşa düşmən əsarətində idi. 28 il idi ki, mədəniyyətimiz də, tariximiz də əsarətdə idi. Şuşanın azad olunması qəhrəmanlıq salnaməsidir.Şuşanın işğaldan azad olunduğu gün Azərbaycan xalqının əbədi olaraq hər il misilsiz bayram əhval-ruhiyyəsi ilə qeyd edəcəyi şanlı tarixə çevrildi. Artıq 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinə əbədi yazılıb. Təsadüfi deyil ki, Şuşanın işğaldan azad olunduğu tarix Prezident İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü elan edildi.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu Şuşanın azad edilməsi ilə kifayətlənməyərək, 2023-cü ilin sentyabr ayında Zəfər yürüşünün davamı olan uğurlu antiterror əməliyyatı keçirərək, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü təmin olundu.
2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixi Şuşa Şəhəri Günü kimi qeyd olunur. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı tarix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Şuşa şəhərinə 2021–2026-cı illər ərzində həyata keçirdiyi səfərlər ərazinin hərtərəfli bərpası, sosial-iqtisadi infrastrukturun qurulması və şəhərin beynəlxalq diplomatik mərkəzə çevrilməsi baxımından müstəsna strateji əhəmiyyət daşıyır. Bu səfərlər çərçivəsində Zəfər yolunun, "Şuşa" yarımstansiyasının, hotellərin və "Sadıqcanın evi" kimi tarixi-mədəni abidələrin açılışı edilmiş, yeni məscidlərin, məktəb və Mərkəzi Xəstəxananın təməlləri atılmış, həmçinin Kiçik Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşlər keçirilmişdir. Eyni zamanda, "Xarıbülbül" festivalı və Qlobal Media Forumu kimi mötəbər tədbirlərə ev sahibliyi edən Şuşada Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri başda olmaqla xarici dövlət və rəsmi nümayəndə heyətləri rəsmi səviyyədə qəbul olunaraq şəhərin həm dirçəlişi, həm də qlobal miqyasda nüfuzunun artması təmin edilmişdir.
Bu gün sürətlə bərpa olunan, öz tarixi simasını qoruyaraq müasirləşən Şuşa təkcə keçmişimizin və mədəniyyətimizin beşiyi deyil, həm də dövlətimizin qüdrətinin, xalqımızın sarsılmaz iradəsinin və Qarabağda başlayan yeni inkişaf erasının parlaq rəmzidir. Şuşanın azadlığı ilə başlayan bu zəfər salnaməsi gələcək nəsillərə qürurla ötürüləcək əbədi bir irs, Azərbaycanın qalib dövlət kimi işıqlı gələcəyə doğru atdığı inamlı və geridönməz addımların bariz təcəssümüdür.
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri