8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının milli qürur tarixində əbədi yaşayacaq möhtəşəm bir hadisədir. Bu gün xalqımızın iradəsinin, milli birliyinin, dövlətimizin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının təntənəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdı. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi isə bu Qələbənin ən mühüm və rəmzi hadisələrindən biri kimi tarixə yazıldı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uzun illər davam edən işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi missiyanı yerinə yetirdi. Bu Zəfər yalnız hərbi uğur deyil, həm də xalqımızın milli ruhunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin nümayişi oldu. Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi, regionda yeni siyasi və geosiyasi reallıqlar formalaşdırdı.
Zəfərdən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi oldu. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və prinsipial xarici siyasət nəticəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində mühüm tarixi nəticələr əldə edildi. Uzun illər münaqişə şəraitində yaşayan regionda sülh gündəliyinin ön plana çıxarılması Azərbaycanın siyasi iradəsinin və diplomatik fəaliyyətinin mühüm göstəricisidir.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması və birgə bəyannamənin imzalanması normallaşma prosesində əlamətdar mərhələ oldu. Bu hadisə regionda uzunmüddətli sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü sülh təşəbbüsləri ölkəmizin müharibədən sonra da regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə vermək niyyətini nümayiş etdirir. Beləliklə, 8 Noyabr Zəfəri yalnız keçmişdə qazanılmış tarixi Qələbə deyil, həm də gələcək sülhün və regional əməkdaşlığın möhkəm təməlidir.
Zəfərin əldə olunmasında qəhrəmanlıq göstərən hərbçilərimizin, şəhidlərimizin və qazilərimizin fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq. Məhz onların Vətənə bağlılığı, döyüş əzmi və misilsiz qəhrəmanlığı sayəsində Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi. Bu baxımdan, müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə göstərilən yüksək dövlət qayğısı xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, tibbi və reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatının yaxşılaşdırılması, onların mənzil və avtomobillərlə təmin olunması, reabilitasiya vasitələri ilə dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Eyni zamanda, müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası, onların bilik və bacarıqlarına uyğun işlə təmin edilməsi üçün müxtəlif proqramlar reallaşdırılır.
Bu diqqət və qayğı yalnız sosial dəstək tədbirləri ilə məhdudlaşmır. Bu, Vətən uğrunda canından keçənlərin xatirəsinə, sağlamlığını itirənlərin fədakarlığına verilən yüksək dəyərin ifadəsidir. Dövlətimizin şəhid ailələrinə və qazilərə münasibəti milli həmrəyliyin, vətəndaş məsuliyyətinin və mənəvi dəyərlərə sədaqətin bariz nümunəsidir.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri də Qələbəmizin real nəticələrindəndir. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun yenidən qurulması, şəhər və kəndlərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın gələcəyə inamla baxdığını göstərir. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən tədbirlər torpaqlarımızda həyatın yenidən canlanmasına, iqtisadi və sosial inkişafın təmin olunmasına xidmət edir.
Bu gün Azərbaycan Zəfər tarixinin yaratdığı yeni imkanlardan istifadə edərək sülh, təhlükəsizlik və inkişaf hədəflərinə doğru inamla irəliləyir. Ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi, regionda yeni əməkdaşlıq perspektivlərinin yaranması və milli birliyimizin daha da möhkəmlənməsi 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin davamlı nəticələridir.
8 Noyabr – Zəfər Günü bizə bir daha xatırladır ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli liderlik ən mürəkkəb tarixi sınaqlardan uğurla çıxmağın əsas şərtləridir. Bu möhtəşəm Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün vətənpərvərlik, qəhrəmanlıq və milli qürur nümunəsi olacaqdır. Zəfərimiz müstəqil Azərbaycanın gücünün, xalqımızın əyilməz iradəsinin və dövlətimizin tarixi əzminin təntənəsidir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri