Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti

Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti

Elməddin Abbasov

YAP Ağdam rayon təşkilatının əməkdaşı

2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tariximizi yazdı. İğid əsgər və zabitlərimiz şücaət göstərərək yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın tacı Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Şuşa təkcə möhtəşəm memarlığı və təbii gözəlliyi ilə deyil, həm də xalqımızın mənəvi və mədəni həyatında oynadığı rolu ilə seçilmişdir. Burada yaranan ədəbi və bədii mühit Azərbaycan mədəniyyətinin formalaşmasına böyük töhfə vermiş, Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan, Sadıqcan, Cabbar Qaryağdıoğlu kimi dahi sənətkarlar bu torpaqdan boy göstərmişlər. Şuşa həmçinin muğamın beşiyi kimi tanınaraq, xalq musiqimizin, milli ruhumuzun və incəsənətimizin simvoluna çevrilmişdir. Bu şəhər uzun illər boyu Azərbaycan ziyalılığının, azərbaycançılıq düşüncəsinin və milli birliyin ocağı olmuş, xalqın mənəvi dirənişinin rəmzi kimi tarixə düşmüşdür.

Azadlıqdan sonra Prezident İlham Əliyevin təşəbbüsü və birbaşa nəzarəti altında Şuşanın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Qısa müddət ərzində şəhərdə mühüm infrastruktur layihələri icra olunmuş, yollar, elektrik və su xətləri çəkilmiş, yeni yaşayış məhəllələri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri, muzeylər və turizm obyektləri inşa edilmişdir.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə Şuşa şəhərinə “Azərbaycan mədəniyyətinin paytaxtı” statusu verilmiş, burada “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri”, beynəlxalq konfranslar və dövlət səviyyəli tədbirlər bərpa olunmuşdur. Bu tədbirlər Şuşanın qədim mədəni ruhunun yenidən dirçəlməsinə, Azərbaycanın dünyada mədəni mərkəz kimi tanınmasına böyük töhfə verməkdədir. Dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə təşəbbüsləri nəticəsində Şuşanın memarlıq siması qorunmaqla müasir tələblərə uyğun şəkildə bərpa edilir, şəhərin tarixi abidələri – Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri, Natəvanın evi, Vaqifin məqbərəsi, Xan qızı bulağı və digər mədəni irs nümunələri öz əvvəlki görkəminə qovuşur.

Bu gün Şuşa təkcə Qarabağın deyil, bütün Azərbaycanın dirçəliş, qürur və milli birliyin rəmzi kimi yaşayır.

Məhz bütün bu amillər nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il may ayının 7-də imzaladığı Sərəncam ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Bu Sərəncam Şuşa şəhərinin əvvəlki statusunun bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması, xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin dünyada tanıdılmasına xidmət edir.