Mədəniyyətlərarası dialoq: qlobal həmrəyliyə və davamlı sülhə doğru

Mədəniyyətlərarası dialoq: qlobal həmrəyliyə və davamlı sülhə doğru

Qloballaşan dünyada siyasi, iqtisadi və sosial münasibətlərin mürəkkəbləşdiyi, regional münaqişələrin və humanitar çağırışların artdığı bir şəraitdə xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın möhkəmləndirilməsi xüsusi aktuallıq kəsb edir. Müxtəlif mədəniyyətlərin və dini dünyagörüşlərinin qarşılıqlı hörmət şəraitində bir araya gəlməsi, fikir ayrılıqlarının dialoq yolu ilə müzakirə edilməsi və ortaq dəyərlər ətrafında əməkdaşlığın genişləndirilməsi davamlı sülhün əsas şərtlərindəndir. Məhz bu baxımdan mədəniyyətlərarası dialoq müasir beynəlxalq münasibətlər sistemində mühüm mənəvi, siyasi və ictimai əhəmiyyət daşıyır.

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etdiyi və geniş məzmunlu çıxış etdiyi Forum dünyanın 100-dən artıq ölkəsindən 2000-dən çox iştirakçını, o cümlədən dövlət və hökumət nümayəndələrini, beynəlxalq təşkilatların rəhbərlərini, diplomatları, elm və mədəniyyət xadimlərini, ekspertləri bir araya gətirib. Beynəlxalq tərəfdaşların iştirakı ilə təşkil olunan bu mötəbər tədbir mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafı, qlobal çağırışların müzakirəsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Forumun ötən 15 il ərzində beynəlxalq miqyasda nüfuzlu və əhatəli dialoq platformasına çevrildiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan bu beynəlxalq tədbir artıq müxtəlif sivilizasiyaların nümayəndələrini bir araya gətirən, aktual qlobal məsələlərin müzakirəsinə imkan yaradan mühüm platformadır. Forumun hər iki ildən bir keçirilməsi onun davamlılığını və beynəlxalq əməkdaşlıq sistemindəki yerini daha da möhkəmləndirib.

Prezidentin çıxışında Azərbaycanın tarixi-mədəni mövqeyi, zəngin multikulturalizm ənənələri və tolerantlıq dəyərləri xüsusi vurğulanıb. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qarşılıqlı əlaqədə olduğu məkan kimi tanınıb. Bu coğrafi və tarixi xüsusiyyət ölkəmizdə fərqli etnik və dini qrupların dinc yanaşı yaşaması, qarşılıqlı hörmət və anlaşma mühitinin formalaşması üçün əlverişli zəmin yaradıb. Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün etnik və dini qrupların nümayəndələri Konstitusiya ilə eyni hüquqlara malikdir və cəmiyyətin ayrılmaz tərkib hissəsi kimi ölkənin ictimai həyatında iştirak edirlər.

Bu fikirlər Azərbaycanın dövlət siyasətində multikulturalizm və tolerantlıq prinsiplərinin mühüm yer tutduğunu bir daha nümayiş etdirir. Mədəni müxtəlifliyə hörmət yalnız ayrı-ayrı xalqların və dini icmaların birgəyaşayışını təmin edən prinsip deyil, həm də cəmiyyətin mənəvi bütövlüyünü, ictimai sabitliyini və milli həmrəyliyini gücləndirən mühüm amildir. Müxtəlifliyə hörmətin qorunması, insanların etnik və dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlarının təmin edilməsi müasir dövlətçilik və sağlam ictimai münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev çıxışında milli birlik və həmrəyliyin Azərbaycanın müstəqillik tarixindəki roluna da diqqət çəkib. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizin ən çətin sınaqlarla üzləşdiyi dövrlərdə xalqımızın müxtəlif etnik və dini qruplarının nümayəndələri vahid amal və məqsəd ətrafında birləşərək həmrəy mövqe nümayiş etdiriblər. Bu birlik Azərbaycanın dövlətçilik iradəsinin, milli kimliyinin və ictimai həmrəyliyinin mühüm göstəricisidir. Cəmiyyətin bütün təbəqələrinin ortaq dəyərlər ətrafında birləşməsi dövlətin dayanıqlı inkişafı və milli maraqların qorunması baxımından əvəzsiz əhəmiyyətə malikdir.

Dövlət başçısının çıxışında beynəlxalq münasibətlər sistemində mövcud olan problemlər, beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət məsələləri də geniş yer alıb. Prezident ikili standartların beynəlxalq münasibətlərdə etimadı zəiflətdiyini vurğulayaraq, beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icra mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyini qeyd edib. Bu yanaşma beynəlxalq münasibətlərdə ədalət, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinin ardıcıl tətbiqinin zəruriliyini bir daha ön plana çıxarır.

Çıxışda Azərbaycanın münaqişədən sonrakı dövrdə sülh və əməkdaşlığa verdiyi önəm də diqqətə çatdırılıb. Prezident İlham Əliyev 2020-ci il Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini bildirib. Dövlət başçısı Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etdiyini, regionda davamlı sülhün və sabitliyin təmin olunmasının vacibliyini vurğulayıb. Bu məqam bir daha göstərir ki, münaqişələrin həlli yalnız hərbi və siyasi nəticələrlə məhdudlaşmamalı, gələcək münasibətlərin sülh, qarşılıqlı etimad və əməkdaşlıq prinsipləri əsasında qurulmasını da əhatə etməlidir.

Forumun əhəmiyyəti Azərbaycanın beynəlxalq dialoq təşəbbüslərinin inkişafı ilə də sıx bağlıdır. 2008-ci ildə başlanmış Bakı Prosesi müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın təşviqinə, dinlərarası əməkdaşlığın genişləndirilməsinə və beynəlxalq dialoqun gücləndirilməsinə xidmət edir. 2011-ci ildən etibarən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu təşəbbüsün məntiqi davamı olaraq Azərbaycanın beynəlxalq əməkdaşlıq gündəliyində mühüm yer tutur. Bu platforma müxtəlif ölkələrin nümayəndələrinə yalnız fikir mübadiləsi aparmaq deyil, həm də ortaq problemlərin həlli istiqamətində birgə yanaşmalar formalaşdırmaq imkanı verir.

Oktyabrın 27–29-da keçirilən VII Forum çərçivəsində mədəniyyətlərarası və dinlərarası münasibətlər, beynəlxalq əməkdaşlıq, sülh quruculuğu, gənclərin dialoq prosesində iştirakı, rəqəmsal mühitdə mədəniyyətlərarası bacarıqlar və müasir texnologiyaların cəmiyyətlərə təsiri kimi aktual məsələlər diqqət mərkəzində olub. Bu mövzuların müzakirəsi bir daha təsdiqləyir ki, mədəniyyətlərarası dialoq yalnız ənənəvi mədəni əlaqələrin qorunması ilə məhdudlaşmır. O, eyni zamanda təhsil, informasiya mühiti, rəqəmsal inkişaf, ictimai maarifləndirmə və beynəlxalq əməkdaşlıq kimi sahələri də əhatə edir.

Müasir informasiya cəmiyyətində dezinformasiya, nifrət nitqi, ayrı-seçkilik və sosial qütbləşmə kimi təhlükələrin artması dialoq mədəniyyətinin inkişafını daha da zəruri edir. Belə bir şəraitdə təhsilin, maarifləndirmənin və media savadlılığının gücləndirilməsi, xüsusilə gənc nəslin qarşılıqlı hörmət və humanizm prinsipləri əsasında formalaşdırılması mühüm əhəmiyyət daşıyır. Gənclərin beynəlxalq dialoq platformalarına cəlb edilməsi onların fərqli mədəniyyətləri tanımasına, dünyagörüşünün genişlənməsinə və qlobal problemlərə daha məsuliyyətli yanaşmasına şərait yaradır.

Forumda beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları da mədəniyyətlərarası dialoqun qlobal səviyyədə aktuallığını bir daha nümayiş etdirib. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı, UNESCO, ICESCO və UN Tourism kimi qurumların iştirakı bu platformanın beynəlxalq tərəfdaşlıq baxımından əhəmiyyətini artırır. Bu əməkdaşlıq dialoqun yalnız fikir mübadiləsi səviyyəsində qalmaması, konkret təşəbbüslərə və praktiki fəaliyyətə çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya sahəsində təşəbbüskar mövqeyini bir daha nümayiş etdirib. Bakı şəhərinin müxtəlif ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirməsi ölkəmizin dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq üçün yaratdığı imkanların göstəricisidir. Azərbaycanın zəngin tarixi-mədəni irsi, tolerantlıq ənənələri və beynəlxalq təşəbbüsləri bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsas dayaqlarını təşkil edir.

Nəticə etibarilə, “Ortaq gələcək naminə dialoq” çağırışı müasir dünyanın qarşısında duran mühüm vəzifəni – fərqliliklərə hörmət əsasında birgəyaşayışın, sülhün və qarşılıqlı etimadın möhkəmləndirilməsini ifadə edir. Bu gün bəşəriyyətin ehtiyac duyduğu əsas dəyərlərdən biri qarşıdurma deyil, anlaşma; təcrid deyil, əməkdaşlıq; ayrı-seçkilik deyil, bərabərlik və qarşılıqlı hörmətdir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu dəyərlərin təşviqinə, xalqlar arasında körpülərin qurulmasına və daha təhlükəsiz, ədalətli, davamlı gələcəyin formalaşdırılmasına xidmət edən mühüm beynəlxalq platforma kimi yadda qalır.

Nərmin Azadova

"H.B.Zərdabi küç.96" (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini