Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatında da imzatoplama kampaniyası çərçivəsində görülən işlər partiyanın İcra Katibliyinin müvafiq tövsiyyə və tapşırıqlarına uyğun olaraq həyata keçirilməkdədir. İmzatoplama kampaniyası başlamamışdan öncə, imza toplayan şəxslərə treninqlər keçirilib və qeyd edilib ki, imza vərəqələrində və ümumiyyətlə prosesdə hər hansı bir nöqsan olmamalıdır. YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib ki, biz də bu amili nəzərə alaraq imza vərəqələrinin tam qanunauyğun olmasına çalışırıq: “Məlumat üçün bildirmək istərdim ki, 20 nəfər imzatoplayan 26 saylı Bakıxanov seçki dairəsi, 27 saylı Balaxanı-Sabunçu-Ramana-Pirşağı-Kürdəxanı, 28 saylı Maştağa-Bilgəh-Nardaran-Zabrat seçki dairələrindən 1000 imza toplamalıdır. Həmin imzalar toplandıqdan sonra imza vərəqələri YAP-ın Mərkəzi Aparatına təqdim ediləcək. Proses bu gün yüksək səviyyədə davam etdirilir”.