Saatlıq əməkhaqqı modeli tətbiq olunur
Azərbaycanda saatlıq əməkhaqqı rejiminə keçidə hazırlıq görülür. Bununla bağlı Əmək Məcəlləsində dəyişikliklər nəzərdə tutulur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, hazırda ölkəmizdə əməyin ödənilməsi vaxtamuzd, işəmuzd və digər formalarda həyata keçirilir və minimum əməkhaqqı aylıq dövrü əhatə edir. Bu cür yanaşma isə qısamüddətli əməyə cəlbetmə və natamam iş saatlarında işləyənlərin əməyinin ödənilməsində qeyri-bərabərlik yaradır. İşçilərin minimum yaşayış səviyyəsini təmin etmək üçün əsas sosial siyasət aləti olaraq minimum əməkhaqqı indikatorundan istifadə olunur. Lakin minimum əməkhaqqı aləti bütün iş rejimlərində universal indikator kimi çıxış edə bilmir. Xüsusi ilə natamam və mövsümi işlərdə, qısamüddətli müqavilə tələb edilən işlərdə əməyin minimum əməkhaqqı sistemi üzərindən ödənilməsi qeyri-bərabərlik və sosial ədalətsizlik yaradır. Ona görə də bir çox ölkələrdə əməyin ödənilməsində tətbiq olunan bu modelin Azərbaycanın da əmək qanunvericiliyində təsbit edilməsi nəzərdə tutulur.
Məşğul əhalinin yalnız 35 faizi əmək müqaviləsi çərçivəsində çalışır
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bildirib ki, ilkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur. Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq. Saatlıq əməkhaqqının tətbiqi azyaşlı uşaqları olan qadınların, tələbələrin, pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıran bir çalışma rejimi olaraq həm də qeyri-formal məşğulluğun rəsmləşdirilməsinə təkan verəcək.
Hesablamalara görə, ölkədə məşğul əhalinin 65 faizi əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir. Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 681 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfərdir. Muzdla, yəni əmək müqaviləsi əsasında çalışan vətəndaşların sayı isə 1 milyon 700 min nəfər təşkil edir. Bu rəqəmlər göstərir ki, məşğul əhalinin yalnız 35 faizi əmək müqaviləsi çərçivəsində işləyir, qalan 65 faizi isə müqavilə olmadan fəaliyyətini davam etdirir. Əmək Məcəlləsinə təqdim edilən dəyişiklik təklifləri bu nisbətin dəyişdirilməsinə xidmət edəcək.
Dünya Bankının tövsiyəsi əsasında...
Qeyd edək ki, yeni model həm də Dünya Bankının (DB) hökumət qarşısında qoyduğu tövsiyələrdən biridir. Məlumdur ki, DB dünya ölkələrində biznes mühiti və iqtisadi vəziyyətlə bağlı dərc etdiyi ənənəvi “Doing Business” hesabatını yeni illik qiymətləndirmə xülasəsi olan “Business Ready” ilə əvəz edib. Yeni hesabatdan irəli gələn tövsiyələrə uyğun olaraq Dünya Bankı Qrupu ilə Azərbaycan hökuməti 2 ildir ki, əməkdaşlıq edir və “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsində məşğulluq, əmək bazarı, əməyin qiymətləndirilməsi üzrə bir sıra tədbirlərin görülməsinə dair təkliflər öz əksini tapıb ki, onlardan biri də minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsidir. Belə ki, minimum əməkhaqqının strukturuna yenidən baxılması və əməyin qiymətləndirilməsi meyarının günlük deyil, saatlıq meyar üzrə hesablanması təklif olunur. Dünya Bankının təklifi əməyin qiymətləndirilməsində səmərəliliyin təmin edilməsinə, konkret olaraq işlədiyi saatlar üzrə əməyin real qiymətləndirilməsinə xidmət edir.
Əməkhaqqı artımı üçün zəmin
Dünya praktikasında, ələlxüsus da Avropa ölkələrində minimum aylıq əməkhaqqı anlayışı yoxdur, bu ölkələrdə orta və median əməkhaqqı var. Minimum əməkhaqqı texniki olaraq işçilərin saatlıq əməkhaqqına görə çəkdikləri əməyin dəyərləndirilməsinə görə, təyin olunan maddi dəyər kimi çıxış edir. Yəni rəsmi ştat cədvəlində aylıq əməkhaqqı alan şəxslərlə yanaşı, günəmuzd, yəni günlük işlədiyi saatların dəyərinə uyğun maaş alan işçilər də mövcuddur. Dövlət idarələri, ictimai təşkilatlar, publik hüquqi şəxslər və digər müəssisələrdə, eləcə də müdafiə, hərbi təhlükəsizlik və s. sahələrdə standart aylıq maaş təyin edilir. Daha çox özəl və biznes sektorunda isə saatlıq əməkhaqqı üzrə hesablanan əmək normativləri mövcuddur. Bu əməkhaqqı üzrə əməyin dəyərini ölkənin sosial müdafiə orqanları, həmkarlar ittifaqları və işəgötürən qurumların birgə təklifi əsasında müəyyən edərək saatlıq iş hesablanır. Məsələn, Avropada bir saat əməyin dəyəri orta hesabla 20-35 avrodur. İşçi gün ərzində 8 saat, ayda 170 saat çalışdığı halda onun 3000-4500 avro civarında əməkhaqqısı yaranır. İşçinin günün müxtəlif saatlarında iş rejimi 8 saat, digər günlərdə 4,5, 6 saat da ola bilər. Bu, işəgötürən və işçi ilə razılaşdırılmış əmək və ya mülki müqavilədə öz əksini tapır.
Beləliklə, yeni mexanizmin tətbiqi əməkhaqqının aylıq deyil, saatlıq olaraq hesablanmasına gətirib çıxaracaq. Bu növ əməkhaqqının hesablanması vətəndaşlara işlədikləri müddətin saatlar üzrə hesablanması və onların əməkhaqlarında artımların reallaşmasına gətirib çıxara bilər. Eyni zamanda, vətəndaş saatlar üzrə differensial olaraq bir deyil, bir neçə iş yerində çalışa bilər. Bu da onun əməkhaqqının artmasına gətirib çıxaran faktorlardan olacaq. Beynəlxalq təcrübəni nəzərə alsaq, bu qeyri-iş günlərində və iş saatlarından sonra çalışan vətəndaşlarınn əməkhaqlarında xüsusi əmsalların tətbiq edilməsinə və daha çox əməkhaqqı almasına səbəb ola bilər.
E.CƏFƏRLİ