Qəlbləri bir araya gətirən gün
Xeyirxahlıq dünyanı dəyişməyin ən sadə yoludur
Bəzən bir insanın həyatında böyük dəyişiklik yaratmaq üçün nə sərvət, nə də qeyri-adi güc lazımdır. Vaxtında uzadılan yardım əli və ya heç bir təmənna güdmədən göstərilən diqqət kifayətdir. Çünki xeyirxahlıq böyük əməllərlə yanaşı, kiçik, lakin ürəkdən gələn davranışlarda da özünü göstərir. İnsan dünyaya nə qədər iz qoyursa qoysun, onun əsl böyüklüyü başqalarının həyatına bəxş etdiyi yaxşılıqla ölçülür.
Dünyada zamanla hər şeyin dəyəri dəyişir. Var-dövlət unudulur, pul dəyərini itirir, gözəllik solur. Amma bir şey var ki, zaman onun dəyərini azalda bilmir - xeyirxahlıq. Xeyirxahlıq insan qəlbinin ən saf, ən nəcib hissidir. O, bəzən bir dilim çörək, bəzən səmimi bir söz, bir baxış qədər sadə, amma dəyərli olur. Xeyirxahlıq edən insan təkcə başqasına deyil, əslində öz ruhuna nur qatır. Xeyirxahlıq nə böyük sərvət, nə də çoxlu söz tələb edir. Bu əməl, sadəcə, ürək istəyir.
Noyabrın 13-də Ümumdünya Xeyirxahlıq Günü kimi qeyd olunur. Ümumdünya Xeyirxahlıq Hərəkatının birinci konfransı 1988-ci ilin məhz bu günü Tokioda keçirilib. Konfransda Avstraliya, Kanada, Yaponiya, Tailand, Sinqapur, Böyük Britaniya və ABŞ-ın nümayəndələri iştirak ediblər. Sonralar başqa ölkələr də bu hərəkata qoşulublar.
“Ümumdünya Xeyirxahlıq Hərəkatı” təşkilatı 1997-ci ildə Yaponiyada yaradılıb. Müxtəlif ölkələrdən olan xeyirxahlıq hərəkatının həmfikirləri və könüllüləri “ bir bayraq altında” toplanıblar. Bu təşkilat yorulmadan hərəkət edir və öz əməlləri ilə insanları xeyirxah işlər görməyə ruhlandırır. Bu gün xeyirxah, səmimi, nəcib bir iş görmək istəyən hər kəs onlara qoşula bilər. Üstəlik, Hərəkat iştirakçılarının əsas ünsiyyəti internet vasitəsilə baş verir. Burada onlar öz resurslarında xeyirxah işlərə dair ideyalar və onların həyata keçirilməsi yolları haqqında danışırlar.
Hərəkatın özünün “Xeyirxahlıq Bəyannaməsi” adlı rəsmi sənədi var. Orada deyilir: “Biz sadə insan mehribanlığını məmnun və mənalı həyatın əsas şərti kimi qəbul edirik və bu sənədlə Ümumdünya Xeyirxahlıq Hərəkatını yaratmağımızı elan edirik. Biz hər bir ölkədəki təşkilatlar vasitəsilə və dünya miqyasında şəbəkə yaratmaqla bir araya gəlməyə və daha mehriban, daha mərhəmətli bir dünya yaratmağa çalışacağıq”.
Məhz bu təşkilatın üzvləri belə gözəl bayram yaratmağı təklif ediblər. Ümumdünya Xeyirxahlıq Günü rəsmi olaraq Sinqapurda 2000-ci il noyabrın 18-də Hərəkatın 3-cü Konfransında təsis edilib.
Xeyirxahlığın sağlamlığa təsiri
Araşdırmalara görə, hər gün xeyirxah işlərlə məşğul olan insanlar özlərini fiziki cəhətdən daha yaxşı hiss edirlər. Onlar həyatlarının daha ahəngdar olduğunu hiss edir, daha yaxşı immunitetə malikdirlər. Yəni daha az xəstələnirlər və daha uzun yaşayırlar. Bütün bunlar hətta praktiki araşdırmalarla da təsdiqlənib. İnsan başqa insanlara yaxşılıq edəndə onun limfositlərinin səviyyəsi yüksəlir və qan damarları genişlənir. Bu, ürəyin düzgün işləməsinə səbəb olur. Beyin sakitləşdirici təsir göstərən, stresin təsirlərini neytrallaşdıran və depresiyanı yüngülləşdirən çoxlu miqdarda endorfin (“zövq hormonları” kimi tanınır) istehsal edir.
Heç kimə sirr deyil ki, müasir dünyada texnologiyaların hər keçən gün daha da inkişaf etdiyi bir zamanda insani hisslər, mənəvi keyfiyyətlər getdikcə ikinci plana keçir. Odur ki, bugünkü bayram insanlara xeyirxahlığı xatırladır və müxtəlif ölkələrdə mövcud olan xeyirxahlıq hərəkatlarını birləşdirir.
Yaxşılığı sabaha saxlamaq olmaz
Xeyirxahlıq üçün təqvimdə xüsusi günün olması gözəldir. Ancaq yaxşılığı yalnız noyabrın 13-də xatırlamaq onun əsl mahiyyətini anlamaq demək deyil. Bu gün bir başlanğıc, özümüzə ünvanladığımız mənəvi suallar üçün bir fürsət olmalıdır: Bu gün kimin həyatını asanlaşdıra bilərəm? Kiminsə üzündə təbəssüm yaratmaq üçün nə edə bilərəm? Ətrafımdakı insanların hansı ehtiyacını görə və qarşılaya bilərəm? Bu sualların cavabı heç də həmişə böyük layihələrdə, geniş imkanlarda gizlənmir. Bəzən telefonla hal-əhval tutmaq, incitdiyimiz insandan üzr istəmək, kiməsə təşəkkür etmək, könüllü fəaliyyətə qoşulmaq və ya ehtiyacı olan birinə vaxt ayırmaq kifayətdir.
Həyatın ən gözəl tərəflərindən biri də budur ki, insan yaxşılıq etmək üçün heç vaxt gecikmiş sayılmır. Hər gün yeni bir imkan, hər görüş yeni bir fürsət, hər münasibət isə mərhəməti nümayiş etdirmək üçün bir səbəbdir. Nəticə etibarilə, xeyirxahlıq insanın sahib ola biləcəyi ən qiymətli mənəvi sərvətlərdən, insanlığı ucaldan ən ali xarakter xüsusiyyətlərindən biridir. Vəzifələr dəyişir, sərvətlər tükənir, şöhrət zamanla unudula bilir. Ancaq bir insanın başqa bir insanın qəlbində yaratdığı xoş duyğu, etdiyi yaxşılığın xatirəsi uzun illər yaşayır. Çünki insanı həqiqətən böyük edən nə qədər çox şeyə sahib olması deyil, sahib olduqlarından nə qədərini başqaları ilə bölüşə bilməsidir.
Dünya bəlkə də bir gündə dəyişməyəcək. Amma hər kəs özündən başlasa, hər gün bir az daha mərhəmətli, bir az daha anlayışlı və bir az daha xeyirxah olsa, daha gözəl dünyanın qurulması əlçatmaz arzu olaraq qalmaz. Axı insanlığın ən uca zirvəsinə aparan yol xeyirxahlıqdan keçir...
Yeganə BAYRAMOVA