Böyük Qayıdışın böyük uğurları

Böyük Qayıdışın böyük uğurları

Qarabağ və Şərqi Zəngəzurda quruculuq, dayanıqlı məskunlaşma və məşğulluq sürətlə icra olunur

Azərbaycan öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoyub. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Azad ərazilərin bərpası və iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz yurdlarına təhlükəsiz şəkildə qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın və məşğulluğun təmin olunması istiqamətində görülən işlər Böyük Qayıdış prosesini ölkənin sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin ayrılmaz tərkib hissəsinə çevirib.

Ərazilərin yenidən qurulması və bərpasına 28 milyard manat vəsait ayrılıb

Dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 28 milyard manat vəsait ayrılıb.
Qarabağda və Şərqi Zəngəzurda aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 300 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib, 3 beynəlxalq hava limanı istifadəyə verilib, 3500 kilometrdən çox avtomobil yolları üzrə 60 layihədən 20-si icra edilib. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı baş tutub. Bölgədə 42 su elektrik stansiyası, 4 su anbarı, 15 elektrik yarımstansiyası istismara verilib, 6 magistral qaz xətti, 1000 kilometrdən artıq yüksək gərginlikli elektrik verilişi xətləri çəkilib, 8 şəhərə, 20 kəndə və 2 qəsəbəyə qazın verilməsi təmin olunub. Bölgədə nəhəng sənaye arxitekturası qurulub, istehsalın sütunlarına çevrilir. Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” və “Laçın Aqro-Sənaye Parkı”nda yüzlərlə rezidentin fəaliyyəti təmin edilib, müəssisələrdə istehsal olunan məhsulların ixracına başlanılıb.

İqtisadi fəaliyyətin təmin edilməsi

Azad ərazilərdə iqtisadi fəaliyyətin təmin edilməsi dövlət tərəfindən məqsədli proqramlar hazırlanıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilib, yerli və xarici biznes təmsilçiləri üçün vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Eləcə də Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət və digər sosial təminatlarla bağlı ən səmərəli və optimal mexanizmlər yaradılıb.
Bölgədə sənaye fəaliyyətinin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı məqsədilə Cəbrayıl rayonunda 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Zəngilanda “Dost Aqropark”, Ağdam rayonunda 190 hektar sahədə zəruri infrastrukturla təmin edilmiş Ağdam Sənaye Parkı yaradılıb. Eləcə də, digər ərazilərdə aqrar və sənaye müəssisləri, turizm kompleksləri istiafədəyə verilib. Görülən tədbirlər iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması və təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsinə səbəb olmaqla, bölgənin və ölkəmizin inkişafını sürətləndirməkdədir.
Ərazidə yaşayan insanların sosial xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə 2022-ci ildə Zəngilanın Ağalı kəndində “Smart DOST” məntəqəsi, 2023-cü ildə Qarabağ Regional DOST Mərkəzi, 2024-cü ildə bu mərkəzin Şuşa filialı açılıb. 2025-ci ildə isə Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər və Füzuli rayonlarında DOST məntəqələri istifadəyə verilib. Qarabağ Regional DOST Mərkəzi nəzdində Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi və “RehaPoint” – Reabilitasiya Məntəqəsi fəaliyyət göstərir. Həmçinin 2024-cü ildə Şuşa regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

Bölgədə 93 mindən çox insan yaşayır

2026-cı ilin noyabrınadək azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı, o cümlədən 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Qarabağ Universitetində 3330-dan çox tələbə təhsil alır. Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır, təhsil alır və müxtəlif fəaliyyətlərlə məşğul olur.
Doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 11 min 937 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 8056 nəfəri vakansiyalar üzrə münasib işlərlə təmin olunub, 1051 nəfər isə özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını qurublar. Ümumilikdə 8400-dən çox ixtisassız şəxs isə təlimlərə cəlb edilib.

Şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına dövlətin ali qayğısı

Zəfərdən sonra sosial siyasət tədbirləri də başlıca prioritet məsələ kimi dövlətin daim diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilib. Şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərib. Onlardan 13 min 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar.
Postmüharibə dövründə 2026-cı il oktyabr ayına qədər sosial dəstək paketi üzrə şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, o cümlədən onlara 7 354 mənzil və 586 avtomobil verilib, 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib. 2025-ci ildə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdü artırılaraq 600 manatdan 700 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü artırılaraq I dərəcə üzrə 500 manatdan 600 manata, II dərəcə üzrə 400 manatdan 500 manata, III dərəcə üzrə 330 manatdan 400 manata, əlilliyə görə müavinətlər müvafiq olaraq 270 manatdan 300 manata, 220 manatdan 250 manata, 150 manatdan 180 manata çatdırılıb.

Quruculuğun yeni mərhələsi

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2025-ci il 30 may tarixində imzaladığı Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı” layihəsinin hazırlanmasını tapşırıb. II Dövlət Proqramı yeni hədəfləri nəzərdə tutur. Strategiyaya əsasən, bu ərazilərdə infrastruktur və kommunikasiyaların daha da genişləndirilməsi, yeni inşa ediləcək yaşayış sahələrinə davamlı köçürülmənin təmin edilməsi, insanların mülkiyyət hüququnun tanınması nəzərdə tutulub. Bu kurs üzrə “İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu” yaradılacaq. Bölgədə dayanıqlı məşğulluq, iş yerlərinin yaradılması, ailə təsərrüfatları və biznes layihələrinin miqyasının artırılması və digər çoxistiqamətli tədbirlər nəzərdə tutulur.
Beləliklə, yuxarıda qeyd edilən kompeks tədbirlər planının sürətlə icrası Böyük Qayıdışda nəzərdə tutulan hədəflərə çatmağa, o cümlədən infrastrukturların əsaslı şəkildə qurularaq yekunlaşmasına, azad keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşma prosesinin tamamlanmasına və mülkiyyət hüquqlarının təmin olunmasına, eləcə də, bölgədə iqtisadi faəliyyətin tamamilə bərqərar olmasını imkan yaradacaq.
E.CƏFƏRLİ