Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatlarının təntənəli təqdimat mərasimi keçirilib.
Mərasimdə Bakı şəhərinin Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, “Azərbaycan” milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Nərimanov RİH başçısının müavini Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat verib.
Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim edilib.
Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri doktoru, professor Gülnarə Sagitova göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.