Paytaxtın Xəzər rayonunun qəsəbələrində Heydər Əliyev Fondunun təşəbbüsü ilə və Dövlət Proqramı çərçivəsində bir sıra təhsil müəssisələrinin əsaslı təmiri həyata keçirilib.
Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildiriblər ki, Buzovna qəsəbəsində 26, 125, 206 və 234 nömrəli, Binə qəsəbəsində 121 nömrəli məktəblərin əsaslı təmiri başa çatdırılıb və şagirdlərin istifadəsinə verilib. Qala qəsəbəsində isə 185 nömrəli məktəb üçün yeni korpus tikilib.
Hazırda Şüvəlan qəsəbəsi 2 nömrəli xüsusi təyinatlı internat məktəbinin və 4 nömrəli internat məktəbin yeni binalarının tikintisi davam etdirilir. Mərdəkan qəsəbəsindəki Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın binasının isə əsaslı təmirinə hazırlıq görülür.