Prezidentin sosial şəbəkə hesablarına qarşı kiberhücum cəhdləri olub
İnformasiya texnologiyalarının sürətli inkişafı özündə yeni təhlükəsizlik təhdidlərini də meydana çıxarır. Bu gün kiberhücumlar beynəlxalq münasibətlər sistemində tez-tez təsadüf edilən hallardan birinə çevrilib. Dövlət qurumlarının informasiya sistemləri, strateji infrastrukturlar, siyasi institutlar və yüksək səviyyəli dövlət rəsmilərinin sosial şəbəkə hesabları belə hücumların hədəfinə çevrilir. Xüsusilə beynəlxalq siyasətdə mühüm rol oynayan, regional və qlobal proseslərə təsir imkanları artan dövlətlərin informasiya məkanında bu kimi təhdidlərə daha çox rast gəlinir ki, bu da təsadüfi deyil.
Qeyd edək ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunub. Aidiyyəti qurumlar tərəfindən bu hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Məsələyə yalnız texniki təhlükəsizlik hadisəsi kimi yanaşmaq olmaz - bu Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisindən, regional proseslərdəki aparıcı mövqeyindən və müstəqil xarici siyasət kursundan narahatlığın ortaya çıxardığı hücum cəhdidir. Ölkəmiz artıq yalnız Cənubi Qafqazın mühüm siyasi və iqtisadi mərkəzi deyil, həm də qlobal əməkdaşlığın, enerji təhlükəsizliyinin, nəqliyyat-logistika əlaqələrinin və regional dialoqun təşviqində aparıcı rol oynayan dövlətdir.
Xüsusilə nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev sosial şəbəkələrdən müasir siyasi kommunikasiya vasitəsi kimi fəal istifadə edir. Dövlət başçısının rəsmi hesabları vasitəsilə mühüm siyasi qərarlar, beynəlxalq görüşlər, xarici səfərlər, ölkənin sosial-iqtisadi inkişafı və regional proseslərlə bağlı mesajlar geniş auditoriyaya çatdırılır. Prezidentin hətta hər həftə ərzindəki fəaliyyətini əks etdirən videoicmalların paylaşılması bu kommunikasiya siyasətinin ardıcıl xarakter daşıdığını göstərir. Bu paylaşımlar ölkə ictimaiyyətinin məlumatlandırılması ilə yanaşı, Azərbaycanın siyasi gündəminin beynəlxalq auditoriyaya çatdırılması baxımından da əhəmiyyətlidir.
Beləliklə, Prezidentin sosial şəbəkə hesabları sadəcə şəxsi profillər deyil, dövlətin rəsmi mövqeyinin ifadə olunduğu, Azərbaycanın beynəlxalq imicinin təqdim edildiyi və siyasi mesajlarının birbaşa dünya ictimaiyyətinə çatdırıldığı kommunikasiya platformalarıdır.
Dünya təcrübəsi də göstərir ki, dövlət və hökumət başçılarının sosial şəbəkə hesabları kiberhücumların hədəfində ola bilir. Son illərdə bunun bir sıra konkret nümunələri qeydə alınıb. Məsələn, 2025-ci ilin aprelində Çexiyanın Baş naziri Petr Fialanın X hesabına da haker müdaxiləsi baş vermişdi. Baş nazir hücumun xaricdən həyata keçirildiyini bildirmişdi və iki mərhələli autentifikasiya daxil olmaqla təhlükəsizlik tədbirlərinə baxmayaraq, hücumçuların hesaba müdaxilə edə bildiklərini açıqlamışdı. Bu ilin iyununda isə ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın prezidentliyi dövrünə aid rəsmi Ağ Ev Instagram hesabı haker müdaxiləsinə məruz qalmışdı. Hesabda icazəsiz paylaşımlar yerləşdirilmişdi və Meta şirkəti müdaxiləni təsdiqləyərək hesabın təhlükəsizliyini bərpa etmişdi. Bu kimi nümunələr göstərir ki, kiberhücumlar ayrı-ayrı ölkələrə və siyasi sistemlərə məxsus problem deyil. Dünyanın ən güclü dövlətlərinin siyasi liderləri və yüksəksəviyyəli rəsmiləri belə bu təhlükədən sığortalanmayıblar.
Baş verən hadisə Azərbaycanın müvafiq dövlət qurumlarının kibertəhlükəsizlik sahəsində çevik və koordinasiyalı fəaliyyətinin əhəmiyyətini də ön plana çıxarır. Prezidentin Mətbuat Xidmətinin məlumatında da qeyd olunduğu kimi, hücumların qarşısının alınması və araşdırılması istiqamətində tədbirlər görülüb. Rəsmi hesabların fəaliyyətinin davam etməsi isə ictimai kommunikasiyanın pozulmadığını göstərir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar Azərbaycanın artan beynəlxalq siyasi çəkisi və informasiya məkanındakı mövqeyi fonunda xüsusi diqqət tələb edən hadisədir. Bu cür cəhdlər bir daha təsdiqləyir ki, müasir dünyada dövlət suverenliyi yalnız ərazi və sərhədlərin qorunması ilə məhdudlaşmır. İnformasiya məkanının, rəqəmsal platformaların və dövlətin rəsmi kommunikasiya kanallarının təhlükəsizliyi də milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycanın qarşısında duran vəzifə isə əldə etdiyi siyasi nüfuzu, beynəlxalq mövqelərini və informasiya imkanlarını etibarlı kibermüdafiə sistemi ilə qorumaqdır.
SADİQ