Təşkilat gənc parlamentariləri bir araya gətirib
Türkiyənin paytaxtı Ankarada TÜRKPA Gənc Parlamentarilərinin toplantısı keçirilib. Tədbir Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi, Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin dəstəyi ilə təşkil edilib.
TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü ərəfəsində...
Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş TÜRKPA-nın təsis edilməsinin 18-ci ildönümü ərəfəsində belə mühüm bir tədbirin keçirilməsinin əhəmiyyətinə toxunub. O, türk dövlətlərinin parlamentləri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında, qardaş ölkələr arasındakı münasibətlərin dinamik şəkildə möhkəmləndirilməsində və müxtəlif istiqamətlərdə birgə fəaliyyətin həyata keçirilməsində TÜRKPA-nın mühüm rolunu qeyd edib.
TÜRKPA-nın Baş katibi Ramil Həsən rəhbərlik etdiyi qurumun müxtəlif sahələrdə həyata keçirdiyi işlərdən danışıb. Baş katib Gənc Parlamentarilər Qrupu, Qadın Parlamentarilər Qrupu və Daimi Komissiyalar çərçivəsində müxtəlif tədbirlərin keçirilməsinin qardaş ölkələr arasındakı əlaqələrin möhkəmləndirilməsinə, eləcə də qanunvericilik bazalarının yaxınlaşdırılmasına töhfə verdiyini deyib.
Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsinin sədri Abdulhadi Turus Türkiyənin bir çox sahədə olduğu kimi, qardaş türk dövlətlər arasındakı əlaqələrin inkişafına xidmət edən layihələrə də hərtərəfli dəstək göstərdiyini diqqətə çatdırıb. Eyni zamanda, TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun fəaliyyətinə də dəstək verməkdən böyük məmnuniyyət duyduğunu ifadə edib.
TÜRKPA-nın hədəfləri nədir?
Ümumiyyətlə, qloballaşan dünyada türk dövlətlərinin və xalqlarının birliyi zərurətə çevrilib. Sovetlər ittifaqı dağıldıqdan sonra türk dövlətləri ilə münasibətlər qurmaq və inkişaf etdirmək Azərbaycanın xarici siyasətində prioritet olub. Artıq bu gün türk dünyasının birliyi reallığa çevrilməkdədir. Türk Dövlətləri Təşkilatının (TDT) yaranması, siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.
Son illər regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslər də türk xalqlarının birliyini aktual məsələ kimi gündəmə gətirib. Bu mənada, türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığı da xüsusi vurğulanmalıdır. Belə təşkilatlardan biri Türk Dövlətləri Parlament Assambleyasıdır (TÜRKPA). Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyası 21 noyabr 2008-ci ildə İstanbul şəhərinin Dolmabaxça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişlə təsis olunub. 29 sentyabr 2009-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində TÜRKPA-nın I plenar sessiyası keçirilib. Plenar sessiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyannaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilib. TÜRKPA sədrliyi rotasiya üsulu ilə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. TÜRKPA Katibliyi Bakı şəhərində yerləşən və beynəlxalq təşkilat statusuna malik olan qurumdur.
Təşkilatın məqsədləri sırasına parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə kömək göstərmək, eləcə də tarix, mədəniyyət və dil ümumiliyinə əsaslanaraq milli qanunvericiliklərin yaxınlaşdırılması və digər məsələlərdə qarşılıqlı fəaliyyətin daha da sıxlaşdırılması daxildir. Təşkilat həm də, tərəflər arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinə kömək göstərir. Eyni zamanda, təşkilata üzv ölkələrin qanunvericiliklərinin, o cümlədən mədəni irsin və tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə türk dövlətləri üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsinə yönəlmiş qanunvericiliklərinin inteqrasiyası üzrə tövsiyələr vermək də TÜRKPA-nın fəaliyyətində vacib yer tutur. Bundan başqa, türk dövlətləri və digər region ölkələri arasında qarşılıqlı surətdə faydalı və bərabər hüquqlu əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Azərbaycan TÜRKPA-nın işində fəal iştirak edir
Azərbaycan TÜRKPA-nın işində fəal iştirak edir. Xatırladaq ki, oktyabrın 20-də Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın 15-ci plenar iclası keçirilərkən Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti tədbirdə iştirak etmişdi. “Süni intellekt və texnoloji tərəqqi dövründə türk dünyasında parlament əməkdaşlığı” mövzusunda keçirilən iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərinin sədrlərinin rəhbərlik etdiyi üzv və müşahidəçi parlamentlərin nümayəndə heyətlərini, qonaq qismində Özbəkistan Respublikası Ali Məclisinin nümayəndə heyətini, habelə Türk Dövlətləri Təşkilatı (TDT), Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İƏT-ə üzv dövlətlərin Parlament İttifaqı (İƏT Pİ), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), MDB Parlamentlərarası Assambleyası (MDB PA), Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) və Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbərlərini və nümayəndələrini bir araya gətirmişdi.
Bütövlükdə, ölkəmiz TÜRKPA çərçivəsində də fəal siyasət həyata keçirir və qurumun bütün tədbirlərində yaxından iştirak edir.
Nardar BAYRAMLI