Bu gün qardaş Türkiyənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd olunur. 1923-cü il oktyabrın 29-da ölkə parlamentinin Ankarada keçirilən iclasında Türkiyə Cümhuriyyəti elan edilib. Birinci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) 158 deputatının hamısı qanun layihəsinin lehinə səs verib. Həmin gün ölkənin ilk prezidentinin seçkiləri baş tutub. O, namizədliyi yekdilliklə təsdiqlənən Mustafa Kamal Atatürk olub. Cümhuriyyət Gününə həsr olunmuş ilk bayram tədbirləri bir il sonra baş tutub və bu əlamətdar gün 1925-ci ildə rəsmi “milli bayram” statusu alıb.
Mustafa Kamal Atatürkün xilaskarlıq missiyası
Artıq 103 ildir ki, qardaş ölkə cümhuriyyət yolu ilə inamla irəliləyir və uğurlar qazanır. Müasir Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürk Cümhuriyyət Gününü ən böyük bayram kimi dəyərləndirib. Hazırda milli maraqlarını qətiyyətlə qorumaq iqtidarında olan Türkiyə dövləti qardaş ölkənin vətəndaşlarının sonsuz qürur mənbəyidir. Güclü Türkiyə eyni zamanda bütün Türk dünyasının inam və güvənc yeridir. Lakin müasir Türkiyə dövlətinin qurulması, Cümhuriyyətin elan olunması son dərəcə ağır geosiyasi şəraitdə baş verib. Əslində, vəziyyət o dərəcədə kritik idi ki, Türkiyənin dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi tam real idi.
Belə ağır şəraitdə Mustafa Kamal paşa Osmanlı ordusundakı vətənpərvər zabitlərlə birlikdə Türkiyənin qurtuluşu uğrunda savaşa başladı. 1919-cu il mayın 19-da Qara dəniz sahilindəki Samsun şəhərindən başlanan mücadilə 3 il davam etdi. 1919-cu ilin dekabrında Ankaraya gələn Mustafa Kamal bu şəhəri Türkiyə dövlətçiliyi uğrunda mübarizənin mərkəzi elan etdi. Çünki İstanbuldakı iqtidar (Sultan Mehmed Vəhidəddin hökuməti) ölkəyə nəzarəti itirmişdi.
Mustafa Kamal 1920-ci il aprelin 23-də Ankarada xalqın iradəsini təmsil edən Türkiyə Böyük Millət Məclisinin çağırılmasına nail oldu. 1920-ci ilin avqustunda İstanbuldakı Osmanlı hökuməti I Dünya müharibəsinin qalibləri (ABŞ, Britaniya, Fransa) tərəfindən təslimçi sülhə - Sevr anlaşmasını imzalamağa məcbur edildi. Sazişə görə, Osmanlı 1914-cü ilə qədər olan ərazilərinin dörddəüçünü itirir, ordu və donanması müttəfiq ölkələr tərəfindən bölüşdürülürdü. Bu, əsl təslimçilk aktı idı və xalqda ciddi müqavimətlə qarşılandı. Mustafa Kamal türk xalqının heç vaxt bu təslimçilik aktına razı olmayacağını bildirdi. Mustafa Kamalın başçılıq etdiyi Qurtuluş savaşı daha da genişləndi. 1921-ci ilin yanvarından başlayaraq qələbələr əldə edən türk ordusu həmin ilin avqustunda Sakarya savaşından zəfərlə çıxdı. 1922-ci ilin avqustunda Mustafa Kamalın komandanlığı altında həyata keçirilən “Böyük Taarruz” (“Böyük Hücum”) əməliyyatı ilə Türkiyənin yunan ordusunun işğalı altında olan cənub-qərbi azad edildi. 30 avqust Zəfəri ilə yeni dövlətin quruluşunun da təməli qoyuldu.
Sevr anlaşmasından Lozanna müqaviləsinə qədər...
Türkiyə Sevr anlaşmasının ləğv edilməsi üçün Lozannada yeni beynəlxalq konfransın çağırılmasına nail oldu. 1923-cü ilin iyulunda Lozanna konfransının yekun sənədi Sevr müqaviləsini ləğv etdi və Türkiyə ərazisi indiki sərhədlər çərçivəsində təsbit olundu. 1923-cü il oktyabrın 2-də türk ordusu sonuncu işğalçı qoşunları - ingilis hərbi gəmilərini İstanbul ətrafından vurub çıxardı. 1923-cü il oktyabrın 29-da Mustafa Kamal TBMM-də çıxış edərək Türkiyə Cümhuriyyətinin yarandığını elan etdi. Parlament Mustafa Kamalı ölkənin ilk prezidenti seçdi, ilk hökumətin qurulması isə ordu komandanlarından İsmət İnönüyə tapşırıldı. 1924-cü ilin aprelində Cümhuriyyətin ilk Konstitusiyası - Anayasa qəbul olundu.
Xarici müdaxilə dəf edilsə də, Cümhuriyyətin ilk illərində ölkə daxilində həmrəylik yox idi. Xüsusilə də müxtəlif dini cərəyanlar dünyəvi respublika quruluşuna qarşı çıxır və vətəndaş itaətsizliyinə cəhdlər göstərirdilər. Eyni zamanda, milli zəmində qiyamlar və separatçılıq baş qaldırırdı. Lakin Mustafa Kamalın öndərliyi ilə cümhuriyyət üçün yaranan bütün təhdidlər dəf edildi, ölkənin bütövlüyü qorundu. 1932-ci ildə TBMM-nin qərarı ilə Mustafa Kamala Atatürk adı verildi. Ümumilikdə, dörd dəfə (1923, 1927, 1931, 1935) prezident seçilmiş Atatürk 1938-ci il noyabrın 10-da vəfat edib.
Böyük uğurlar qazanan müasir Türkiyə
Ötən 103 ildə Türkiyə Cümhuriyyətinin inkişafı müxtəlif mərhələlərdən keçib. Son 20 ildən artıq müddətdə isə qardaş ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük uğurlarla səciyyələnən yeni dönəmini yaşayıb. 2014-cü ilin 10 avqustunda Türkiyədə ilk dəfə Prezident xalq tərəfindən, ümumi səsvermə ilə seçilib. Baş nazir Rəcəb Tayyib Ərdoğan inamlı qələbə qazanaraq ölkənin yeni dövlət başçısı olub. 2017-ci ildə keçirilən referendumla Türkiyə prezident üsul-idarəsinə keçid edib. Sonradan Rəcəb Tayyib Ərdoğan 2018-ci il və 2023-cü il prezident seçkilərinin də qalibi olub.
Türkiyə cəmiyyəti siyasi aktivliyinin kifayət qədər yüksək olması ilə fərqlənir. Bu ölkədə inam qazanmayan, uğurlara imza atmayan siyasətçilərin seçicilərin səsini almaları sadəcə mümkünsüzdür. R.T.Ərdoğanın ardıcıl son prezident seçkilərinin qalibi olması da xalqın ona olan böyük etimadının göstəricisidir. Ərdoğan sözü və əməli üst-ütə düşən qətiyyətli liderdir, xalqının, ölkəsinin milli maraqlarını qətiyyətlə qoruyur. Xalqın Ona inamının əsasında da məhz bu amil dayanır. Xalq taleyini etibar etdiyi Prezidentinə inanır və dövlət başçısı da bu etimadı yüksək səviyyədə doğruldur.
Türkiyə son 20 ildən artıq müddətdə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə çox ciddi uğur hekayələri yazıb. Cəmiyyətdəki möhkəm daxili sabitlik, xalq-iqtidar həmrəyliyi Türkiyənin böyük nailiyyətidir. Cəmiyyətin iqtidara olan inamı Türkiyə Cümhuriyyətini 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişi cəhdindən qorudu. Ölkə daxilindəki satqın qüvvələrlə birləşən imperialist güc mərkəzlərinin qurduqları dövlət terroru planları növbəti dəfə iflasa uğradı. Milyonlarla insan dövləti xilas etmək, Prezident R.T.Ərdoğanla həmrəylik nümayiş etdirmək üçün ayağa qalxdı. Bu böyük gücün qarşısında xain qüvvələr dayana bilmədilər və məğlubiyyətə uğradılar.
Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin bir sıra Avropa dövlətləri ilə müqayisədə daha demokratik cəmiyyət quruculuğuna nail olması qardaş ölkənin digər böyük uğurudur. Bunu 2023-cü ilin mayında baş tutan son prezident seçkiləri əyani şəkildə bir daha təsdiqlədi. İki turda sonuclanan seçkilərlə Türkiyə dünyaya sözün əsl mənasında demokratiya dərsi keçdi.
Qürurverici haldır ki, bu gün Türkiyənin adı dünyanın ən nüfuzlu dövlətləri sırasında çəkilir. Son illərdə qardaş ölkə Prezident R.T.Ərdoğanın nüfuzu və onun rəhbərliyi ilə həyata keçirilən fəal diplomatiya, ədalətli yanaşmaları və əlbəttə ki, artan hərbi gücü sayəsində Yaxın Şərqdə geosiyasi proseslərin tənzimlənməsində ən güvənli dövlət kimi qəbul olunur..
Hərbi qüdrət Cümhuriyyətin nüfuzunu gücləndirir
Bu gün dünyada ədalətin unudulduğu, beynəlxalq hüququn işləmədiyi, güc amilinin önə çıxdığı hər kəsə bəllidir. Belə bir şəraitdə hər bir dövlət öz suverenliyinin, toxunulmazlığının təmin edilməsi qayğısına özü qalmalıdır. Qardaş Türkiyənin artan hərbi qüdrəti də Cümhuriyyətin təhlükəsizliyinə güclü təminatlar yaradır. Qürurverici haldır ki, hazırda Türkiyə Şimali Atlantika Alyansında (NATO) ikinci ən böyük hərbi gücə malik dövlət səviyyəsinə yüksəlib. Təkcə son illərdə qardaş ölkə bir neçə yüksək texniki parametrlərə malik yeni nəsl hərbi texnikasını təqdim edib. İlk uçuşu 2022-ci ilin sonlarında uğurla baş tutan reaktiv pilotsuz qırıcı “Bayraktar Kızılelma” bunlardan biridir. Bu reaktiv qırıcı hava-yer əməliyyatları ilə yanaşı, süni intellekt qabiliyyəti ilə həm də hava-hava tipli döyüş aparmaq imkanına malikdir. Qırıcı 8,5 ton qalxma çəkisinə və 1500 kiloqram yük daşıma qabiliyyətinə malikdir.
2023-cü ilin aprelində dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda, Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilib. “Kızılelma”, “Hürjet” və “Bayraktar TB2” gəminin platformasına eniş edə bilər. “TCG Anadolu” dünyanın hər yerində hərbi əməliyyatlar aparmaq imkanlarına malikdir. Xatırladaq ki, hərbi gəminin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.
Türkiyənin müdafiə sənayesinin sürətlə inkişaf etməsi Cümhuriyyətin güvənliyini artırmaqla yanaşı, bütün Türk dünyasında qürur və iftixar hissi oyadır. Çox doğru olaraq Türkiyənin inkişafı Türk birliyinin güclənməsi anlamında qəbul olunur. Əlamətdar haldır ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığı genişləndirirlər. Tarixi Şuşa Bəyannaməsi ilə bu sahədə əməkdaşlığın hüquqi əsasları təmin edilib. Eyni zamanda, postmüharibə dövründə Azərbaycanın Silahlı Qüvvələrinin strukturunda Türkiyə modelinə uyğun komando birlikləri yaradılıb və onların sayı getdikcə artır.
Bütövlükdə, Türkiyənin Cümhuriyyət bayramı Azərbaycanda da coşğu ilə qeyd edilir. Çünki biz bir millətin iki dövlətiyik!
Nardar BAYRAMLI