Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir

Hər bir xalqın tarixdə öz layiqli yerini tutmasında və malik olduğu ənənələri, dəyərləri qoruyub saxlamasında, zənginləşdirməsində milli ideologiyanın mühüm rolu və payı var. Bu baxımdan, çoxəsrlik dövlətçilik tarixinə malik və zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı olan Azərbaycan xalqı istisna deyil. Azərbaycançılıq milli dövlət ideologiyası kimi ölkəmizin müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən mütərəqqi dəyərlər sistemidir. Bu da bir həqiqətdir ki, dövlətçiliyin möhkəmlənməsi və dayanıqlı əsaslara söykənərək inkişaf etməsi həm də onun milli ideologiyası, daha dəqiq desək, ideoloji bazası əsasında baş verir. Ən əsası isə odur ki, Azərbaycanın milli ideologiyası birləşdirici funksiyanı özündə ehtiva etdiyi üçün kənar neqativ təsirlərin qarşısını müvəffəqiyyətlə alır. Məhz buna görə ideologiya həm də birləşdirici amil hesab olunur.

Ceyhun Məmmədov: Ölkəmizdə yaşayan müxtəlif etnik qruplar vahid ideologiya ətrafında birləşib

Azərbaycan Prezidenti İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışında milli həmrəylik, ideoloji təhlükəsizlik və dövlət suverenliyinin qorunması barədə mühüm mesajlar verib. Ölkə başçısı kənar təsirlərə qarşı ayıq-sayıq olmağın vacibliyini bildirərək, ideoloji risklərin fiziki təhdidlər qədər təhlükəli olduğunu vurğulayıb. Azərbaycandakı etnik-dini harmoniyanı sabitliyin əsas sütunu adlandıran dövlət başçısı, xalqın milli kimliyinə və müstəqil inkişaf xəttinə sadiqliyini bir daha diqqətə çatdırıb. Prezident bəyan edib ki, azərbaycançılıq ideologiyası bütün xalqları bir araya gətirir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz ciddi siyasi təlatümlər, qarşıdurmalar və mürəkkəb proseslərlə üzləşmişdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasında, milli həmrəyliyin təmin edilməsində və dövlətçiliyin möhkəmləndirilməsində azərbaycançılıq ideologiyası mühüm rol oynayıb. Xalqın vahid ideya və məqsəd ətrafında birləşdirilməsi ölkəmizin gələcək uğurlarının əsasını qoyub, milli birliyin güclənməsinə və Azərbaycanın müstəqil dövlət kimi potensialının artmasına şərait yaradıb. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra isə ölkənin inkişafında yeni mərhələ başlandı: “Həmin dövrdə atılan mühüm addımlardan biri Azərbaycan xalqının azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsi idi. Xalqın vahid ideologiya, düşüncə və milli məqsəd ətrafında birləşdirilməsi strateji əhəmiyyət daşıyırdı. Məhz bu birliyin təməli sonrakı mərhələdə Azərbaycanın qarşısında duran tarixi vəzifələrin yerinə yetirilməsi, torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin yeni uğurlara doğru irəliləməsi üçün mühüm zəmin yaratdı. Azərbaycançılıq ideologiyası Azərbaycanın qələbəsini və zəfərini möhkəmləndirən, ölkəni yeni nailiyyətlərə doğru inamla aparan əsas amillərdən biridir. Bu ideya dövlətimizin güclənməsinə, potensialının və imkanlarının genişlənməsinə, müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edib”.

Deputat qeyd edib ki, azərbaycançılıq ideologiyasının mühüm nəticələrindən biri ölkədə yaşayan müxtəlif etnik qrupların vahid dövlətçilik ideyası ətrafında birləşməsi və milli həmrəyliyin təmin olunmasıdır. Bu siyasət, eyni zamanda, ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərinin qarşısının qətiyyətlə, uzaqgörənliklə və prinsipiallıqla alınmasında da özünü göstərib. Müasir dövrdə dünyada geosiyasi rəqabət güclənir, dövlətlərin daxili işlərinə müdaxilə məsələsi beynəlxalq münasibətlərin aktual problemlərindən biri olaraq qalır. Belə bir şəraitdə milli birliyin qorunması, cəmiyyətin dayanıqlılığının təmin edilməsi və dövlət suverenliyinin müdafiəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş qərarların icrasını təmin etməsi ölkəmizin milli iradəsinin və dövlətçilik potensialının göstəricisidir. “Azərbaycanın əldə etdiyi nailiyyətlər və artan imkanları ölkəmizin müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməsinə şərait yaradır. Bu proses Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun artmasına, müxtəlif tərəfdaşlarla əməkdaşlığın genişlənməsinə imkan verir. Azərbaycançılıq ideologiyası ətrafında milli birliyin və həmrəyliyin qorunması bu gün də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Cəmiyyətin dayanıqlılığının təmin edilməsi, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi xalqın vahid məqsəd ətrafında birləşməsi ilə sıx bağlıdır”, - deyə deputat əlavə edib.

Kamran Bayramov: Azərbaycançılıq ideologiyası ölkəmizin beynəlxalq aləmdə dialoq mərkəzi kimi mövqeyini gücləndirir

Millət vəkili Kamran Bayramov isə bildirib ki, azərbaycançılıq ideologiyası xalqımızın tarixi təkamülünün və zəngin dövlətçilik ənənələrinin məntiqi nəticəsidir: “Azərbaycançılıq ideologiyası xalqımızın çoxəsrlik tarixi təkamülünün, zəngin dövlətçilik ənənələrinin və müxtəlif mədəniyyətlərin qovuşduğu unikal coğrafi-mədəni məkanın məntiqi nəticəsi kimi meydana çıxıb. Bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların, etnik qrupların və dini konfessiyaların özlərini Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi, bərabərhüquqlu vətəndaşı kimi hiss etmələrini təmin edən ən etibarlı təminatdır”.

Onun sözlərinə görə, Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın tarixi birgəyaşayış təcrübəsinin beynəlxalq miqyasda təqdim olunması baxımından əhəmiyyətlidir. Məhz bu zəngin tarixi irsin və sınaqdan keçmiş multikulturalizm modelinin məntiqi davamı olaraq, Bakıda təşkil edilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal sülh və əməkdaşlıq xəritəsindəki strateji mövqeyini bir daha nümayiş etdirir. Əsrlər boyu formalaşan azərbaycançılıq məfkurəsi bu gün təkcə ölkə daxilində milli birliyi təmin etmir, həm də beynəlxalq aləmdə fərqli sivilizasiyalar arasında körpü rolunu oynayır. Müasir dünyada ksenofobiya, etnik qapalılıq və dini ayrı-seçkilik meyllərinin artdığı bir şəraitdə Bakı Forumunun keçirilməsi qlobal miqyasda dialoq və qarşılıqlı anlaşma mədəniyyətinin dirçəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan bu möhtəşəm tədbirə ev sahibliyi etməklə özünün tarixi birgəyaşayış təcrübəsini bəşəriyyətin ortaq dəyərinə çevirir və göstərir ki, müxtəlif mənşəli insanların dinc, yanaşı və həmrəy yaşaması mümkündür.

K.Bayramov qeyd edib ki, azərbaycançılıq ideologiyası Azərbaycanın beynəlxalq aləmdə mənəvi-mədəni dialoq mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə də töhfə verir: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi azərbaycançılıq ideologiyasının dünyaya çatdırdığı barış və əməkdaşlıq mesajının qlobal miqyasda təqdim olunmasına xidmət edir. Bu platforma dünya liderlərini, beynəlxalq təşkilatları, mütəfəkkir və alimləri bir araya gətirərək müasir çağırışlara qarşı birgə həll yollarının tapılmasına və mədəniyyətlərarası dialoqun yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır. Beləliklə, forum Azərbaycanın sadəcə siyasi, iqtisadi, enerji və nəqliyyat qovşağı deyil, həm də mənəvi-mədəni dialoq mərkəzi kimi beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir”.

Nardar BAYRAMLI