ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) qlobal neft ehtiyatlarının azalması və Yaxın Şərqdəki münaqişələrin təchizat və nəqliyyata təsiri səbəbindən ardıcıl dördüncü ay neft qiyməti proqnozlarını yuxarı istiqamətdə yenidən nəzərdən keçirib.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, EIA-nın noyabr ayı üçün “Qısamüddətli enerji perspektivi” hesabatına görə, beynəlxalq etalon olan “Brent” xam neftinin orta qiyməti oktyabr ayında barel üçün 124 dollara çatıb. Bu rəqəm sentyabr ayının orta göstəricisindən 10 dollar yüksəkdir. Beləliklə, inflyasiyaya uyğunlaşdırılmış məlumatlara görə, həmin markalı neft 2022-ci ilin iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.
Hesabatda bildirilir ki, qlobal neft ehtiyatlarının azalması Körfəzdə neft tankerlərinə hücumlar, dəniz nəqliyyatı tutumunun məhdudlaşdırılması və artan gəmiçilik xərcləri ilə bağlıdır. Bu vəziyyətin davam edəcəyini nəzərə alaraq, “Brent” neftinin spot qiymətinin ilin qalan hissəsində bir barel üçün 100 dollar ətrafında dəyişəcəyi gözlənilir.
EIA bu il üçün “Brent” neftinin orta qiyməti proqnozunu əvvəlki hesabatdakı 96,32 dollardan 97,44 dollara qaldırıb. “West Texas Intermediate” (WTI) xam neftinin orta qiymət proqnozu da bir barel üçün 88,21 dollardan 88,29 dollara qaldırılıb.
Administrasiya, həmçinin 2027-ci il üçün neftin qiyməti proqnozlarını özünün əvvəlki hesabatı ilə müqayisədə yuxarı istiqamətdə yenidən nəzərdən keçirib.
Müvafiq olaraq, gələn il “Brent” neftinin orta barel qiyməti proqnozu 83,74 dollardan 85,78 dollara, WTI neftinin orta barel qiyməti proqnozu isə 79,74 dollardan 80,54 dollara qaldırılıb. Bu, EIA-nın qiymət proqnozlarını yuxarı istiqamətdə yenidən nəzərdən keçirdiyi dördüncü haldır.