Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Cari ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin gəlirləri 29 milyard 311,8 milyon manat, xərcləri 25 milyard 348,2 milyon manat olub, 3 milyard 963,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 9 ay ərzində dövlət büdcəsinin gəlirləri 28 milyard 524,4 milyon manat proqnoza qarşı 29 milyard 311,8 milyon manat və yaxud 787,4 milyon manat (2,8 faiz) çox icra edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 19 milyard 683,8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 402,1 milyon manat və ya 7,7 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 13 milyard 630,4 milyon manatı və ya 46,5 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 9 milyard 628 milyon manatı və ya 32,8 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 4 milyard 973,3 milyon manatı və ya 17 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 543,2 milyon manatı və ya 1,9 faizi dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 43,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 493,7 milyon manatı və ya 1,7 faizi sair daxilolmaların payına düşür.