Bakı çox gözəl şəhərdir. Bu gün Bakıda olmağımıza çox şadıq. Biz “Çelsi” klubunun azarkeşləriyik. Hesab edirəm ki, oyunda “Çelsi” 3:1 hesabı ilə qalib gələcək.
Bu fikirləri UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn londonlu Kayt və Qayls Ueblin qardaşları mayın 28-də AZƏRTAC-a müsahibələrində deyiblər.
Bakıda üç gün qalacaqlarını vurğulayan Kayt Ueblin bildirib: “Vaxt olduqca şəhərin görməli yerlərini gəzməyə çalışırıq. Bakının memarlıq nümunələri arasında diqqətimizi ilk cəlb edən möhtəşəm “Alov qüllələri’’ oldu”.
Qayls Ueblin isə Londondan ölkəmizə gəlmək istəyənlərin çox olduğunu vurğulayaraq deyib: “Bakı çox xoşumuza gəldi. Xüsusilə xalqınızın milli mətbəxinin çox ləzzətli olduğunu deməliyəm. Ən çox sevdiyim yemək isə kabablar oldu. Bir sözlə, Bakını çox bəyəndim”.