Marafonda ilk dəfə iştirak edirəm. Marafonçu olmasam da, özümü sınamaq istədim. 21 kilometr məsafəni öz gücümə qət edərək küləyə qalib gəldim. “Bakı Marafonu 2018”də 10-dan çox paralimpiyaçı mübarizə aparırdı.
Yarışda finişə çatacağımı gözləmirdim. Marafondakı bu qələbəmlə əlil insanlara demək istəyirəm ki, onlar ruhdan düşməsinlər, mənim kimi paralimpiyaçıların qazandığı nailiyyətləri görsünlər və həyat eşqləri daha da artsın.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində “Bakı Marafonu 2018”də paralimpiyaçılar arasında qalib gələn Mehman Ramazanzadə deyib.
“Dövlətimizin dəstəyi sayəsində paralimpiyaçılarımız idman arabaları ilə təmin olunublar. Heydər Əliyev Fondunun təşəbbüsü ilə artıq üçüncü ildir ki, keçirilən Bakı marafonu çox gözəl layihədir. Yarışda paralimpiyaçıların da iştirak etməsinə şərait yaradıldığı üçün “Bakı Marafonu 2018”in təşkilatçılarına minnətdarlığımı bildirirəm”, - deyə M.Ramazanzadə qeyd edib.