Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 25 illik yubileyi ərəfəsində gənclər arasında Olimpiya hərəkatının təbliğinə, Azərbaycanın Olimpiadada qazandığı uğurlara dair www.mok25.az veb-səhifəsi yaradılıb. İnteraktiv oyunlarda Azərbaycanın fəxri olan Olimpiya çempionları haqqında məlumat əldə etmək, mövcud bilikləri genişləndirmək mümkündür.
MOK-dan AZƏRTAC-a bildiriblər ki, oktyabrdan başlayan interaktiv oyunlar şəklində keçirilən onlayn yarışlar böyük marağa səbəb olub. İlk ayın qalibi adını Günel Əliyeva, növbəti aylarda isə Zamiq Xurşudov, Səbuhi Əlizadə qazanıblar.
Qaliblər MOK-un qiymətli hədiyyələri ilə təltif ediliblər. Yarışın sonuncu mərhələsi hər bir ayın qaliblərinin böyük yarışıdır. Burada Olimpiya hərəkatının və Azərbaycan çempionları haqqında dərin biliyə sahib Günel Əliyeva qələbə qazanıb. O, MOK-un 25 illiyi münasibətilə hazırlanan və məhdud sayda buraxılan xüsusi medalla təltif olunub.