Macarıstanın Pecs şəhərində Bədii gimnastika üzrə XIII Beynəlxalq Pecs Kuboku uğrunda yarışlar keçirilib. Turnirdə iştirak edən həmyerlimiz Mina Abbasova bütün rəqiblərini geridə qoyaraq qızıl medala layiq görülüb.
Turnirdə ev sahibliyi edən Macarıstanla yanaşı, 15-dən çox xarici ölkənin - Xorvatiya, İsrail, Avstriya, Rusiya, Bosniya və Herseqovina, Polşa, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveç, Almaniya, Moldova, Slovakiya, Sloveniya, Belçika və digər dövlətlərin təmsilçiləri iştirak ediblər.
Məlumat üçün bildirək ki, Mina Abbasova artıq 2 ildir ki, Budapeştdə fəaliyyət göstərən Rus Ritmik Gimnastik Sport Klubunda təmsil olunur. Klubun rəhbəri Lyubov Aleksandrovna Bernat və məşqçi İnqa Mackuz Minanın gələcəkdə dünya şöhrətli bir gimnast olacağına əminliklərini bildiriblər. Onların sözlərinə görə, 7 yaşlı gimnast Almaniya, Çexiya, Serbiya və Slovakiyada keçirilən beynəlxalq turnirlərdə də fəxri kürsünün yüksək pillələrinə layiq görülüb.
Qeyd edək ki, həmyerlimiz bu il dekabrın 9-da Budapeştdə keçiriləcək XIII Beynəlxalq “Mikulas” yarışında, dekabrın 16-da isə Lüksemburqda VI dəfə düzənlənəcək “Lüksemburq Kuboku-2017” Beynəlxalq turnirində iştirak edəcək.
MÜŞFİQƏ