Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub

Azərbaycanın kişi şahmatçılarından ibarət yığması Avropa çempionu olub

Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığması qalib olub.
AZƏRTAC xəbər verir ki, bu gün keçirilən sonuncu - doqquzuncu turda komandamızın Ukrayna yığması ilə oyunu 2:2 hesabı ilə yekunlaşıb. Azərbaycan-Ukrayna matçında Şəhriyar Məmmədyarov-Pavel Elyanov, Teymur Rəcəbov-Yuri Krivoruçko, Arkadi Naydiç-Ruslan Panomaryov və Rauf Məmmədov-Yuri Kuzubov görüşləri heç-heçə yekunlaşıb.
Ukrayna komandası ilə heç-heçə oynayan şahmatçılarımız turniri 14 xalla başa vurublar.
Sonuncu turda Almaniya yığmasını 3:1 hesabı ilə məğlub edən Rusiya komandası da xallarını 14-ə çatdırıb.
Beləliklə, əlavə əmsallara görə yekunda Azərbaycan yığması turnir cədvəlində ilk yeri tutaraq Avropa çempionu adını qazanıb. Rusiya ikinci, Ukrayna komandası üçüncü yeri tutub.