Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, avqustun 13-də qadınlar arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində 8 idmançı iştirak edib. Çin idmançısı Donqi Cen rəqiblərini üstələyərək 456,2 xalla birinci yeri tutub. O, komandasına 5-ci qızıl medalı qazandıraraq “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Silinq Yi (Çin) 455,4 xalla ikinci, Anna Zukova (Rusiya) 444,8 xalla üçüncü yeri tutub.
Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Hazırda Çin idmançıları 9 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medaldır.
Qeyd edək ki, 6 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 20 idmançı “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.