Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qadın voleybolçularımızın belçikalı rəqibləri ilə görüşünü izləyib

Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunları çərçivəsində iyunun 19-da qadınlar arasında voleybol yarışları keçirilib.
Azərbaycan millisinin Belçika yığması ilə keçirdiyi görüşü birinci xanım, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri də izləyiblər.
A qrupunda yer alan Azərbaycan millisi Belçika yığması ilə keçirdiyi görüşün birinci setində 25:21 hesabı ilə qalib gəlib. İkinci setdə 22:25 hesabı ilə belçikalılara məğlub olan voleybolçularımız üçüncü setdə rəqiblərindən üstün olub: 25:20. Dördüncü setdə isə belçikalılar uğur qazanıb: 25:21. Görüşün taleyi 5-ci setdə - taybrekdə həll olunub. Bu seti Azərbaycan yığması 15:6 hesabı ilə qalib başa vurub. Ümumi nəticədə voleybolçularımız 3:2 hesabı ilə rəqiblərindən üstün olublar.
Xatırladaq ki, ilk görüşünü Rumıniya yığmasına qarşı keçirən millimiz bu görüşdən qalib ayrılıb. İyunun 15-də isə qadın voleybolçularımız Polşa millisini 3:0 hesabı ilə məğlub edib. Bunun ardınca İtaliya millisinə qalib gələn Azərbaycan yığması qrupda öz liderliyini qoruyub saxlayır.