Vergilər Nazirliyi respublikamızda ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də, birinci Avropa Oyunları keçiriləcək 18 arena və onların ətrafında yerləşən təsərrüfat subyektlərindəki müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb. Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, birinci Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə, ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatıb ki, onların da 62,4 faizi Bakı şəhərinin, 37,6 faizi isə digər şəhər və rayonların payına düşür.