“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, tarixi idman hadisəsidir. Bu Oyunlarda Azərbaycan ilkə imza atacaq”. Bunu qəzetimizə açıqlamasında Olimpiya çempionu Toğrul Əsgərov deyib.
Onun sözlərinə görə, Oyunların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir: “Son dövrlər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər göz qabağındadır. İdmançılarımız tərəfindən əldə olunan saysız-hesabsız medallar, eləcə də, parlaq qələbələr bunu bir daha sübut edir”.
Toğrul Əsgərov, həmçinin, “Azərbaycanda bu günə kimi müxtəlif idman növləri üzrə Avropa və Dünya çempionatları keçirilib. Avropa Oyunlarının keçirilməsi isə idmançılarımıza verilən daha bir şansdır. Hesab edirəm ki, idmançılarımız bu şansı yetərincə dəyərləndirəcək və növbəti uğurlar qazanacaqlar”, - deyib.