Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl, 2 bürünc medal qazanıblar

Güləşçilərimiz beynəlxalq turnirdə 1 qızıl, 2 bürünc medal qazanıblar

İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunan güləş üzrə sayca 43-cü beynəlxalq turnir başa çatıb. Turnirdə 6 idmançı ilə iştirak edən böyüklərdən ibarət sərbəst güləş üzrə yığma komandamız üç (1 qızıl və 2 bürünc) medal qazanıb. Azərbaycan Güləş Federasiyasından qəzetimizə verilən məlumata görə, məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi ilə turnirdə mübarizə aparan güləşçilərimiz yarışların ilk günü 2 bürünc medal qazanıblar. Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar. Turnirin ikinci günündə isə təmsilçimiz Aleksandr Qostiyev (86 kq) yığmamıza qızıl medal qazandırıb. Finaladək bütün rəqiblərindən üstün olan güləşçimiz həlledici görüşdə Polşa təmsilçisinə də heç bir şans verməyib.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.
NADİR