Bu gün Azərbaycan Kubokunda daha dörd oyun keçiriləcək

Bu gün Azərbaycan Kubokunda daha dörd oyun keçiriləcək

Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha dörd oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasında mübarizə aparan üç komanda - “Araz-Naxçıvan”, “Kəpəz” və “Səbail” mübarizəyə start verəcəklər.

Günün ilk matçı Sumqayıtda reallaşacaq. “Kapital Bank Arena”nın ehtiyat meydançasında MOİK “Şimal”ı qəbul edəcək. Görüş saat 14:00-da başlayacaq.

“Araz-Naxçıvan” “Liv Bona Dea Arena”da “Şahdağ Qusar”la, “Kəpəz” Tovuz şəhər stadionunda “Ağdaş”la münasibətlərini aydınlaşdıracaq. Hər iki görüş saat 16:00-da start götürəcək.

Saat 18:00-da isə “Dinamo” (Bakı) klubu “ASCO Arena”da “Səbail”i qəbul edəcək.

Bu raundun digər qarşılaşmaları oktyabrın 30-31-də təşkil olunacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin ilk matçında "Turan Tovuz" “Hypers Guba”nı 7:2 hesabı ilə məğlub edərək, 1/8 finalda “Sabah”a rəqib olub.