Dublin sammiti: Azərbaycanın real orta güc statusunun növbəti təsdiqi

 

Bakı ilə Avropa arasındakı münasibətlərdə yeni siyasi mərhələ

Yeni siyasi-iqtisadi nizamın ortaya çıxardığı həqiqətlərdən biri də artıq qlobal proseslərdə orta güc statuslu dövlətləritn də aktiv iştirakıdır. 2020-ci ildən sonra Avrasiyanın siyasi-iqtisadi atlasında baş verən mühüm nüanslar yeni orta güclərin həm qitələrarası münasibətlər sisteminin formalaşmasında, həm də iqtisadi inteqrasiyalardakı rolunu genişləndirib.  Azərbaycan da yeni orta güc statuslu dövlət olaraq son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində bu istiqamətlərin hər biri üzrə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xüsusilə Avropa dövlətləri ilə münasibətlərin yeni məzmun qazanması, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişlənməsi və ölkəmizin mühüm siyasi platformalarda fəal iştirakı Azərbaycanın beynəlxalq nüfuzunun artdığını təsdiqləyir.

Prezident İlham Əliyevin 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən Avropa Siyasi Birliyinin (ASB) 9-cu Zirvə toplantısında iştirakı bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Təxminən 50 dövlət və hökumət başçısının qatıldığı tədbir Avropanın təhlükəsizlik, iqtisadi dayanıqlılıq, enerji təminatı və nəqliyyat bağlantıları kimi aktual məsələlərinin müzakirəsi üçün mühüm platforma rolunu oynadı. Azərbaycanın dövlət başçısının bu toplantıda iştirakı ölkəmizin Avropa gündəliyinə təsir imkanlarını genişləndirməklə yanaşı, milli maraqlarımızın beynəlxalq səviyyədə ifadəsi üçün əlavə imkanlar yaratdı. Dublin sammiti bir daha nümayiş etdirdi ki, Azərbaycan Avropa münasibətləri birtərəfli inkişaf mahiyyəti daşımır - tam əksinə, iqtisadi tərəfdaşlıqla yanaşı qoca qitə ilə Bakı arasında yüksəksəviyyəli siyasi dialoq, regional təhlükəsizliyin möhkəmləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından da konkret təşəbbüslərə söykənən tərəfdaşlıq əlaqələri oturuşur.

Uğurlu xarici siyasət kursunun nəticələri

Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, Avropa ölkələrinin Azərbaycanla siyasi və iqtisadi əlaqələri genişləndirmək istiqamətində nümayiş etdirdiyi fəallıq təsadüfi deyil - bu münasibətlərin arxasında ölkəmizin beynəlxalq arenada qazandığı etimad, həyata keçirdiyi müstəqil siyasət və regional proseslərdə artan təsir imkanları dayanır. Azərbaycan artıq yalnız geostrateji coğrafi üstünlüklərə malik dövlət kimi xarakterizə olunmur - Bakı artıq Avropa ilə Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan orta güc statuslu regional aktor kimi qəbul edilir. Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda nümayiş etdirdiyi prinsipial mövqe və qətiiyyət, oratya qoyduğu real siyasət bu etimadın formalaşmasında ən mühüm amildir.

Bir statistikaya diqqət yetirmək lazımdır - post-müharibə dövründə Avropanın aparıcı strukturlarının rəhbərlərinin regional proseslərə münasibəti məhz Bakının mövqeyi əsasında müəyyənləşir. Bunun nəticəsidir ki, hətta Avropa İttifaqının rəhbərliyində təmsil olunan şəxslərin Bakıya səfərləri intensivləşib - dövlətimizin başçısı ilə keçirilən görüşlər və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi qarşılıqlı münasibətlərin dinamikasını aydın göstərir. 2025-ci ildə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, genişlənmə üzrə komissarı Marta Kosun Azərbaycana səfərləri, 2026-cı ilin martında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və enerji və mənzil məsələləri üzrə komissar Dan Yorgensenin Bakıya səfərləri, bu ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin işgüzar səfəri bu əlaqələrin yüksək səviyyədə olduğunu təsdiqləyir. Paralel olaraq diqqətçəkən digər məqam Azərbaycanın dövlət başçısının beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşlərə olan qarşılıqlı maraqdır. Avropanın ən mühüm siyasi-iqtisadi platformaları sayılan Davos, Münxen və digər nüfuzlu beynəlxalq tədbirlərdə formalaşan ikitərəfli təmaslar Azərbaycanın siyasi mövqeyinə verilən qiymətin göstəricisidir. Belə görüşlər qarşı tərəfin Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyini, ölkəmizin regional və beynəlxalq məsələlərdə fikirlərinə önəm verildiyini nümayiş etdirir. Əslində, diplomatik münasibətlərdə nüfuzun ən mühüm göstəricilərindən biri tərəfdaşların sizinlə dialoqa ehtiyac duymasıdır. Azərbaycanın qazandığı mövqe də məhz bu reallıqda ifadə olunur.

Enerji və nəqliyyat: Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti böyükdür

Sirr deyil ki, Azərbaycanın Avropa ilə münasibətlərinin möhkəmlənməsində iqtisadi əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat-logistika sahələri xüsusi yer tutur. Ölkəmizin bu istiqamətlərdə qazandığı nəticələr onu Avropa dövlətləri üçün əhəmiyyətli tərəfdaşlardan birinə çevirib. Ən mühüm məqam isə Azərbaycanın əməkdaşlığı yalnız mövcud resursların ixracı ilə məhdudlaşdırmaması, uzunmüddətli regional bağlantıların yaradılmasına və yeni enerji arxitekturasının formalaşmasına sərmayə qoymasıdır. 2022-ci il iyulun 18-də Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması münasibətlərdə yeni mərhələnin başlanğıcı olmuşdu. Sənəd Avropanın enerji mənbələrinin şaxələndirilməsi və Azərbaycan qazının Avropa bazarlarına çatdırılmasının genişləndirilməsi baxımından mühüm siyasi-hüquqi əsas yaratdı. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Bu göstərici ölkəmizin enerji təchizatçısı kimi etibarlılığını və Avropanın enerji təhlükəsizliyindəki rolunu təsdiqləyir. Əməkdaşlığın perspektivləri isə ənənəvi enerji resursları ilə bitmir. Xəzər dənizinin zəngin külək enerjisi potensialı, günəş elektrik stansiyalarının yaradılması, Mərkəzi Asiya ilə yaşıl enerji bağlantılarının qurulması və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi Azərbaycanın Avropa ilə enerji əməkdaşlığını yeni müstəviyə çıxara bilər. Bu layihələr ölkəmizin gələcəkdə yaşıl enerjinin istehsalçısı və tranzit iştirakçısı kimi mövqeyini gücləndirmək imkanlarına malikdir.

2020-ci il Vətən müharibəsitndə qazanılan şələbə isə bütövlükdə Avrasiyanın iqtisadi nəqliyyat xəritəsinə vacib elementləri əlavə etmiş oldu. Bakı regionda yeni təhlükəsizlik arxitekturası yaratmaqla yanaşı, qlobal daşımaçılıqda yeni bir səhifə açmış oldu. Bunun nəticəsidir ki, Orta Dəhlizin inkişafı, Şərq-Qərb və Şimal-Cənub marşrutlarının ölkəmizin ərazisindən keçməsi beynəlxalq yükdaşımaların səmərəliliyini də artırır. Xəzər hövzəsi ilə Avropa arasında əlaqələrin genişlənməsi Azərbaycanı mühüm logistika mərkəzinə çevirir. Təsadüfi deyil ki, Dublin sammitinin gündəliyində də enerji təminatı və nəqliyyat bağlantıları əsas müzakirə istiqamətləri sırasında yer alıb. Bu, Azərbaycanın artıq real layihələrlə töhfə verdiyi sahələrin Avropa üçün əhəmiyyətini bir daha önə çıxarır. Bakı bu gün Orta dəhlizin şaxələndirilməsi layihəsi üzərində fəal iş aparır - məhz Azərbaycanın irəli sürdüyü təşəbbüs əsasında Zəngəzur dəhlizi (TRİPP) açılır. 2025-ci ilin avqustunda Vaşinqtonda özünün beynəlxalq dəstəyini qazanmış bu layihə Avropanın da diqqət mərkəzindədir. Bu ilin yayında həm AK rəhbərinin bakı səfəri zamanı, həm də Azərbaycan Prezidentinin Almaniyaya səfəri çərçivəsində keçirilən görüşlərdə Avropanın Asiya ilə iqtisadi əlaqələrinin inkişafının məhz Azərbaycan üzərindən edilməsi məsələsi aparıcı mövculardan biri olmuşdu.

Dublin görüşləri: Azərbaycanın Avropa ölkələri ilə çoxşaxəli siyasi dialoqu genişlənir

Prezident İlham Əliyevin Dublin sammitində iştirakı yalnız çoxtərəfli müzakirələrlə məhdudlaşmadı. Zirvə toplantısı çərçivəsində dövlətimizin başçısının bir sıra ölkələrin liderləri və Avropa institutlarının rəhbərləri ilə keçirdiyi görüşlər Azərbaycanın ikitərəfli diplomatiyasının da fəallığını nümayiş etdirdi. Müxtəlif coğrafiyaları və siyasi maraqları təmsil edən dövlətlərlə aparılan danışıqlar ölkəmizin Avropa məkanında geniş tərəfdaşlıq şəbəkəsinə malik olduğunu göstərdi. Mövzular isə genişspektrli idi. Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, özəl sektor arasında əməkdaşlıq və humanitar məsələlər, Moldova Prezidenti Maya Sandu ilə təmaslarda enerji təhlükəsizliyi, kənd təsərrüfatı və qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, Bolqarıstanın Baş naziri Rumen Radev və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə danışıqlarda enerji sahəsində əməkdaşlıq, qaz təchizatı və yeni bağlantı imkanları, Çexiyanın Baş naziri Andrey Babişlə görüşdə isə iqtisadi-ticari münasibətlərin, investisiya layihələrinin və biznes əlaqələrinin genişləndirilməsi məsələlərinə toxunuldu. Dublin təmaslarının ən mühüm siyasi istiqamətlərindən biri Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüş oldu. Tərəflər sülh gündəliyinin irəlilədilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat və tranzit əlaqələrinin inkişafı, TRIPP layihəsinin reallaşdırılması və iqtisadi-ticari münasibətlərin genişləndirilməsi ətrafında fikir mübadiləsi apardılar. Bu görüş Cənubi Qafqazda davamlı sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin keçirdiyi görüşlər arasında Rumıniya Prezidenti Nikuşor Dan, Litva Prezidenti Gitanas Nauseda və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə keçirilən görüşlər də siyasi dialoqun müxtəlif istiqamətlərini əhatə etdi. Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüş və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi isə Dublin səfərinin mühüm nəticələrindən biri kimi qiymətləndirilə bilər. Bütün bunlar Azərbaycanın Avropa ilə münasibətlərinin ayrı-ayrı sahələr üzrə deyil, bütöv strateji əməkdaşlıq məntiqi əsasında inkişaf etdiyini göstərir.

ASB platforması Azərbaycanın beynəlxalq diplomatiyasının yeni imkanlarını formalaşdırır

Vurğulanmalıdır ki, Avropa Siyasi Birliyi yarandığı gündən etibarən Avropa qitəsində ortaq çağırışların müzakirəsi, dövlətlər arasında siyasi əlaqələrin möhkəmləndirilməsi və təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması üçün mühüm platformaya çevrilib. Azərbaycan bu formatın fəaliyyətində başlanğıcdan etibarən fəal iştirak etməklə Avropa siyasi məkanındakı mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin Praqa, Bulboaka, Oksford, Tirana, Kopenhagen, İrəvan və Dublin sammitlərində iştirakı ölkəmizin bu platformaya verdiyi önəmin göstəricisidir. Xüsusilə 2026-cı il mayın 4-də İrəvanda keçirilən 8-ci Zirvə toplantısına dövlət başçısının videobağlantı vasitəsilə qoşulması Azərbaycanın regional sülh təşəbbüslərinin beynəlxalq müstəvidə təqdim edilməsi baxımından diqqətəlayiq hadisə oldu.

Prezident İlham Əliyev həmin çıxışında Azərbaycanın 2028-ci ilin mayında ASB sammitinə ev sahibliyi edəcəyini açıqladı. Bu qərarın qəbulunda Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi xüsusi siyasi məna daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu addım iki ölkə arasında sülhün mövcudluğunun və yeni münasibətlər mərhələsinin formalaşmasının göstəricilərindən biridir.

Azərbaycanın 2028-ci ildə belə nüfuzlu tədbirə ev sahibliyi etməsi ölkəmizin diplomatik imkanlarının genişliyini təsdiqləyən mühüm hadisə olacaq. Bu, sadəcə təşkilati məsələ deyil. Bakı sammiti Avropa dövlətlərinin rəhbərləri ilə birbaşa siyasi dialoqun genişləndirilməsi, regional məsələlərin ölkəmizin mövqeyindən təqdim olunması və yeni əməkdaşlıq mexanizmlərinin müzakirəsi üçün əlverişli şərait yaradacaq.

Digər tərəfdən, Azərbaycanın beynəlxalq gündəliyi yalnız Avropa istiqaməti ilə məhdudlaşmır. Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsi, İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin davam etdirilməsi ölkəmizin çoxşaxəli diplomatiyasının miqyasını göstərir. Azərbaycan müxtəlif siyasi və iqtisadi məkanlar arasında əlaqələndirici rolunu gücləndirməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus mövqeyini möhkəmləndirir.

Pərviz SADAYOĞLU