Azərbaycan elmi-pedaqoji fikir sferasında İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu və İrəvan Dövlət Pedaqoji İnstitutunun özünəməxsus yeri vardır. Bu təhsil ocaqları tariximizdə müəyyən izlər qoymuşdur. Azərbaycan elminin və təhsilinin inkişafında bu təhsil müəssisələrinin məzunlarının da müstəsna rolu olmuşdur.
Qərbi Azərbaycanın elmi potensialının mayasını təşkil edən, deportasiyaya uğrayaraq 1948-ci ildə Bakıya köçürülməklə fəaliyyətinə son qoyulan İrəvan Pedaqoji İnstitutu nəzdindəki Azərbaycan bölməsi uzun və keşməkeşli bir yol keçmişdir.
1924-1925-ci dərs ilində İrəvan Dövlət Universitetinin nəzdində azərbaycanlılar üçün ilk dəfə türk işçi fakültəsi açıldı. İlk ildə burada cəmi 18 tələbə oxumuşdu. Bu fakültə 15 il fəaliyyət göstərə bildi, on beş il davam edən bu fakültədə ilk pedaqoji kadrlar hazırlandı. Azərbaycan dilində ədəbiyyatın yoxluğu, mütəxəssis kadrların çatışmaması tədrisin keyfiyyətində öz təsirini göstərirdi.
1936-1937-ci dərs ilində İrəvan Dövlət Qiyabi Pedaqoji İnstitutu da təsis edildi. “Beynəlmiləlçilik” siyasətinə müvafiq olaraq onun nəzdində türk şöbəsi təşkil edilmişdi. Lakin qəbul qaydalarına, xüsusən azərbaycanlılarla bağlı qoyulan bürokratik tələblər sənəd qəbulunu ləngidirdi. Axırda bu bölmədə yerlər boş qalırdı. Ona görə də elə birinci il Türk məktəblərində coğrafiya, tarix müəllimlərinə olan böyük ehtiyac nəzərə alınaraq qiyabi institutun bu bölməsinin coğrafiya və tarix şöbələrinə sənəd qəbulu işi aprelin 10-dək uzadılmışdı. İlbəil yaranan kəm-kəsirin hesabına Azərbaycan məktəblərinin kadr çatışmazlığı o yerə çatdırılmışdı ki, məktəblər bağlanmaq təhlükəsi ilə üzləşirdi, ona görə də əlavə tədbirlər görmək lazım gəlirdi. 1937-ci ildə İrəvanda İkiillik Müəllimlər İnstitutunun Azərbaycan şöbəsi də açılaraq bir müddət fəaliyyət göstərdi. Burada 20 nəfərin əyani, 20 nəfərin qiyabi təhsil alması planlaşdırılmışdı. Tədris prosesinin səmərəli təşkilinə imkan olmadığı üçün müəllimlər əsasən Bakıdan dəvət olunurdu. Dərsliklər də Bakıdan gətirilirdi. Lakin ehtiyac yalnız bununla bitmirdi. Azərbaycanlılara lazımi şərait də yaradılmırdı.
Böyük Vətən müharibəsi illərində Qərbi Azərbaycanda hökumətin yuxarı dairələrində oturan millətçi-şovinistlərin əl-qolu nisbətən bağlanmışdı, onlar müvəqqəti olaraq öz qınlarına çəkilmişdilər. Ona görə də bir sıra görüntülərlə öz çirkin niyyətlərini ört-basdır edirdilər. Həmin dövrdə Azərbaycan dilli mətbuatda da kadr hazırlığı kəskinliyi ilə qoyulur, məktəblərin kadrsız qalmaması üçün təcili tədbirlər görmək təklifləri irəli sürülürdü. Məhz bunların təsiri idi ki, İrəvan Dövlət Pedaqoji İnstitutunun 4 fakültəsinin Azərbaycan şöbəsində dil-ədəbiyyat, fizika-riyaziyyat, tarix-coğrafiya müəllimləri hazırlanırdı. Onlar buna mane olsa da, bu prosesi dayandırmağa qabil deyildilər. Azərbaycanlı ziyalılar isə bu yolda öz səylərini davam etdirirdilər.
Uzun müddət Azərbaycan Pedaqoji İnstitutunda çalışmış Fərhad Fərhadov 1942-1943-cü illərdə müharibədən qayıtdıqdan sonra həm İrəvan Pedaqoji Texnikumunda, həm də 1944-cü ildən başlayaraq İrəvan Pedaqoji İnstitutunda dərs deməyə başlamışdır. O, 1945-ci ildə İrəvanda “Qədim və orta əsrlər ədəbiyyatına dair oçerklər” kitabının nəşrinə də nail olmuşdu. Lakin Mərkəzi hökumətin əli ilə həyata keçirilən azərbaycanlıların “mədəni deportasiyası” 1948-ci ildə onun da İrəvanı tərk etməsilə nəticələnmişdir. Azərbaycan bölməsinin cəfakeşlərindən olan professor Rəhim Allahverdiyev (1907-1973) 1945-ci ildən deportasiyaya qədər İrəvan Dövlət Pedaqoji İnstitutunda dərs aparmışdır.
Ermənilərin azərbaycanlıları sıxışdırmalarının nəticəsi olaraq, deportasiya ərəfəsində, yəni 1947-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin 4 fakültəsində cəmi 20 tələbə oxuyurdu. Bu elə vaxt idi ki, azərbaycanlıların deportasiyasının yeni dalğası gözlənilirdi. Elə bu zaman İrəvan Dövlət Pedaqoji İnstitutunun Elmi Şurası Azərbaycan şöbəsinin işini müzakirəyə çıxararaq, onları bir qədər də sıxışdırdı. 1947-ci il 22 iyunda bu barədə qəbul edilən qərara əsasən Azərbaycan şöbəsi erməni şöbələri ilə birləşdirildi. Azərbaycan şöbəsinin dekanları isə erməni bölməsi dekanlarının müavini vəzifəsinə keçirildi. Onların müstəqil qərar qəbul etmək səlahiyyəti əllərindən alındı. Bununla da bu fakültələrdə milli-mənəvi dəyərlərə ağır zərbə vuruldu. Getdikcə Azərbaycan şöbəsində kadr potensialı daha da zəifləyirdi. İnstitutun Azərbaycan şöbəsində dərs deyən müəllimlərin çoxu əsasən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda da çalışırdılar. İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsindən fərqli olaraq İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunda sanballı kadr potensialı formalaşmışdı. Onu da qeyd edək ki, sovet hakimiyyətinin ilk illərində Ermənistanda da Azərbaycan dilində təhsil ocaqları şəbəkəsinin genişlənməsi orada təhsil alanların sayının sürətlə artmasına təkan vermişdi. Sovet hakimiyyətinin ilk illərində Qərbi Azərbaycanda 1922-1923-cü illərdə 36, 1924-cü ildə 62, 1929-1930-cu illərdə 112, 1931-ci ildə isə 245 Azərbaycan məktəbi fəaliyyət göstərirdi ki, bunlardan da 45-i ancaq İrəvan qəzasında idi. Elə bu sürətli inkişaf da ali təhsilin pedaqoji kadrlar problemini zəruri edirdi. Ali təhsilli müəllimlər nəinki çatışmırdı, onlar yox dərəcəsində idi. Bu məsələ 1922-ci ildə Ermənistan Xalq Maarif Komissarlığı nəzdində “Azlıqda qalan millətlər” şöbəsinin sənədlərində də öz əksini tapmışdı. Müəllim kadrlarının yerləşdirilməsi məsələsini də məhz bu şöbə qaldırmışdı. Ona görə də məktəblərin müəllim kadrları ilə təmin olunması üçün ilk vaxtlar İrəvanda xüsusi kurslar təşkil edildi. Bu hazırlıq kurslarını birinci il 30 azərbaycanlı müəllim bitirsə də, məktəblərin artmaqda olan tələbatı bununla bitmirdi. Bu məqsədlə İrəvandan Bakıya 1923-cü ildə 16, 1925-ci ildə isə 38 nəfər müəllim ali təhsil müəssisələrinə göndərilir. Onların ilk nümayəndələri olan Zəhra Abbasova, Tacirə Bağırova, Mamed Həsənov və bu kimi gənclər ali təhsil aldıqdan sonra İrəvana qayıdaraq bu prosesə qoşulmuşdular.
Lakin ali təhsil problemi yenə də öz həllini tapa bilmirdi. Müəllim çatışmazlığı əldə bəhanə tutularaq çox vaxt türk məktəblərinə qərəzli şəkildə erməni mənşəli direktorlar təyin edilirdi, bir çox hallarda Azərbaycan dilini bilməyən ermənilər azərbaycanlılara dərs deyir, onlara rəhbərlik edirdilər. Bu azmış kimi, müəllim kadrlarına ciddi ehtiyac olduğu halda, yüzlərlə azərbaycanlı tələbəyə “bəy”, “xan”, “mülkədar”, “qolçomaq”, “kulak” və s. övladı damğası vuraraq pedaqoji təhsil müəssisələrindən xaric edirdilər. Təkcə 1930-1935-ci illərdə 102 nəfərdən artıq azərbaycanlı tələbə və müəllim bu adlarla repressiyaya məruz qalmışdılar.
Azərbaycanlıların savadlanmasının qarşısını almaq üçün pedaqoji kadr hazırlığına hər cür maneçilik törədilsə də, onlar öz fəaliyyətlərini davam etdirdilər. Məsələn, 1940-cı ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun nəzdində Azərbaycan şöbəsi və 2 Azərbaycan texnikumu (pedaqoji və kənd təsərrüfatı texnikumları) fəaliyyət göstərirdi.
Azərbaycanın bir çox görkəmli ziyalıları Mir Cəlal, Səməd Vurğun, Mikayıl Rəfili, Süleyman Rüstəm, Nigar Rəfibəyli, Məmməd Aslan və başqaları müxtəlif vaxtlarda İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin qonağı olmuşlar.
Ümumiyyətlə, Ermənistanın müvafiq qurumları İrəvanda azərbaycanlıların ali təhsil alması üçün müstəqil ali təhsil ocağının yaranmasına imkan verməmişlər. Bu işə 1935-ci ildə Gümrüdə və Dilicanda təşkil edilmiş ikiillik qiyabi pedaqoji institutların bir qədər köməyi dəymişdi. Buraya Bakıdan dəvət edilmiş professor Əhməd Seyidov pedaqogikadan, Muxtar Qasımov marksizm-leninizmdən, Məmmədağa Şirəliyev Azərbaycan dilindən, Məmməd Abbasov psixologiyadan dərs deyirdilər. Məhz onların köməyilə 1937-ci ildə İrəvan Pedaqoji İnstitutunda Azərbaycan şöbəsinin açılması bu sahədə müəyyən irəliləyişin yaranmasına səbəb olmuşdu. Bir sözlə, birinci dərəcəli məktəblərdən tutmuş, texnikumlar, ikiillik qiyabi pedaqoji institutlar və pedaqoji institutun Azərbaycan bölməsinədək azərbaycanlı gənclər səylə öz təhsillərinə davam edirdilər. İrəvanda və eləcə də bütün “Ermənistanda” azərbaycanlıların savadlanmasına ciddi çətinlik törədən əsas iki amil var idi. Birinci amil ondan ibarət idi ki, min ildən artıq bir dövrdə azərbaycanlılar ərəb əlifbası əsasında təhsil almışdılar. Yeni təhsil sistemi isə bunu qəbul etmirdi. Hər şeyi yenidən başlamaq lazım gəlirdi. İkinci amil o idi ki, erməni şovinist dairələri yerlərdə buna mane olurdular.
1935-ci ildə Qərbi Azərbaycanda sovet hakimiyyətinin yubileyi günlərində belə azərbaycanlıların təhsil alması üçün hələ də normal şərait yaradılmamışdı. Məktəblilərin işini qaydaya salmaq üçün ali təhsillilərə ciddi ehtiyac yenə də qalırdı. Bütün çətinliklərə baxmayaraq, İrəvanda yaşayan Cahangir Ələkbərbəyov, Bala Əfəndiyev, Mehdi Kazımov, Miryusif Mirbabayev, Abbas Fərəcov, Sadıq Fərəcov, Rza Vəlibəyov, Rza Şeyxzadə, Əkbər Rzayev, Əsgər Əsgərzadə, Rəhim Allahverdiyev, Cəfər Vəlibəyov, Bəhlul Yusifov, Ələşrəf Bayramov, Həbib Məmmədzadə, Əli Yüzbaşıyev, Zaman Vəliyev, Bülbül Kazımova, Tacirə Bağırova, Fatma Qədimova, Həqiqə Abbasova və onlarla başqa azərbaycanlı ziyalı İrəvanda elmin, maarifin, mədəniyyətin inkişafında yorulmadan, ləyaqətlə çalışırdılar. Bu millətsevər ziyalılar xalqın savadlanması üçün dərs deməkdən əlavə, elmin, maarifin əhəmiyyəti haqqında təbliğat aparır, məruzələr edir, məqalələr, proqram, dərs vəsaiti və dərsliklər yazırdılar.
Lakin azərbaycanlıların kütləvi deportasiyası yaxınlaşırdı. SSRİ Nazirlər Sovetinin Azərbaycan xalqına qarşı tarixi cinayət aktı olan 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarlarından sonra köçürülməsi vacib olan obyektlərdən biri kimi siyahıda İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu ilə yanaşı, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi də salındı. Köçürmə zamanı Azərbaycanın gələcək alimləri professor Zərifə Budaqova, professor Bağır Bağırov, uzun müddət “Azərbaycan məktəbi” jurnalının baş redaktoru işləmiş, əməkdar müəllim Zəhra Əliyeva və başqaları da öz təhsillərini Azərbaycan Dövlət Pedaqoji İnstitutunda davam etdirməli olmuşdular.
1954-cü ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun nəzdində Azərbaycan şöbəsi yenidən bərpa edildi. İki fakültəyə - Azərbaycan dili və ədəbiyyatı, fizika-riyaziyyat fakültələrinə 25 nəfər planlasdırılmışdı. Uzun müddət bunu gözləyən azərbaycanlı gənclərin sevincinin hədd-hüdudu yox idi. İrəvanın çox hörmətli ziyalıları bunu rəğbətlə qarşıladılar. İrəvan ziyalıları instituta üz tutdular. İrəvandakı azərbaycanlı ziyalıların instituta müəllim kimi cəlb edilməsi ilk addım oldu. Ermənistanda nəşr olunan “Qızıl şəfəq” qəzetinin, həmçinin “Sovet Ermənistanı” qəzetinin baş redaktoru olmuş, bir neçə çağırış Ermənistan Ali Sovetinin deputatı olmuş Rza Vəlibəyov da (1903-1974) bu işə həvəslə qoşuldu və o, İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin ilk müəllimlərindən biri olub və uzun müddət burada siyasi iqtisad fənnini tədris etmişdi. Eləcə də Azərbaycan pedaqoji ictimaiyyətinə yaxşı tanış olan Ermənistan Ali Soveti sədrinin müavini, “Sovet Ermənistanı” qəzetinin baş redaktoru olmuş Məhərrəm Bayramov xarici ədəbiyyatdan dərs deyirdi. Çox təəssüf ki, onun da həyatı faciə ilə nəticələndi. Tanınmış rəssam, 500-dən çox əsərin müəllifi Cabbar Quliyev də Azərbaycan şöbəsində dərs aparırdı. “Sovet Ermənistanı” qəzetinin baş redaktorunun müavini Sabir Əsədov isə fəlsəfə fənnini tədris etmişdi. Azərbaycan bölməsində bunlardan əlavə, filologiya elmləri doktoru Əkbər İrəvanlı, Əli Dalqılıçov, Adil Süleymanov, Fərrux Rzayev, Mikayıl Heydərov, Lətif Hüseynzadə, Məhərrəm Hüseynov, görkəmli ictimai-siyasi xadim Hidayət Orucov, Arzuman Qəmbərov kimi alimlər də çalışmışdılar.
Təxminən on il sonra, yəni 1961-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul dayandırıldı, yalnız ibtidai sinif müəllimi hazırlayan 25 nəfərlik qrup saxlandı. Buraya yenə də Bakıdan müəllimlər dəvət olunurdu. Azərbaycan EA-nın müxbir üzvü Maqsud Cavadov, Azərbaycan alimlərindən: Zeynal Tağızadə, Azər Hüseynov, Həmid Əliyev, Elməddin Əlibəyzadə, Mehdi Erivanski kimi alimlər tez-tez İrəvana ezam olunur, bir müddət orada qalır, ixtisasları üzrə dərs aparırdılar. Hər dəfə onların gəlişi bu instituta yeni ab-hava gətirirdi.
Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycan bölməsinə rəhbərlik erməni bölməsinin dekanlarına tapşırılmışdı. Azərbaycan bölməsini illər boyu “yamaq” kimi sıxışdırırdılar. Tələbələr hər bir adi məsələ üçün yalnız milliyyətcə erməni olan dekana müraciət etməli idilər. Azərbaycan bölməsi müəllimlərinin təşkilati işlərə qarışması yalnız onların vasitəsilə mümkün olurdu. 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi şəkildə köçürülməsi İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin də bağlanması ilə sonuclandı.
Əminik ki, gec-tez Qərbi Azərbaycanda təhsil tariximizə aid zəngin ənənələr yenidən bərpa olunacaq, böyük elm, təhsil mərkəzinə çevriləcək Azərbaycan dilli müstəqil ali təhsil ocağı yaranıb fəaliyyət göstərəcəkdir.
Cəlal Zəngi,
filologiya üzrə fəlsəfə doktoru, dosent