Avropa İttifaqı (Aİ) Rusiyanın Ukrayna ilə müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədilə 113 fiziki və hüquqi şəxsə qarşı əlavə sanksiyalar tətbiq edib.
AZƏRTAC xəbər verir ki, Aİ-nin qəbul etdiyi yeni qərara əsasən, sanksiya siyahısına 12 fiziki şəxs və 101 qurum daxil edilib. Siyahıya Rusiyanın 50-yə yaxın bankı və maliyyə institutu, həmçinin iri elektron ticarət şirkətləri “Wildberries” və “Ozon” ilə əlaqəli şəxslər daxil edilib. Bundan başqa, Rusiya neft-qaz sektorunda fəaliyyət göstərən, neft emalı zavodlarını və Sankt-Peterburq neft terminalını idarə edən şirkətlər də sanksiyalara məruz qalıb.
Aİ, həmçinin Rusiya mənşəli neft məhsullarını alan, eləcə də sanksiyalardan yayınaraq neft daşınmasında iştirak edən Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omandan olan şirkətləri və iş adamlarını hədəfə alıb.
Qərara əsasən, siyahıya daxil edilən şəxslərin aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların birbaşa və ya dolayısı ilə təqdim edilməsi qadağan olunur. Fiziki şəxslərin Aİ ərazisinə girişinə də qadağa tətbiq edilir.