“Microsoft” şirkətinin xidmətlərində noyabrın 12-də baş verən genişmiqyaslı nasazlığın təsirləri bu gün də davam edib. İstifadəçilər “Outlook” elektron poçt xidməti, “Microsoft Teams” kommunikasiya platforması və “Microsoft 365” sisteminə daxil olan digər tətbiqlərə girişdə çətinliklərlə üzləşiblər. Nəticədə işgüzar yazışmalar, onlayn görüşlər və sənəd mübadiləsində fasilələr yaranıb.
AZƏRTAC xəbər verir ki, hadisə müasir iş mühitinin rəqəmsal platformalardan asılılığını və əsas xidmətlər sıradan çıxdıqda alternativ kommunikasiya vasitələrinin əhəmiyyətini yenidən gündəmə gətirib. Belə ki, kompüter və internet bağlantısı işlək olsa da, iş proseslərinin birbaşa onlayn xidmətlərdən asılılığı həmin platformalarda yaranan nasazlığın gündəlik fəaliyyətə təsir göstərməsinə səbəb olur.
Son illərdə rəqəmsal kommunikasiya vasitələri müxtəlif ölkələrdə fəaliyyət göstərən əməkdaşlar arasında əlaqəni asanlaşdırıb, sənəd mübadiləsini və layihələrin idarə edilməsini sürətləndirib. Lakin bir-biri ilə əlaqəli xidmətlərin eyni texnoloji infrastruktura əsaslanması bir nasazlığın bir neçə funksiyanın fəaliyyətini eyni vaxtda poza bilməsi riskini yaradır.
Bir çox təşkilatda əməkdaşların əlaqə məlumatları, sənədlər və iş tapşırıqları məhz bu platformalarda saxlanılır. Əsas xidmətə giriş mümkün olmadıqda, zəruri məlumatların və alternativ əlaqə vasitələrinin də əlçatmaz olması iş proseslərinin bərpasını çətinləşdirə bilər.
Bu baxımdan ehtiyat kommunikasiya kanallarının yaradılması, vacib əlaqə məlumatlarının və fövqəladə hallar üçün təlimatların əsas rəqəmsal platformalardan kənarda saxlanılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, alternativ sistemlərin seçilməsi zamanı onların texniki baxımdan müstəqil olmasına diqqət yetirilməlidir. Çünki müxtəlif tətbiqlərdən istifadə etmək onların eyni infrastruktura və ya xidmət təminatçısına bağlı olması riskini aradan qaldırmır.
Rəqəmsal xidmətlərin inteqrasiyası və süni intellekt texnologiyalarının iş proseslərinə daha geniş tətbiqi bu asılılığı daha da artırır. Buna görə də texnoloji imkanlardan səmərəli istifadə ilə yanaşı, əsas xidmətlərdə fasilə yarandığı hallarda işin davam etdirilməsini təmin edən alternativ mexanizmlərin əvvəlcədən hazırlanması vacibdir.