“Google” şirkəti Koreya Respublikasının “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində süni intellektlə (Sİ) təchiz olunmuş “ağıllı eynəklər”ini dekabrın 10-da satışa çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Google” şirkətinin rəsmi bloqunda məlumat verilib.
Bildirilib ki, yeni “ağıllı eynəklər” “Gentle Monster”, “Warby Parker” və “Samsung” şirkətləri ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Cihazlarda “Gemini” süni intellekt modelindən istifadə olunacaq. Məhsulun ilkin sifarişləri noyabrın 12-dən qəbul edilməyə başlanıb.
Alıcılar 395 dollardan başlayan qiymətlərlə doqquz müxtəlif çərçivə modeli arasından seçim edə biləcəklər. Eynəklərin çəkisi təxminən 41 qram, batareyanın işləmə müddəti isə 9 saatdır.
Cihazlar “iPhone”, eləcə də bəzi “Google” və “Samsung” istehsalı olan “Android” əməliyyat sistemli telefonlarla uyğunluq təşkil edir. Daxili kameralar və səs köməkçisi ilə təchiz edilən eynəklər musiqi dinləmək, istiqamətləri müəyyənləşdirmək, mesajlara və zənglərə cavab vermək, həmçinin real vaxt rejimində tərcümə aparmaq imkanlarına malikdir.
Şirkətin məlumatına görə, “ağıllı eynəklər”i dekabrın 10-dan etibarən mağazalardan və onlayn platformalardan əldə etmək mümkün olacaq.