Marsda vulkanlar hələ də aktiv ola bilər - Araşdırma

Marsda vulkanlar hələ də aktiv ola bilər - Araşdırma

Mars atmosferində vulkanik fəaliyyətlə əlaqələndirilən hidrogen-xlorid qazı aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə Avropa və Rusiyanın birgə “ExoMars Trace Gas Orbiter” kosmik aparatının məlumatlarını araşdıran alimlər məlumat veriblər.

Qaz planetin ən böyük vulkanlarından biri olan Alba Monsun yaxınlığındakı səth çatlarının üzərində qeydə alınıb. Tədqiqatçılar onun yeraltı maqmadan ayrılaraq atmosferə çıxdığını ehtimal edirlər.

Alimlərin sözlərinə görə, Marsda vulkanik fəaliyyətin davam etməsi planetin daxilində hələ də kifayət qədər istiliyin olduğunu göstərə bilər.

Bu isə yeraltı su ehtiyatlarının maqma vasitəsilə qızmasına və mikroorqanizmlər üçün əlverişli mühitlərin yaranmasına səbəb ola bilər.

Bununla belə, Marsda hazırda püskürən vulkan müşahidə edilməyib.