Böyük Britaniyanın Bristol şəhərində kiberhücum nəticəsində məktəblərə aid azı 320 min sənəd oğurlanaraq internetin qaranlıq şəbəkəsində yayımlanıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hakerlər sentyabr ayında Bristol Şəhər Şurasının “Trading with Schools” platformasına hücum edərək, bölgədəki 39 məktəbin məlumatlarına çıxış əldə ediblər.
Şəhər Şurasının məlumatına görə, mütəxəssislər tərəfindən aparılan araşdırmalar zamanı sistemdən oğurlandığı ehtimal olunan çoxsaylı sənədlərin internetin qaranlıq şəbəkəsində yayımlandığı müəyyənləşib.
Hazırda mütəxəssislər hansı məlumatların ictimaiyyətə açıqlandığını, eləcə də hansı məktəblərin və şəxslərin hadisədən zərər çəkə biləcəyini müəyyənləşdirmək üçün araşdırmaları davam etdirirlər.
Hadisə ilə əlaqədar məktəblər valideynləri və şagirdləri gözlənilməz elektron məktublara, SMS mesajlarına və telefon zənglərinə diqqətli olmağa çağırıblar. Onlara şübhəli mesajlardakı keçidlərə daxil olmamaq və naməlum əlavələri açmamaq tövsiyə edilib.