29 noyabr seçkilərindən nə gözlənilir?
İspan xalqı yeni hökumət seçməyə hazırlaşır. Baş nazir Pedro Sançes hakimiyyətdə qalmaq, müxalifət isə hökuməti dəyişmək istəyir. Bu mübarizənin nəticəsi Avropa və Azərbaycana da təsir göstərə bilər.
Noyabrın 29-da İspaniyada parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə ölkənin gələcək dörd il ərzində necə idarə olunacağı müəyyənləşəcək. Hazırkı Baş nazir Pedro Sançes və onun rəhbərlik etdiyi Sosialist Partiyası hakimiyyətdə qalmağa çalışır. Müxalifətdəki Xalq Partiyası isə hökuməti dəyişmək istəyir. Bu mübarizədə onların əsas köməkçisi ola biləcək siyasi qüvvə isə Vox partiyasıdır.
İspaniyada baş verənlər başqa ölkələrdə də diqqətlə izlənir, çünki İspaniya Avropanın böyük dövlətlərindən biridir. Bu ölkənin iqtisadiyyatı, xarici siyasəti, enerji imkanları və Avropa İttifaqındakı mövqeyi mühüm əhəmiyyət daşıyır. Bəs ispan xalqı hökumətdən niyə narazıdır? Seçkilərdə kimin qalib gəlmək şansı daha çoxdur? Hakimiyyət dəyişərsə, İspaniyanın siyasətində nə dəyişəcək? Ən başlıcası, bütün bunların Azərbaycana nə aidiyyəti var?
İnsanlar nədən narazıdırlar?
İspaniyada son dövrlər insanların gündəlik həyatına təsir edən bir neçə ciddi problem yaranıb. Bunların başında ev və kirayə qiymətlərinin artması, yaşayış xərclərinin çoxalması, miqrasiya və hökumətin fəaliyyətinə inamın azalması gəlir. Məsələn, Madrid və Barselonada mənzil almaq bir çox gənc üçün getdikcə çətinləşir. İnsan işləyir, maaş alır, amma qazandığı pulun böyük hissəsini ev kirayəsinə verir. Bəzən bir neçə nəfər birlikdə yaşamaq məcburiyyətində qalır. Gənclər ailə qurub ayrıca evə köçmək istəsələr də, buna maddi imkanları çatmır. Bu, yalnız İspaniyaya aid problem deyil, Avropanın bir çox ölkəsində oxşar vəziyyət müşahidə olunur. Ancaq İspaniyada mənzil məsələsi artıq siyasi mübarizənin əsas mövzularından birinə çevrilib.
Baş nazir Pedro Sançes problemin həlli üçün yeni tədbirlər görəcəyini bildirir. O, insanların daha münasib qiymətə ev tapmasını və dövlətin mənzil məsələsində daha fəal iştirak etməsini istəyir. Müxalifət isə hökuməti vədlər verməkdə, lakin problemləri çözə bilməməkdə qınayır. İnsanların narazılığına səbəb olan başqa məsələ korrupsiya iddialarıdır. Sançesin yaxın siyasi çevrəsindəki bəzi şəxslərlə bağlı araşdırmalar hökumətə qarşı tənqidləri artırıb. Müxalifət baş nazirdən məsuliyyət tələb edir, Sançes isə siyasi fəaliyyətini davam etdirərək seçkilərdə xalqın dəstəyini qazanmağa çalışır. Beləliklə, ispan seçici noyabrın 29-da bu və ya digər partiyaya tərəfdar çıxmaqla ölkənin indiki vəziyyətdə necə idarə olunacağına qərar verəcək.
Dörd əsas siyasi qüvvə mübarizə aparır
İspaniyada seçkinin nəticəsinə təsir göstərə biləcək əsas siyasi qüvvələri qısaca təqdim edəsi olsaq, birinci qüvvə hazırkı baş nazir Pedro Sançesin rəhbərlik elədiyi Sosialist Partiyasıdır. Bu partiya insanların sosial problemlərinin həllində dövlətin daha yaxından, daha çox iştirakını istəyir, pensiyaların, sosial yardımların, əmək hüquqlarının və dövlət xidmətlərinin qorunmasını vacib sayır. Sançesin başlıca hədəfi hakimiyyətdə qalmaqdır.
İkinci qüvvə Alberto Nunes Feyxoonun rəhbərlik etdiyi Xalq Partiyasıdır. Bu partiya hökumətin iqtisadi və sosial siyasətini tənqid edir. Vergilərin azaldılmasını, biznes üçün daha əlverişli şərait yaradılmasını və dövlət idarəçiliyində dəyişikliklərə gedilməsini lazım bilir. Feyxoo baş nazir olmaq istəyir.
Üçüncü qüvvə Santyaqo Abaskalın rəhbərlik etdiyi Vox partiyasıdır. Bu partiya miqrantların ölkəyə girişinə daha sərt nəzarət edilməsini, İspaniyanın mərkəzi hakimiyyətinin gücləndirilməsini və ölkənin ənənəvi dəyərlərinin qorunmasını istəyir. Vox əsasən saga meyilli seçicilər arasında dəstək qazanmağa çalışır.
Dördüncü qüvvə isə solçu partiyalardır. Onlar Sançesin tərəfdarlarıyla birlikdə hərəkət edərək sağçı partiyaların hakimiyyətə gəlməsinin qarşısını almaq istəyirlər. Burada bir vacib məqam var: İspaniyada birinci yeri tutan partiya mütləq şəkildə hökuməti qura bilmir, çünki parlamentdə hökumət yaratmaq üçün kifayət qədər səs toplamaq lazımdır. Buna görə kiçik partiyaların da mövqeyi bəzən həlledici olur.
Seçkidə kim qalib gələ bilər?
Hazırda yayımlanan rəy sorğularının əksəriyyətində Xalq Partiyası birinci yerdədir. Onun əsas rəqibi Sançesin Sosialist Partiyasıdır. Vox isə üçüncü yerdə qərarlaşır. Noyabrın 7-dək açıqlanmış müxtəlif sorğuların nəticələrini ortaq məxrəcə gətirsək, vəziyyət təxminən belədir:
Bu rəqəmlər seçki nəticəsi deyil, insanların hazırda hansı partiyaya səs vermək istədiklərini göstərən sorğu nəticələridir. Ən diqqətçəkən məqam Xalq Partiyası ilə Vox-un birlikdə hökumət qurmaq imkanının olmasıdır. Mövcud proqnozlara əsasən, bu iki partiya parlamentdə kifayət qədər yer qazana bilər. Başqa sözlə, Xalq Partiyası seçkidə birinci olsa, Vox-un dəstəyilə hakimiyyətə gələ bilər. Bu isə İspaniyada uzun müddətdən sonra sağçı hökumətin formalaşması demək olacaq.
Lakin Sançesin də şansı tam tükənməyib. Seçkiyə qədər baş verəcək hadisələr, insanların son qərarı və partiyaların bir-birinə dəstəyi nəticəni dəyişə bilər.
Xarici media nə yazır?
İspaniyadakı seçkilər yalnız ölkənin özündə müzakirə olunmur, dünyanın aparıcı media qurumları da bu siyasi mübarizəni izləyir. “Associated Press” yazır ki, Sançes seçkiləri vaxtından əvvəl keçirməklə siyasi vəziyyəti öz xeyrinə dəyişmək istəyir, ancaq korrupsiya iddiaları və insanların sosial problemləri onun qarşısında ciddi maneələr yaradır. “The Guardian” hökumətin xüsusilə nəqliyyat təhlükəsizliyi və dövlət xidmətləriylə bağlı tənqidlərlə üzləşdiyini vurğulayır. “Le Monde” İspaniyada hökumətə qarşı narazılığın artmasına, mənzil probleminə və müxalifətin hakimiyyətə gəlmək imkanlarına diqqət yetirir. “The Washington Post” da ölkədə insanların yaşayış şəraiti, mənzil qiymətləri və hökumətin seçki strategiyası ilə bağlı məsələləri işıqlandırır. “Financial Times” hesab edir ki, hökumətin üzləşdiyi problemlər müxalifətin imkanlarını artırır. Xüsusilə Xalq Partiyası ilə Vox-un birgə hakimiyyət qurma ehtimalı diqqət çəkir. Reuters isə seçkilərin nəticəsinin yalnız İspaniyanın daxili siyasətinə yox, Avropadakı siyasi qüvvələrin münasibətinə də təsir göstərə biləcəyini qeyd edir.
Bu materiallardan çıxan ümumi nəticə belədir: beynəlxalq müşahidəçilərin əksəriyyəti İspaniyada sağçı qüvvələrin hakimiyyətə gəlmə ehtimalını ciddi sayır. Ancaq seçki bitməyincə bunu qəti nəticə kimi qəbul etmək olmaz.
İspaniyada hakimiyyət dəyişsə, Avropada nə baş verəcək?
İspaniyada mümkün hakimiyyət dəyişikliyi Avropa üçün də əlamətdardır, çünki son illər Avropanın müxtəlif ölkələrində sağçı partiyaların tərəfdarları artır.
İnsanlar xüsusilə üç məsələdən narazıdırlar: miqrasiya, yaşayış xərcləri və təhlükəsizlik. Bəzi seçicilər düşünürlər ki, ənənəvi partiyalar bu problemlərin öhdəsindən gələ bilmir, buna görə də daha sərt siyasət yürüdən partiyalara üstünlük verirlər.
İspaniyada da oxşar vəziyyət yaranıb: əgər Xalq Partiyası və Vox hakimiyyətə gəlsə, ölkədə miqrasiya qaydalarının sərtləşdirilməsi mümkündür. Dövlətin bölgələr üzərində nəzarətinin artırılması, vergilərin azaldılması və bəzi sosial proqramların yenidən nəzərdən keçirilməsi də gündəmə gələ bilər. Bu dəyişikliklər Avropa İttifaqında da müzakirələrə səbəb olacaq, çünki İspaniya Avropanın böyük dövlətlərindən biridir və onun mövqeyi bir çox qərarlara təsirsiz qalmır. Məsələn, Sançes Avropada sosial-demokrat yönümlü siyasətin əsas müdafiəçilərindən biridir, sosial müdafiənin gücləndirilməsini və dövlətin iqtisadiyyatda fəal rol oynamasını dəstəkləyir. Yeni sağçı hökumət isə bu məsələlərə başqa cür yanaşa bilər. Bununla belə, İspaniyanın Avropa İttifaqından uzaqlaşacağı və ya NATO siyasətini dəyişəcəyi barədə danışmaq düzgün olmaz. Hətta sağçı hökumət belə ölkənin Avropadakı başlıca iqtisadi və siyasi maraqlarına toxunmayacaq.
Bəs bunun Azərbaycana nə aidiyyəti?
İlk baxışda İspaniyada keçirilən seçkilərin Azərbaycana birbaşa aidiyyəti olmadığı düşünülə bilər. Ancaq məsələ o qədər də sadə deyil. İspaniya Avropa İttifaqının üzvüdür, Azərbaycan isə Avropa ölkələriylə enerji, ticarət, nəqliyyat və iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Buna görə Madriddə hansı hökumətin fəaliyyət göstərəcəyi Azərbaycanın Avropa ilə münasibətləri baxımından da əhəmiyyətlidir. Son illər Azərbaycanla İspaniya arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində addımlar atılıb. 2025-ci il mart ayının 11-də iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəd ticarətin artırılmasını, şirkətlər arasında əlaqələrin genişləndirilməsini və yeni investisiya imkanlarının yaradılmasını nəzərdə tutur. İspaniya şirkətləri Azərbaycan bazarı üçün xüsusilə maraqlı sahələrdə fəaliyyət göstərir, bunlara enerji, tikinti, kənd təsərrüfatı texnologiyaları, turizm və sənaye daxildir. 2024-cü ildə İspaniyadan Azərbaycana ixracın 81 milyon avroya çatması və əvvəlki illə müqayisədə 66 faiz artması iqtisadi əlaqələrin inkişaf etdiyini göstərir. 2026-cı ilin oktyabr ayının 6-7-də Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun İspaniyaya səfəri zamanı iki ölkənin nümayəndələri siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər. Görüşlərdə enerji, yaşıl enerji, təhsil, turizm, nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət yetirilib. Bu, onu göstərir ki, Azərbaycanla İspaniya arasında əlaqələr diplomatik görüşlərlə məhdudlaşmır, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də real imkanlar var.
İspaniya ilə əməkdaşlığın ən vacib istiqamətlərindən biri enerji sahəsidir. Bu ölkə günəş və külək enerjisindən istifadə sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan da son illər yaşıl enerji layihələrinə xüsusi diqqət ayırır. Xəzər dənizində külək enerjisi istehsalı, günəş elektrik stansiyaları və enerji ixracıyla bağlı layihələrdə İspaniya şirkətlərinin iştirakı faydalı ola bilər.
İkinci mühüm istiqamət nəqliyyatdır. Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsində Azərbaycanın mühüm mövqeyi var. Orta Dəhliz adlandırılan marşrut Çin və Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycan üzərindən Avropaya çatdırılmasına imkan verir. İspaniya şirkətləri bu marşrutdan istifadə etməklə Asiya bazarlarıyla əlaqələrini genişləndirə bilər. Azərbaycan isə nəqliyyat və logistika sahəsində yeni tərəfdaşlar qazanar.
Üçüncü istiqamət ticarətdir. İspaniyanın kənd təsərrüfatı, qida sənayesi, turizm və sənaye sahələrində təcrübəsi Azərbaycan üçün maraqlıdır. İki ölkə arasında ticarətin artırılması həm şirkətlər, həm də istehlakçılar üçün yeni imkanlar yarada bilər. Təhsil və texnologiya sahəsində əməkdaşlıq da diqqətdən kənarda qalmamalıdır. İspaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında tələbə mübadiləsi, elmi layihələr və birgə təlim proqramları təşkil edilə bilər.
Ən vacib suallardan biri budur: Pedro Sançes seçkini uduzsa və Alberto Nunes Feyxoo baş nazir olsa, Azərbaycan-İspaniya münasibətlərində nə dəyişəcək? İndiki məlumatlara əsasən, ciddi dəyişiklik gözləmək üçün əsas yoxdur. Sançes hakimiyyətdə qalarsa, son illər qurulmuş əməkdaşlığın davam etdirilməsi daha asan olacaq. Yeni hökumət formalaşarsa, Azərbaycan münasibətləri həmin hökumətlə də davam etdirməli olacaq. Çünki ölkələr arasındakı münasibətlər yalnız bir baş nazirin və ya bir siyasi partiyanın qərarlarından asılı olmamalıdır. Enerji, ticarət, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq hər iki dövlətin maraqlarına uyğundur. Azərbaycanın əsas gözləntisi də məhz budur: İspaniyada kim hakimiyyətə gəlir gəlsin, iki ölkə arasında qurulmuş iqtisadi və siyasi əlaqələr inkişaf etdirilsin.
Seçkilərin 3 mümkün nəticəsi
Hazırkı göstəricilərə əsaslansaq, üç mümkün variant var. Birinci variantda Xalq Partiyası və Vox seçkidə kifayət qədər səs toplayaraq hökumət qurur. Bu, İspaniyada sağçı siyasi xəttin güclənməsi demək olacaq. İkinci variantda Sançesin rəhbərlik etdiyi Sosialist Partiyası seçkidə gözləndiyindən yaxşı nəticə göstərir və digər solçu partiyaların dəstəyilə hakimiyyətdə qalır. Belə olan halda indiki siyasi xəttin yürüdülməsi davam edəcək. Üçüncü variantda isə heç bir siyasi qüvvə hökumət qurmaq üçün kifayət qədər dəstək toplamır. Bu zaman partiyalar arasında uzun danışıqlar başlana, hökumətin formalaşması çətinləşə bilər. Hazırda birinci variant daha real görünür, lakin son qərarı noyabrın 29-da səsverməyə gedəcək İspaniya vətəndaşları verəcəklər.
Kəramət QƏNBƏROV
Beynəlxalq hüquq üzrə ekspert