Tarixi dostluqdan strateji tərəfdaşlığa...

Azərbaycan ilə Vyetnam arasında çoxşaxəli əlaqələr inkişaf etməkdədir

Prezident İlham Əliyev: Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu

Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti kimi Avrasiyada yeni iqtisadi-siyasi nizamın formalaşmasında, beynəlxalq münasibətlər sisteminin yenidən təşəkkülündə mühüm rol oynayır. Rəsmi Bakının təşəbbüsləri ilə regionda yeni təhlükəsizlik arxitekturasının qurulması, Şərq ilə Qərb arasında əlaqələrin genişləndirilməsi, Orta Dəhlizin imkanlarının artırılması qlobal miqyasda qarşılıqlı əməkdaşlığa xidmət edir. Azərbaycanın həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən biri də coğrafi baxımdan uzaq, lakin iqtisadi və siyasi baxımdan əhəmiyyətli tərəfdaşlarla ikitərəfli münasibətlərin inkişaf etdirilməsidir. Bu baxımdan Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi xüsusi diqqət çəkir.

Xüsusilə Vyetnamla münasibətlərin hazırkı inkişaf mərhələsi diqqətəlayiqdir. Azərbaycanla Vyetnamı yalnız ortaq siyasi maraqlar və iqtisadi əməkdaşlıq imkanları deyil, həm də onilliklərə söykənən tarixi dostluq bağları birləşdirir.

Tarixi bağlar - dostluğun möhkəm təməli

Azərbaycan-Vyetnam münasibətlərinin özünəməxsusluğu ondadır ki, bu əlaqələrin təməli iki dövlət arasında diplomatik münasibətlər qurulmamışdan xeyli əvvəl formalaşıb. Xalqlarımız arasında dostluğun tarixi 1959-cu ilə, Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfərinə gedib çıxır. Həmin səfər zamanı Azərbaycanın neft sənayesi təcrübəsi Vyetnam tərəfinin xüsusi marağına səbəb olmuş, ölkəmizin bu sahədəki imkanları gələcək əməkdaşlıq üçün mühüm zəmin yaratmışdı. Vyetnamın müharibədən sonrakı bərpası və inkişafı prosesində azərbaycanlı mütəxəssislərin iştirakı, həmçinin vyetnamlı tələbələrin Azərbaycanda təhsil alması xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdi.

Bu dostluğun inkişafında Ulu öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri xüsusi mərhələ təşkil edir. O zaman SSRİ rəhbərliyində yüksək vəzifə tutan Ulu öndər Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin səfəri çərçivəsində Vyetnamın müxtəlif bölgələrində aparılan görüşlər və əldə olunan razılaşmalar ölkənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verdi. Səfərin əhəmiyyəti yalnız rəsmi görüşlərlə məhdudlaşmırdı - bu, Azərbaycanla Vyetnam arasında qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlıq ənənəsinin möhkəmlənməsi baxımından da mühüm hadisə idi. Beləliklə, ötən əsrin ortalarında yaranan dostluq bu gün siyasi tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlərin etibarlı tarixi dayağına çevrilib. Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində bildirib ki, Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm: “Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi”.

Siyasi dialoq: qarşılıqlı etimad və strateji tərəfdaşlıq

Azərbaycanla Vyetnam arasında siyasi münasibətlər uzunmüddətli dostluq ənənələri üzərində formalaşaraq müstəqillik dövründə yeni məzmun qazanıb. 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması iki ölkə arasında rəsmi siyasi dialoqun başlanğıcı oldu. Sonrakı illərdə qarşılıqlı səfərlər, hökumətlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrin davamlı inkişafını təmin etdi. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama ilk dövlət səfəri, 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri bu baxımdan mühüm siyasi hadisələr idi. Münasibətlərin inkişafında 2025-ci il xüsusi mərhələ təşkil etdi. Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində iki ölkə arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyanat qəbul edilib. Prezident İlham Əliyev sənədin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu, çox ciddi siyasi sənəddir. Dövlət başçısı eyni zamanda qeyd edib ki, əldə olunan razılaşmalar qarşılıqlı əməkdaşlığın daha yüksək səviyyəyə çatmasına xidmət edəcək. V?etnam Prezidenti To Lam isə yeni sənədi münasibətlər tarixində yeni səhifə açan hadisə kimi qiymətləndirib. İki ölkənin siyasi gündəliyi energetika, investisiya, müdafiə sənayesi, kibertəhlükəsizlik, nəqliyyat, humanitar sahələr və beynəlxalq təşkilatlarda əməkdaşlığı əhatə edir. Vyetnamın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi dəstək də siyasi münasibətlərin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik: “2014-cü ildə mənim Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın - Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi”.

Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasındakı münasibətlər siyasi əməkdaşlığın mühüm istiqamətlərindəndir

Azərbaycanla Vyetnam arasında münasibətlərin inkişafında hakim siyasi partiyalar arasında əlaqələr də xüsusi əhəmiyyət daşıyır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyasını birləşdirən münasibətlər iki ölkənin siyasi dialoqunun mühüm institusional istiqamətlərindən biridir. Bu əməkdaşlıq qarşılıqlı siyasi təcrübənin öyrənilməsi, partiya quruculuğu, idarəçilik və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi üçün geniş imkanlar yaradır. Partiyalararası əlaqələrin inkişafında 2023-cü ilin noyabrında imzalanmış Əməkdaşlıq Sazişi mühüm mərhələ oldu. Həmin sənəd YAP və VKP arasında sistemli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili və daimi təmasların gücləndirilməsi üçün siyasi-hüquqi zəmin yaratdı. Sonrakı dövrdə hər iki partiyanın nümayəndələrinin iştirakı ilə keçirilən görüşlər və tədbirlər bu münasibətlərin praktik məzmununu daha da zənginləşdirdi. 2024-cü ildə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Le Hoay Çunqun YAP-a ünvanladığı təbrikdə də partiyalararası əlaqələrin inkişafına xüsusi önəm verildiyi vurğulanırdı. 2025-ci ildə YAP sədrinin müavini Tahir Budaqovun Vyetnamda keçirilən “Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu” mövzusunda tədbirdə iştirakı əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərdi. Tərəflər siyasi partiyaların dövlətlərarası münasibətlərin inkişafındakı rolunu, beynəlxalq müstəvidə qarşılıqlı dəstəyi və informasiya mübadiləsinin əhəmiyyətini diqqətə çatdırdılar. 2026-cı ilin oktyabrında isə YAP Mərkəzi Aparatında Vyetnam nümayəndə heyəti ilə keçirilən görüşdə əməkdaşlıq sazişindən irəli gələn vəzifələrin icrası müzakirə olundu. Bütün bunlar göstərir ki, YAP-VKP münasibətləri sadəcə siyasi təmaslarla məhdudlaşmır, Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının möhkəmlənməsinə xidmət edən mühüm mexanizmə çevrilir. Prezident müsahibəsində qeyd edib ki, iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir.

Humanitar əlaqələr: Heydər Əliyev Fondunun mühüm töhfəsi

Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar, mədəni və təhsil əlaqələridir. Bu sahədə əməkdaşlığın tarixi kökləri xüsusilə zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması, onların bir qisminin sonradan ölkələrinin inkişafında mühüm rol oynaması xalqlarımız arasında mənəvi bağların formalaşmasına ciddi töhfə verib. Bu gün həmin ənənələr universitetlərarası əməkdaşlıq, tələbə mübadiləsi, mədəni tədbirlər və humanitar təşəbbüslər vasitəsilə davam etdirilir.

Bu prosesdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi layihələr təhsil imkanlarının genişləndirilməsi və sosial infrastrukturun inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır. Han Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək göstərilməsi, təhsil proqramlarına yardım bu fəaliyyətin konkret nümunələridir. 2025-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əməkdaşlığın genişləndirilməsi baxımından əlamətdar oldu. Səfər çərçivəsində yüksəkvəzifəli şəxslərlə, yaradıcı ictimaiyyətin nümayəndələri və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirildi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərildi.

Mədəni əlaqələrin inkişafında da diqqətəlayiq addımlar atılır. Vyetnam günlərinin Azərbaycanda keçirilməsi, 2026-cı ildə Bakı və Qəbələdə təşkil olunan dördüncü festival isə mədəniyyətlərarası dialoqun genişləndirilməsinə xidmət edir. Eyni zamanda, vyetnamlı şair May Van Phanın şeirlər toplusunun Azərbaycanda nəşr olunması ədəbi əlaqələrin də inkişaf etdiyini göstərir. Beləliklə, humanitar əməkdaşlıq dövlətlərarası münasibətləri xalqların gündəlik həyatına və mənəvi dünyasına yaxınlaşdıran mühüm körpü rolunu oynayır. Dövlət başçısı müsahibəsində vurğulayıb ki, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən möhkəm körpü rolunu oynayır. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəni mübadilə vasitəsilə davamlı olaraq möhkəmləndirilib: “Heydər Əliyev Fondu bu prosesdə xüsusi rola malikdir və Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir. Fondun fəaliyyət istiqamətləri Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla infrastruktur təşəbbüslərindən tutmuş müxtəlif təhsil proqramlarının dəstəklənməsinə qədər geniş spektri əhatə edir”.

Prezident bildirib ki, ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir: “Möhkəm dostluq bağları təkcə birgə layihələrdə deyil, həm də çətin anlarda köməyə gəlməyə hazır olmaqda özünü göstərir. 2024-cü ildə Vyetnamda baş verən “Yaqi” fırtınasının dağıdıcı nəticələrini aradan qaldırmaq, həmçinin 2025-ci ildə genişmiqyaslı daşqınların vurduğu ziyanın öhdəsindən gəlmək üçün Azərbaycan maliyyə yardımı göstərib”.

Prezident İlham Əliyevin Vyetnama səfəri - strateji tərəfdaşlığın yeni mərhələsi

Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnama rəsmi səfəri Azərbaycan-Vyetnam münasibətlərinin gələcək inkişafı baxımından mühüm siyasi hadisədir. Bu səfər 2025-ci ilin mayında əldə olunmuş strateji tərəfdaşlıq razılaşmalarının davamı olmaqla yanaşı, onların konkret əməkdaşlıq istiqamətləri üzrə həyata keçirilməsinə yeni impuls verəcək. Dövlət başçısının geniş nümayəndə heyəti ilə Hanoya səfəri Azərbaycanın Cənub-Şərqi Asiya regionuna verdiyi əhəmiyyəti də nümayiş etdirir.

Səfərin mühüm əhəmiyyətlərindən biri də ilk növbədə yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlıdır. Azərbaycan uzaq coğrafiyada yerləşən, lakin mühüm iqtisadi və siyasi potensiala malik tərəfdaşla əlaqələrini gücləndirməklə xarici siyasətinin coğrafiyasını genişləndirir. Bakı ilə Hanoy arasında strateji tərəfdaşlığın möhkəmlənməsi həm ikitərəfli maraqlara, həm də Asiya ilə Avropa arasında əməkdaşlığın inkişafına xidmət edən mühüm amildir.

P.İSMAYILOV