Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / Korrupsiyaya qarşı sistemli mübarizə

Korrupsiyaya qarşı sistemli mübarizə

09.12.2022 [11:55]

Bu gün Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günüdür

Nardar BAYRAMLI

Dünya ölkələrinin siyasətində hər zaman korrupsiya ilə mübarizə ön sırada dayanır. Çünki korrupsiya inkişafı əhəmiyyətli dərəcədə zəiflədən, idarəçiliyin səmərəliliyinə zərbə vuran, qanunun aliliyinə və sosial ədalətə təhlükə yaradan və digər mənfi təzahürlərə yol açan ciddi sosial bəla kimi səciyyələndirilir. Cəmiyyətlərdə korrupsiya və vətəndaş məmnunluğu əks qütblərdə dayanır. Korrupsiyanın, rüşvətxorluğun geniş yayıldığı ölkələrdə vətəndaş məmnunluğu bir qayda olaraq aşağı səviyyədə olur. Korrupsiyaya qarşı mübarizənin qlobal əhəmiyyətini nəzərə alan Birləşmiş Millətlər Təşkilatı (BMT) bu sahədə mübarizə ilə əlaqədar müəyyən qərarlar verib. Belə qərarlardan biri də 9 dekabr tarixinin Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü elan olunmasıdır.

2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilmişdi. Konvensiya həmin ilin noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul olunmuşdu. Konvensiyaya görə, bu sənədi imzalayan dövlətlər rüşvəti, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirləri cinayət elan etməyə borcludurlar. BMT baş katibinin xüsusi nümayəndəsi Hans Korella Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Gününün təsis olunması haqda qərarı elan edərək həmin konfransda toplaşmış 100-dən çox ölkənin nümayəndələrini konvensiyanı imzalamağa çağırmışdı.

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən birini də cəmiyyətdəki neqativ hallara, qanun pozuntusuna, korrupsiyaya və rüşvətxorluğa qarşı intensiv mübarizə təşkil edir. Ölkədə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindəndir. Azərbaycan Prezidenti çıxışlarında ölkəmizin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasının, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin vacibliyini bildirib. “Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq-mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətlərini davam etdirməlidirlər. İnzibati tədbirlər də görülür və görüləcəkdir. Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Beləliklə, korrupsiyaya qarşı mübarizə ilə bağlı ölkəmizdə məqsədyönlü tədbirlər intensiv xarakter alıb, bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib, “qaynar xətt” sistemi yaradılıb. Fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra qurumların nümayəndələrinə qarşı görülən tədbirlər, o cümlədən bəzi nazirliklərin rəhbər şəxslərinin, rayon icra hakimiyyəti başçılarının həbs edilməsi ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir. Lakin korrupsiya və rüşvətxorluğun tamamilə aradan qaldırılması üçün vətəndaşların bu işdə dövlətlə həmrəylik nümayiş etdirməsi mühüm amillərdən biridir.

Təbii ki, korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılan islahatlar öz müsbət təsirini verməkdədir. “Elektron xidmət”, “Elektron hökumət” layihələri, xüsusilə “ASAN xidmət”in yaradılması şəffaflığın təmin edilməsində mühüm amillərdən biridir.

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Bu sənədin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir. Sənəddə vurğulandığı kimi, korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir. Burada respublikamızın hazırkı inkişaf mərhələsinin reallıqları əsas götürülməklə qabaqcıl dünya təcrübəsi nəzərə alınıb. Sənəddə qeyd olunur: “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır”. Azərbaycanda korrupsiyaya qarşı mübarizədə əlaqədar qurumların koordinasiyalı fəaliyyəti də təmin edilir. Qeyd edək ki, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.

Şübhəsiz ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin istənilən effekti verməsi, yaxud əldə olunan nəticələrin davamlılığı ictimaiyyətin dəstəyi olmadan mümkün deyil. Çünki neqativ halların baş verməsində cəmiyyətin də üzərinə müəyyən məsuliyyət düşür və bu səbəbdən də vətəndaşlar sözügedən məsələdə öz qəti mövqeyini ortaya qoymalı, hüquq və vəzifələrini bilməli, neqativ hallarla mübarizədə ictimai nəzarət funksiyasını yerinə yetirməlidirlər.

Paylaş:
Baxılıb: 159 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31