Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ölümə aparan yağlar

Ölümə aparan yağlar

30.03.2023 [11:18]

Bitki, yoxsa kərə yağı?

Yeganə BAYRAMOVA

“Ucuz malın alıcısı çox olur” deyirlər. Lakin belə bir deyim də var: “Ucuz ətin şorbası olmaz”. Ətdən danışmasaq da, bütün evlərdə ət məhsullarından daha çox istifadə olunan yağlardan danışacağıq. Gündəlik qida rasionumuzda müxtəlif mənşəli yağlardan istifadə etmək sağlamlığımız üçün əsas şərtlərdən biridir. Dünya səhiyyəsinin inkişaf etdiyi bir dövrdə xəstəliklərin sayı durmadan artır. Lakin müasir elm bir neçə xəstəliyin qarşısında hələ də acizdir. İnsanlar bəzi xəstəliklərin yaranmasını ekologiyanın çirklənməsi və qida məhsullarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Bu sırada qida rasionumuzun gündəlik və ayrılmaz tərkib hissəsi olan yağlar üstünlük təşkil edir.

Tədqiqatçıların araşdırmasına görə, “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq məhv edir. Britaniyalı ekspertlər yeməklərin hazırlanmasında istifadə edilən bitki yağlarının ziyanlarını araşdırıb. Nəticələr isə faciəvidir. Xolesterolu azaltdığı deyilən bitki yağları əksinə, piylənmə yaradır, ürək probleminə, ikinci dərəcəli şəkər və xərçəng xəstəliyinə səbəb olur. Odur ki, ekspertlər yemək bişirərkən duru yağ yox, kərə yağından istifadə etməyi məsləhət görür.

Bitki mənşəli yağlar niyə təhlükəlidir?

Başqa bir araşdırmanın nəticələrinə görə, qarğıdalı və günəbaxan yağları “Omega-6” tərkiblidir və istiliyə davamlı deyil. Həmin yağlar isidildikdə sağlamlığa zərərli “trans” yağa çevrilirlər. “Trans” yağlar da təbii keyfiyyətləri pozulmuş bitki yağlarıdır. Qızartma yemək bişirərkən istifadə etdiyimiz günəbaxan və qarğıdalı yağı çox istiliyə məruz qaldıqda tərkibindəki “Omega-6” təhlükəli maddəyə dönüşür, “Omega-3” yağının bütün faydalarını yox edir. Tərkibi pozulan bütün yağlar başda xərçəng və ürək-damar xəstəlikləri olmaqla, bir çox xroniki xəstəliyə səbəb olur.

“Codex” standartı

Azərbaycanda kərə yağı ilə bağlı tətbiq olunan standart beynəlxalq “Codex” standartı əsasında hazırlanıb tətbiq olunur. Bu standart birbaşa istehlak üçün nəzərdə tutulmuş kərə yağına aid edilir. Kərə yağının tərkibinə qatılmasına icazə verilən inqrediyentlər xörək duzu, təhlükəsiz laktan turşusunun başlanğıc kulturaları və ya qoxu yaradan bakteriyalar və içməli sudur. Standarta görə, markalanma zamanı məhsulun adı “Kərə yağı” kimi qeyd edilməlidir. “Kərə yağı” adı müvafiq xüsusiyyətlərlə birlikdə 95 faizədək yağlılığa malik kərə yağları üçün istifadə edilə bilər. Milli qanunvericiliyə uyğun olaraq kərə yağının duzlu və ya duzsuz olması mümkündür.

Bəs bu gün satışda olan yağlar faydalı və istifadəyə yararlıdırmı?

Həkim Qəhrəman Kəngərlinin “Yeni Azərbaycan”a açıqlamasına görə, yağlar doymuş və doymamış yağlar olmaqla iki yerə bölünür. Bu yağların hər biri isə insan orqanizminə fərqli şəkildə təsir göstərə bilər: “Yağların həddən artıq qızardılması, dağ edilməsi nəticəsində konserogen tipli maddələr əmələ gəlir. Onlar da çökərək damar divarlarını qalınlaşdırır, ürək-damar xəstəliklərinə səbəb olur. Bu gün xərçəng xəstəliyinin artmasında qidalanma əsas səbəblərdən biridir. Onların da bir hissəsi yağların payına düşür. Yağlarla çox ehtiyatlı olmaq lazımdır. Onlar insanlarda xüsusi asılılıq yaradır. Bu da uzun müddət istifadə etdiyimiz, öyrəşdiyimiz qida rasionumuza ziddir”

Yağ alan zaman nələrə diqqət etməliyik?

Həkimin sözlərinə görə, insanlar bəzən yağ alan zaman qiymətə fikir verirlər. Hesab edirlər ki, əgər yağın qiyməti bahadırsa, bu zaman onun faydası da çoxdur. Lakin bu məqamda iqtisadi faktorları unuduruq: “Məsələn, yağ xaricdən ölkəyə gətirilirsə, daşınma xərclərinin, gömrük rüsumunun və digər bu kimi xərclərin qiymətə təsiri şübhəsiz ki, az deyil. Ona görə də yağ alan zaman diqqət ediləsi məsələ qəti şəkildə qiymət olmamalıdır. Qidalanmada daha çox təbii kərə yağına üstünlük verilməlidir. Çünki bu yağlar A, D, E və K vitamini ilə zəngindir. Bundan başqa, zeytun yağı da olduqca faydalıdır. Bu yağ insanların xərçəng xəstəliyinə tutulma riskini azaldır. Çünki tərkibindəki fenolların güclü antioksidant təsiri ilə bağlıdır. Bu maddələrin antioksidant təsiri səbəbi ilə DNT-yə zərər verə biləcək maddələri təsirsiz hala gətirdikləri və DNT üzərindəki zərərin aradan qalxmasına kömək etdikləri müəyyən edilib.

Ölkəmizə trans yağlar daha çox xarici ölkələrdən gətirilir. Məsələn, Rusiyadan gətirilən bir sıra yağları göstərə bilərik ki, onların tərkibində yuxarıda qeyd etdiyimiz zərərli maddələr var. Bu baxımdan yağ alan zaman onun yerli olub-olmamasına da diqqət yetirmək lazımdır. Bütün hallarda düşünmək lazımdır ki, qəbul etdiyimiz qida bizim sabahımız üçün zəmanətdir”.

Ürək-damar xəstəlikləri cavanlaşıb

Q.Kəngərli vurğulayıb ki, kərə yağı olan yerdə bitki yağlarının keyfiyyəti daha üstün ola bilməz: “İnsanlar hərəkətsiz həyat yaşadıqları üçün az xolesterollu qidalansınlar deyə vaxtilə kərə yağı yerinə bitki yağları məsləhət görülüb. Kərə yağı çox xolesterolludur. Ancaq kərə yağı o halda zərərli ola bilər ki, insan fiziki cəhətdən aktiv olmasın. Vaxtilə dədə-babalarımız da kərə yağından bol istifadə ediblər, amma o vaxt ürək-damar xəstəliklərinin yaşı bu qədər cavanlaşmamışdı. Çünki o vaxt insanlar həddindən artıq yağlı yesələr də, fiziki iş də görüblər. Əvvəllər nəqliyyat, avtomatlaşmış sistem yox idi, insanlar bir işi görmək üçün çox hərəkətdə olurdular. Bu da xolesterollu yağların yanmasına kömək edirdi. İndi isə hamı axşam doyunca yedikdən sonra evdə uzanıb dincəlir. Bütün bunlar ürək-damar sistemi xəstəliklərinin cavanlaşmasına və xeyli insanların əmək qabiliyyətini itirməsinə gətirib çıxarır”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri (AİİB) Eyyub Hüseynov bildirib ki, insanlar qida rasionunda yağdan balanslaşdırılmış şəkildə istifadə etməlidir. Belə ki, həm kərə, həm də bitki yağlarından istifadə etmək lazımdır: “Hər iki yağın keyfiyyəti və zərərləri ola bilər. Bir şərtlə ki, bitki yağlarının və kərə yağının düzgün saxlanma və istifadə qaydalarına əməl edilsin. Bu qaydalara düzgün əməl edilsə, ziyanı olmaz. Elə yağlar olur ki, onlar ancaq soyuq qidalar üçün istifadə edilir, yəni, salatlar üçün. Bu yağları qızartma yeməklərdə istifadə etmək təhlükəlidir”.

Zeytun yağı ən yaxşısıdır

Birlik sədri qeyd edib ki, həqiqətən də bitki yağlarının həddindən artıq temperaturda isidilməsi onların kanserogen riskini artırır: “Yağ çox isidildiyində tərkibindəki zəhərli elementlərin miqdarı artır və bu da xərçəng riskini artırır. Bitki yağları içərisində faydalısı zeytun yağıdır. Vətəndaşlar yerli zeytun yağı almağa üstünlük versələr, daha yaxşı olar”.

Genetik modifikasiya olunan yağlar

E.Hüseynov bitki yağları ilə bağlı maraqlı məqama da toxunub. Onun sözlərinə görə, bu gün istifadə olunan bitki yağlarının bəzisi genetik modifikasiya olunub ki, satış üçün çatdırılsın: “Onların nə dərəcədə orqanik olması, digər keyfiyyət xüsusiyyətlərinin də yüksək olması sual altındadır. Ona görə təmiz kərə yağından istifadə etmək ən yaxşısıdır”.

Təbii ki, ekologiyanın çirkləndiyi, bir çox qida məhsulunun genetik modifikasiya olunduğu bir zamanda sağlamlığımızın qeydinə qalmaq bir qədər çətinləşir. Ancaq bizdən asılı olan məqamlara diqqət etməklə ömrümüzü uzada bilərik...

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Səmərəli fəaliyyət

10 Sentyabr 14:50

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30