Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Zəhmət və uğur yüklü ömür karvanı

Zəhmət və uğur yüklü ömür karvanı

15.02.2022 [11:01]

İlhamə Rəsulova

Fevralın 22-də filoloq alim, 2-ci Dərəcəli dövlət müşaviri, Fəlsəfə doktoru, Əməkdar jurnalist, yazıçı-publisist Akif Əlinin 70 yaşı tamam olur.

Onu şəxsən tanıyana qədər haqqında çox bilgi sahibi deyildim. Xəyalımda Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri olmuş məmur tipi var idi. İş elə gətirdi ki, tanış olduq və mən əslində onun haqqında nə qədər yanıldığımın fərqinə vardım. Akif Əli mütəvazi xarakterli, çox mədəni, böyüyün-kiçiyin yerini bilən, hər kəslə onun dilində danışmağı bacaran, bununla belə öz aristokrat duruşunu qoruyub saxlayan bir insan kimi çıxdı qarşıma. Tanıdıqca yüksək mədəniyyətinə, intellektinə, bütün bunlara rəğmən çox sadə davranışına heyran qaldım, doğma bir insanı tapmış kimi hiss etdim. Açığını deyim ki, gec tanıdığım üçün təəssüf də etdim. Bu dövrdə həddini bilən çox azsaylı adamlardan biridir Akif Əli. Tutduğu yüksək məqama baxmayaraq.

Dönüb geriyə baxanda

Akif Əli 70 ilə çox şey sığdırmağı bacarıb. Ömrünü dolu-dolu yaşayıb, hər anının, hər gününün haqqını verməyi bacarıb.

O, 1952-ci ildə Şuşada prokuror Əli Məhərrəmovun ailəsində dünyaya göz açıb. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil alarkən, eyni zamanda, “Azərbaycanfilm” kinostudiyasında prof. Adil İskəndərovun rəhbərlik etdiyi ikiillik kinoaktyorluq kurslarına gedir. Yaraşıqlı görünüşü, hamıdan fərqlənən düşüncəli siması rejissorların diqqətini cəlb edir və o, “Lenfilm”, “Tacikfilm”in birgə istehsalı olan “Uzun müharibədə qısa görüşlər” (Rüstəm), “Azərbaycanfilm”in istehsalı olan “Tütək səsi” (Tapdıq), “Arxadan vurulan zərbə” (Fazil müəllim), “Əgər biz bir yerdəyiksə” (Məmməd) və b. filmlərdə baş rollara dəvət alır, hətta kinoaktyor kimi məşhurlaşır, sevilir. Lakin aktyorluğu elə zirvədə buraxıb, özünü başqa sahələrdə tapır.

“Kinoda məşhurlaşmağımın qarşısını özüm aldım və getdim. Fikirləşdim ki, aktyorluq mənim peşəm deyil, qoy istedadlı peşəkar gənclər gəlsin, çəkilsin. Mənim işim isə yazı-pozu, qələm işidir, elmdir, ədəbi yaradıcılıqdır. Yəni mədəniyyətin başqa sahəsidir. Ümumiyyətlə, məncə mədəniyyət təkcə kinoda, teatrda, qalereyada hansısa bir əsərə baxıb, sonra onu öz həmkarlarınla bulvarda çayxanada uzun-uzadı müzakirə etmək, “parlaq fikirlər” söyləməklə bitməz. Mədəniyyət insanın yaşadığı, çalışdığı məkanda, yəni zahiri faktorda deyil, öz içində, mənəviyyatında olmalıdır. Onun zövqündə, dünya baxışında, davranışında olmalıdır. Dağ başındakı sadə çobanda, ən ucqar kənddəki sıravi insanda sən o mənəvi zənginliyi tapa bilərsən, amma elə ola bilər ki, paytaxtın mərkəzində özünü “etalon ziyalı” sayan təkəbbürlü birisinin nadanlığından, hətta cahilliyindən heyrətə gələrsən...” Bir vaxtlar Politologiya institutunda (indiki DİA) Kulturologiya kafedrasının müdiri olmuş, mədəniyyət nəzəriyyəsindən dərs demiş Akif Əlinin düşüncələridir bunlar. Onu yaxşı tanımaq üçün elə bu fikirlərin fərqinə varmaq, duymaq da bəs edərdi məncə.

Kənardan hər nə qədər ciddi, hətta qaraqabaq görünsə də, bir o qədər gözəl yumor hissinə malikdir Akif müəllim. Təsadüfi deyil ki, Azərbaycan Radiosunda “Satira və yumor” şöbəsinin müdiri olub, zamanında çox populyar “Molla Nəsrəd?in” satirik radio jurnalını yaradıb. Yaxud illər öncə “Mozalan” kinojurnalında onun ssenariləri əsasında çəkilmiş süjetlər həm güldürüb, həm düşündürüb, həm də cəmiyyətin qüsurlarına ayna tutub. Bu gün el dilində “Mozalan”dan qalma “Doktor gəlir, xalatının cibi yoxdur” kimi onun qələminə məxsus çoxmənalı sitatlar hələ də işlənir. Qəribə də olsa illər ötüb, bəzi problemlər nəsildən-nəslə keçib, aktuallığını itirməyib.

“BTR”-lərin köməyi ilə mağazalara çörək daşındı

Heydər Əliyevin onun ömründə buraxdığı iz

Filmlərdən sonra uzun illər radio və televiziyada, qəzetdə redaktor vəzifəsində çalışıb, ali məktəbdə işləyib. Gənc yaşlarında Azərbaycan Dövlət Teleradio Komitəsində Baş redaktor vəzifəsində çalışırdı və o dövr üçün bu, yüksək rəsmi nomenklatur vəzifə sayılırdı. O zaman Mərkəzi Komitədən “perspektiv” üçün Partiya məktəbində təhsil alması məsləhət bilinib və o, 1989-cu ildə Bakı Ali Partiya Məktəbini fərqlənmə ilə bitirib. Həmin dövrlərdə Azərbaycanda Sovet hakimiyyəti dağılmaq üzrəydi, Akif Əli hakimiyyətə gələn yeni iqtidarların bacarıqsız idarəçiliyini qəbullana bilmir, özünü həmin məkrli “liderlərə” müxalif hesab edirdi.

“Ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıdana qədər dövlət işindən kənarda, müxalifətdə qaldım. O zaman təsisçiliyində bilavasitə iştirak etdiyim ilk demokratik mətbu orqanlardan olan “Vətən səsi” qəzetinin baş redaktoru idim və Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisindən məxsusi redaksiyamıza göndərilən bütün teleqramları, ictimai-siyasi materialları dərhal qəzetdə dərc edirdim. Elə bir dövr idi ki, Bakıda Heydər Əliyevin adını çəkmək belə yasaq edilmişdi. İqtidar qəzetləri onun haqqında tənqid yazır, cahil deputatlar rəhbərliyin tapşırığı ilə onun üzərinə hücumlar edirdilər. Hətta Ali Sovetdə “Heydər Əliyevin fəaliyyətini yoxlamaq” üçün komissiya yaradırdılar. Bəziləri mənə deyirdi, “əl çək bu yoldan, özünə tərəf seç, gələcəyini düşün”. Mənim tərəfim bəlli idi. Mən hər zaman Heydər Əliyevə inanmışam. Onu Azərbaycan dövlətçiliyini xilas edəcək yeganə insan kimi görürdüm. Həqiqətən də Heydər Əliyev Azərbaycanı uçurumun kənarından çəkdi çıxartdı. Bunu kimsə dana bilməz! Çox böyük dövlətçilik təcrübəsi olan görkəmli siyasi xadim idi, gələcəyi düşünür, hər bir planı ilə on illərlə sonrakı prosesləri nəzərə alırdı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra, onun xeyir-duası ilə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin edildim. Bu, mənim üçün böyük etimad idi. Ölkənin ən çətin günləri idi. Hökumət gecə-gündüz dinclik bilmədən çalışırdı. Ulu Öndər qeyri-adi şəxsiyyət idi. Gərgin 90-cı illərdə ölkədə tez-tez çörək qıtlığı yaşanırdı. Yadıma gəlir, öz təsərrüfatımızı əvvəlki iqtidarlar darmadağın etdiyi üçün Qazaxıstandan və başqa yerlərdən respublikamız buğda alıb gətirirdi. Belə məqamlarda demək olar, hər saatda bir dəfə zəng edib, taxıl gətirən qatarın indi hansı stansiyada olduğu, haradan keçdiyi, nə vaxt Bakıya çatacağı öyrənilir və dövlət başçısına məruzə edilirdi. Gecəylə o buğda üyüdülür, çörək bişirilib mağazalara daşınırdı. Hətta bir dəfə möhkəm qar yağmışdı, küçələri təmizləməyə nə vaxt, nə də texnika vardı. Əhali səhər tezdən mağazalarda çörək tapa bilsin deyə, göstəriş verildi, gecəylə “BTR”-lərin köməyi ilə mağazalara çörək daşındı. Və təbii ki, səhər gedib dükandan sakitcə çörəyini alan camaatın bundan xəbəri yox idi... Baxın, vətənsevər, iradəli, qətiyyətli liderlik belə olar. Ölkə başçısı öncə xalqı, vətəndaşın güzəranını düşünər. Belə bir liderin rəhbərliyi altında uğrunda mücadilə verdiyimiz müstəqil Azərbaycan dövlətinə xidmət etməkdən şərəfli və əhəmiyyətli nə ola bilər! Mənə bu imkanı yaradan Uca Tanrıya və Ulu Öndərə həmişə minnətdaram”.

Vəzifədən getdikdən sonra da dostlarım dost olaraq qalırsa...

“...Kənardan baxıb danışmaq, qiymət vermək asandır. Dövlət və hökumət adamlarının gecəsi-gündüzü olmur. Mən 1994-2019-cu illərdə, 25 il Nazirlər Kabineti Aparatında fəaliyyət göstərdim. 42 yaşında gəldiyim bu vəzifədə nə zaman təqaüd yaşına çatdığımı hiss eləmədim. Bir onu bilirəm ki, özüm üçün, şəxsi maraqlarım üçün heç vaxt vəzifə səlahiyyətlərimdən istifadə etmədim. Vətənə, Xalqa və Dövlətə şərəfimlə xidmət göstərdim. Bu gün oğlanlarıma kimsə “Atan filan vaxtı vəzifədə olanda filan əyri işləri görüb, filan pislikləri edib, əli çirkaba bulaşıb” və s. demirsə, vəzifədən getdikdən sonra da dostlarım dost olaraq qalırsa, demək bu ömrü düzgün yaşamışam. Və oğlanlarım Elbəylə Sultanı da bu ruhda böyütməyə çalışmışam. Hər ikisi ali təhsilli, ailəli, tərbiyəli, əxlaqlı, dövlətçiliyə, vətənə bağlı müstəqil gənclərdir. Mən onlarla həm fəxr edirəm, həm də qürur duyuram. Əlbəttə, uşağın əziyyətini çəkən, yuxusuz gecələr keçirən, böyüdən, ilk növbədə, anadır. Ataların başı iş-gücə, dolanışıq qayğısına qarışır, uşaqlara kifayət qədər vaxt ayıra bilmirlər. Bu baxımdan, Fəridə xanımı da ən yaxşı analardan hesab edərək, zəhmətinə görə ona minnətdaram!”, - deyir Akif müəllim.

Dostların Akif Əli haqqında ürək sözləri:

 Xalq artisti Cahangir Novruzov: “Akifi gəncliyimdən tanıyıram. Xətrini də çox istəyirəm, bilirsinizmin niyə? Akif insan adamdır, ziyalı adamdır, çox incəqəlbli dostdur, çox gözəl qələmi, çox gözəl vətən duyğusu var. O, həddini və əndazəsini bilən insandır. Hər şeydə. Zövqdə də, düşüncədə də, dosta olan münasibətdə də. Akifin 70 yaşı olur. İnanmıram. Ona görə inanmıram ki, onun qəlbi, ruhu hər zaman gənc olub. Mən onun xətrini dünyalar qədər istəyirəm və bu, belə də davam edəcək. Akif, 100 yaşa, canın sağlıqlı olsun, səni bağrıma basıram. Sonuna qədər dostun olan Cahangir”.

Yazıçı, Əməkdar İncəsənət xadimi Hidayət: “Akif Əlini gənclik illərindən tanıyıram. O, mənim yadımda peşəkar jurnalist kimi qalıb. Yaxşı qələmi var. Çalışdığı sahələrdə işinin öhdəsindən gələn məsuliyyətli insandır və öz xidmətləri olub. Mən Akif Əlini 70 illiyi münasibətilə təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram”.

Jurnalist Esmira Çərkəzqızı: “Akif müəllimi tələbəlik illərimdən ziyalı və köklü bir ailənin nümayəndəsi kimi qiyabi tanıyırdım. Əyani tanışlığımız 1994-cü ilə təsadüf edir. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Mədəniyyətşünaslıq Kafedrasında müdir işləyərkən az müddətdə birlikdə çalışmışıq, lakin bu qısa zaman onu yaxından tanımağa, hörmət etməyimə yetdi. O zaman mən televiziyada çalışırdım. Maraqlı polemikalarımız olurdu. Mən televiziyada Mədəniyyət şöbəsində işləyirdim, o da mədəni mühitin içindən gələn biri idi. Çox maraqlı düşüncələri vardı. Onu dinləmək, fikirlərini öyrənmək çox maraqlıydı. Akif müəllim gəncliyə və gənclərə hər zaman yaşıl işıq yandıran insan olub. Mən də gənc kimi bu dəstəyi hiss etmişəm. Onun ömür yolu o qədər çoxşaxəlidir ki, əhatə eləmək çətindir. Onun haqqında fikir söyləmək mənim üçün şərəfdir, lakin onun yaradıcılığı barədə danışmağa bəlkə haqqım çatmaz. Akif müəllim hər zaman aristokrat duruşu, hadisələrə ziyalı baxışı ilə fərqlənib. Akif Əli sözün əsl mənasında parlaq işığı olan insandır. Mən tanıdığım Akif Əli ruhu ədəbiyyata doymayan, öz təbirincə desəm, “oxu planını” artıqlaması ilə yerinə yetirən, dövlət qulluğunda məmurluq vəzifəsini şərəflə daşıyan, “arxadan vurulan zərbələri” çox olsa da, heç zaman sınmayan, yıxılmayan bir ziyalıdır. Təbrik edirəm, əziz Akif müəllim, arzu edirəm ki, 8-ci onilliyi də xeyirliyə xırdalayasınız və bu, Azərbaycan üçün çox dəyərli illər olsun”.

Çalışdığı vəzifələr, yazdığı əsərlər, qələmindən çıxan publisistik məqalələr, çəkildiyi filmlər, ali məktəbdə oxuduğu mühazirələr, dünya ədəbiyyatından etdiyi tərcümələr, hazırladığı teleradio verilişləri, - bütün bunlar birləşib Akif Əli portretini, Akif Əli ömrünü yaradıb. Yaradanın yaxşı insan üçün hamar yolu olmur, o da bu 70 illik ömrü hamar yollarla keçməyib. Həmişə öz işi ilə məşğul olub, ürəyi istədiyi kimi yaşamaq üçün bəzən yasaqları adlamalı olub. Amma ömür onu yormayıb. Yorğunluğu olubsa da, dadlı-fərəhli yaradıcılıq yorğunluğu olub bu. Onun fikrincə, yaradıcılıq fəaliyyəti - uca Yaradan Tanrı ilə özü nəsə yaratmaq istəyən İnsan arasında mübhəm təmasdır. Dünya könül dünyasıdır. İnsan var olduqca, arzularından arzu doğur, yeni ümidlər, yeni istəklər ömür karvanını arxasınca çəkib aparır.

Akif Əli o xoşbəxt insanlardandır ki, istəklərinin böyük əksəriyyətinin reallaşdığını görüb. Həyatının “kaşki”ləri azdır. Arzular bitibmi? Yox, arzular tükənməz... O arxayındır ki, yaşanmamış arzuları, yarıda qalanları lap min ildən sonra yenə bu dünyaya qayıdanda yaşaya biləcək. Tanrının zaman anlayışı yoxdur axı. Yer üzündə gözəl niyyətlər itmir, yox olmur, onlar çiçəklər kimi zaman-zaman yenidən açır.

Bir başqa zamanda görüşənədək, Akif müəllim.

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Analitik

Qərb mövqeyini dəyişir

06 Dekabr 09:56  

Siyasət

Analitik

Maraqlı

Yeni texnologiyalar

Rəqəmsal siyasət...

06 Dekabr 08:12

Siyasət

Siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31