Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağda növbəti təxribat - bu dəfə İranın izləri daha aydın görünür

Qarabağda növbəti təxribat - bu dəfə İranın izləri daha aydın görünür

16.10.2021 [10:21]

Ermənistan növbəti dəfə öz məkrli üzünü göstərməkdədir. Azərbaycanın regionda davamlı sülhə nail olmaq üçün atdığı addımlara təxribatlarla cavab verən Ermənistan bu dəfə də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində terror aktı törədib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub. Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda rəsmi İrəvanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən törədilən bu terror əməli məqsədyönlü təxribatdır. Bu hal, eyni zamanda, Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq niyyətinin növbəti sübutudur.

Yeri gəlmişkən, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında da insident baş verib. Bir neçə sərxoş erməni silahlısı digər yoldaşları ilə əlbəyaxaya çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. Atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var. Azərbaycan dövləti bu insidentlə bağlılığının olmadığını bildirsə də, Ermənistanın ombudsmanı Arman Tatoyan sosial şəbəkələrdə əsassız olaraq Azərbaycanı günahlandırıb.

Qeyd edək ki, srağagün baş vermiş insidentlərdə xarici ölkələrin də əlinin olması istisna edilmir. Belə ki, son dövrlərdə bölgədə İranın Azərbaycana qarşı qərəzli davranışı bunu deməyə əsas verir. Məsələ ilə bağlı fikirlərini bölüşən ekspertlər də bu fikirdədirlər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli baş verənləri açıq təxribat adlandırıb. Onun sözlərinə görə, Azərbaycan regionda dayanıqlı sülhə nail olmaq üçün fəal iş aparır. Ermənistan və onun dəstəkçiləri isə bu kimi hallarla prosesə əngəl törətməyə çalışır. Millət vəkili onu da vurğulayıb ki, bu təxribatların məsuliyyəti birmənalı şəkildə Ermənistan rəhbərliyinin üzərindədir: “İşğaldan azad edilmiş regionlarda aparılan abadlıq-quruculuq fəaliyyəti, Azərbaycan dövlətinin qısa zamanda nail olduğu uğurlar onu göstərir ki, Cənubi Qafqaz yeni iqtisadi inkişaf yoluna qədəm qoyur. Təbii ki, bu yolda Türkiyə ilə yanaşı addımlamamız bir çox güclərin və dövlətlərin “xoşuna gəlmir”. Azərbaycan hər zaman əməkdaşlığa açıq olduğunu dilə gətirib. Son proseslər onu göstərir ki, buna mane olmaq üçün can atanların sayı çoxalıb. Ermənistanın daxilində revanşist hisslərə qapılaraq bu kimi yanlışlıqlara yol verənlər var. Bununla yanaşı, Azərbaycanın uğurlarını həzm etməyən İran faktoru özünü göstərməkdədir. Problemlərin öz həllini tapacağına inanıram. Yəqin ki, yaxın zamanda Azərbaycan torpaqlarındakı qeyri-qanuni silahlı dəstələr tərk-silah ediləcəklər”.

Millət vəkili bildirib ki, bu təxribatın XİN rəhbərlərinin görüşü günündə baş verməsi də təsadüfi deyil. Ərdoğan və Putinin Soçi görüşündən sonra regionda stabilləşmə ilə bağlı ümidlərin artması bəzi qüvvələri hərəkətə gətirib: “Hər kəs yaxın gələcəkdə mühüm addımların atılacağına ümidlə baxır. Bu kimi təxribatlar isə həmin ümidləri puça çıxarmağa hesablanıb. Hətta erməni ombudsmanının öz silahlı birləşmələri arasında baş verən insidenti belə Azərbaycanın ayağına yazmaq istəməsi qərəzdən əl çəkmədiklərini göstərir. Onlar bu cür yalanlarla çox uzağa gedə bilməyəcəklər. Ermənistan bu kimi təhrikləri ilə Azərbaycanı yenidən bir sıra qəti addımlar atmağa məcbur edir. Bunun daha ağır nəticələrini isə indidən dərk etməlidirlər”.

Hərbi ekspert Ramil Məmmədli isə Ermənistandakı ictimai-siyasi mühitin, eləcə də cəmiyyətin siyasiləşmə meyarlarının fərqli olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Ermənistanda Qərbə, eləcə də İrana bağlı olan siyasi partiyalar və təşkilatlar mövcuddur. Həmin siyasi təşkilatlar isə bu və ya digər formada dövlətin idarəçiliyində iştirak edir və orduya nüfuz edə bilirlər: “Bu isə onu deməyə əsas verir ki, baş verən təxribat hadisələrində sadaladığım ölkələrin izini tapmaq mümkündür. Hətta Ermənistan ordusunun rəhbərlərinin, yüksək çinli zabitlərin də siyasi baxışları ideoloji bağlılıqdan irəli gələn siyasi konyukturaya əsaslanır. Onların arasında həm sağçılara, həm solçulara, həm də irançılara bağlı olan şəxslər var. Təbii ki, baş verən təxribatlarda bir nömrəli cavabdeh və günahkar Ermənistanın hərbi-siyasi rəhbərliyidir. Amma xarici ölkələrin təsirləri də açıq-aşkar görünməkdədir”.

R.Məmmədlinin fikrincə, son dövrlərdə İranın regionda stabilləşməyə qarşı apardığı siyasət, Azərbaycanı əsassız iddialarla təhdid etməsi bir sıra məqamlardan xəbər verir. Onun sözlərinə görə, erməni işğalı dövründə səksənə yaxın İran şirkəti Qarabağda bu və ya digər şəkildə qeyri-qanuni fəaliyyət göstərib, qazanc əldə edib. “Həmin şirkətlərin və dolayısı ilə dövlət strukturlarının da Azərbaycanın işğaldan azad edilmiş bölgələrindəki erməni terror dəstələri, hərbi birləşmələri ilə ciddi əlaqələri və münasibətləri mövcuddur. Bu mənada, regionda davamlı sülhün yaranmasına mane olan, hətta təxribatlara rəvac verən qüvvələrdən birinin İran olduğunu göstərmək mümkündür”, - deyən R.Məmmədli onu da vurğulayıb ki, baş verən hərbi insidentlərin bir səbəbi də 10 noyabr üçtərəfli bəyanatında əks olunan öhdəliklərin yerinə yetirilməməsidir. R.Məmmədli qeyd edib ki, prosesdə vasitəçi rol oynayan Rusiya və məğlub Ermənistan üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər: “Bu bəyanatda Qarabağdakı silahlı birləşmələrin tərk-silah edilməsi məsələsi nəzərdə tutulmuşdu. Təəssüf ki, hələ də bununla bağlı qəti addım atılmayıb, separatçılar Azərbaycana təqdim olunmayıb. Hələ də Qarabağda fəaliyyət göstərən erməni silahlı birləşmələri mövcuddur. Bu isə bəyanatdan irəli gələn şərtlərə ziddir. Qeyd edim ki, müharibədən sonrakı dövrdə mütəmadi olaraq həmin silahlı birləşmələr Azərbaycan ordusuna qarşı təxribatlar törədib, bunun nəticəsində isə hərbçilərimiz yaralanıb və şəhid olub. Bu isə Azərbaycanı yenidən antiterror əməliyyatları aparmaq məcburiyyətində qoyur. Buna bizi Ermənistan özü məcbur edir. Rusiya isə bu prosesin qarşısının alınması üçün tədbir görmür. Vətən müharibəsi bitdikdən sonra Azərbaycan Ordusunun bölmələri, əsasən də Xüsusi Təyinatlı Qüvvələr məhz antiterror əməliyyatlarının keçirilməsi üzrə təlimlərə başladı. Düşünürəm ki, bu da əbəs yerə deyil. Ya silahlı terror dəstələri Azərbaycan ərazilərindən çıxarılmalıdır, ya da Azərbaycan antiterror əməliyyatlarına başlayacaq”.

Pərviz Sadayoğlu

 

 

Paylaş
Baxılıb: 208 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31