Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yenidən problemli kreditlərə doğru

Yenidən problemli kreditlərə doğru

16.10.2021 [09:53]

Mərkəzi Bankın tənzimləmə tədbirləri təqdirəlayiqdir

Bir neçə il bundan əvvəl - 2018-ci ilin sonları, 2019-cu ilin əvvəllərində ölkəmizdə yaşanan kredit ajiotajı ilə bağlı kədərli təəssüratlar hələ yaddaşlardan silinməyib. Həmin dövrdə Azərbaycan dövləti çətinliklərlə üzləşən, banklarla çəkişmələrdə qalan vətəndaşlarını tək buraxmadı. Dövlət başçısının imzaladığı müvafiq Fərmanla 800 mindən çox insanın yaranmış kredit problemi aradan qaldırıldı. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan çox vəsait ödənildi.

Bütövlükdə, problemli kreditlərin həlli Azərbaycan hakimiyyətinin ciddi sosial təşəbbüsü kimi səciyyələndirilir.

Bu yaşananlardan sonra əlaqədar qurumların bir daha kreditlərlə bağlı problemin yaranmasına imkan verməyəcəkləri gözlənilirdi. Burada deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Hazırda maliyyə-bank sektorunda müşahidə edilən mənzərə onu deməyə əsas verir ki, respublikamız yenidən problemli kreditlərə sürüklənir. Belə deməyə əsasımız var.

Asan verilən kreditlər qəddarlıqla geri qaytarılır

Daha konkret təsəvvür yaransın deyə, yazımızın əvvəlində bu yaxınlarda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında quraşdırılmış bankomatlardan birinin qarşısında rastlaşdığımız hadisəni oxucularımızla bölüşmək istərdik. Yaşlı vətəndaş bankomatın düymələrini basır, ancaq əməliyyatı hər dəfə yarımçıq dayandırırdı. Onu tər basmışdı. Görünür ki, arxasında növbədə dayanan insanları gözlətdiyinə görə xəcalət çəkirdi. Nəhayət, o, növbədə dayananlara tərəf çevrilərək onlara üz tutdu: “Mən maaşımın bir hissəsini götürmək istəyirəm. Ekranda isə mənə kredit təklif olunur. Yanlış bir düyməni sıxmaqla adıma istəmədiyim halda kredit rəsmiləşdiriləcəyindən ehtiyatlanıram. Bir neçə dəfə “imtina” düyməsini bassam da, avtomat öz bildiyini təkrarlayır...

Aşağıdakı dialoqu isə ictimai nəqliyyatda iki gəncin söhbətindən götürmüşük.

“- Dünən telefonuma bankdan mesaj gəldi.

- Kreditin vaxtı keçib?

- Yox, mən indiyədək heç bir bankdan kredit götürməmişəm.

- Bəs onda bankın mesajı nə ilə bağlı idi?

- Mesaj kredit təklifi ilə bağlı idi. Bildirilirdi ki, yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə bankdan kredit götürə bilərəm. İndi fikirləşirəm, bu asan yolla kredit götürüm, ya yox?”

Yəqin, söhbətin məğzini anladınız. Bəli, günümüzün reallığı belədir - hər yerdə, hər kəsə istehlak kreditləri təklif olunur. Yox, bankların hər addımda çoxçeşidli kredit təkliflərini “onların öz pullarını çölə tökmək” anlamında başa düşməyin. Kreditləri belə asan verən banklar sonradan vəsaitlərini geri qaytarmaqdan ötrü borcladıqları vətəndaşlarla ən sərt şəkildə davranırlar. Kredit borcları ən qəddar üsullarla geri qaytarılır. Vətəndaşlar cəmi bir aydan sonra başa düşürlər ki, banklar onları ağır şərtlərlə borclayıb. Lakin sonrakı peşmançılığın nə faydası var? İş məhkəmələrə, hətta vətəndaşların illər boyunca zəhmət çəkərək qurduqları ev-eşiyin itirilməsinə, banklar tərəfindən mənimsənilməsinə qədər uzanır.

İstehlak kreditlərinə yüksək, əhalinin əmanətlərinə isə aşağı gəlir faizi?..

Kredit ajiotajı getdikcə şiddətlənir. Gözümüzün önündə banklara borclanmış nəsil formalaşdığını bütün ciddiliyi ilə diqqətə çatdırmaq istəyirik. Bu gün artıq çoxlu sayda insan müxtəlif banklara olan borcunun faizlərini ödəmək üçün başqa bir bankdan kredit götürmək məcburiyyətində qalır. Bu yolla dairə hər gün daha da genişlənir. Heç olmasa, indi dayanaq. Necə deyərlər, ziyanın yarısından geri qayıtmaq da faydalıdır. Kreditlərlə bağlı statistika, sözün əsl mənasında od saçır. Belə ki, 2021-ci ilin 8 ayında istehlak kreditlərinin həcmində artımlar davam edib. Ötən ili 3 milyard 661 milyon manatlıq istehlak kreditləri ilə başa vuran banklar bu ilin 8 ayında istehlak kreditlərinin həcmini 4 milyard 132 milyon manatadək yüksəldiblər. Bu isə o deməkdir ki, yalnız 8 ay ərzində istehlak kreditlərinin həcmi 471 milyon manat artıb.

İstehlak kreditlərinin həcminin artmasında ölkəmizdə mövcud olan 30-dək bankın, demək olar ki, əksəriyyətinin “töhfəsi” var. Bütün banklar istehlak kreditlərinin verilməsində həvəsli görünürlər. İstehlak kreditlərinin faizinin yüksək olması da ciddi narahatlıq doğuran məsələdir. Biz kiçik araşdırma apardıq: Banklar istehlak kreditlərini vətəndaşlara yüksək faizlə verirlər. Ancaq vətəndaşların banklara yerləşdirdikləri əmanətlər üzrə hesablanan dividend faizləri olduqca aşağıdır. Sual yaranır: Nə üçün banklar bir əli ilə vətəndaşa verdiyi istehlak kreditinə yüksək faiz, digər əli ilə başqa bir vətəndaşdan qəbul etdiyi əmanətlərə heç bir stimul yaratmayan aşağı faizlər tətbiq edir? Yeri gəlmişkən, respublikamızda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisinin yüksək olduğu  Dünya Bankının məlumatında da qeyd olunub. Bu göstərici 2018-ci ildəki 7,17 faizdən ötən il 4,65 faizədək azalsa da, hələ də region dövlətləri ilə müqayisədə yüksək olaraq qalır. Bankların cəmiyyətin borclanması müqabilində çox qazanmaq, daha çox gəlir götürmək niyyəti ortadadır. Biz, bankların daha böyük məbləğlərdə gəlir götürmək istəklərinə qarşı deyilik. Ancaq onlar bu gəlirləri özlərinin monopolist mövqelərini diktə etməklə qazanmamalıdırlar. Heç kəsə sirr deyil ki, istehlak kreditləri ilə bağlı banklara müraciət edən vətəndaşların böyük qismi aşağı gəlirli insanlardırlar. Nə üçün onların aşağı gəlirli büdcələri bankların qazanclarının əsassız yerə artmasına xidmət etməlidir? Niyə banklar özlərinin cəmiyyət, xalq və dövlət qarşısında sosial məsuliyyətlərini unudurlar? Onların istehlak kreditlərinə yüksək, əhalinin əmanətlərinə isə aşağı dividend faizləri tətbiq etmələrinin məntiqi əsası nədir və yaxud burada hansısa bir sağlam yanaşma varmı?

Real sektor niyə yaddan çıxır, yaxud mütəxəssislər həyəcan təbili çalırlar

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə baxsaq, bankların öz fəaliyyətlərini vətəndaşlara istehlak kreditləri verməklə məhdudlaşdırmadıqlarının şahidi olarıq. Belə ölkələrdə banklar daha çox real sektora vəsaitlər yönəltməklə iqtisadiyyatın drayveri rolunda çıxış edirlər. Bəs bizdə? Əslində, Azərbaycanda da real sektorda fəallığın yüksəldilməsində bankların iştirakçılığının artırılması ilə bağlı bir sıra hədəflər müəyyənləşdirilib. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə bununla bağlı bir sıra müddəalar yer alıb. Eyni zamanda, dövlət başçımız çıxışlarında dəfələrlə bankları real sektorun maliyyə təminatının ödənilməsində daha fəal iştirak etməyə çağırıb. Prezident maliyyə sektorunun qarşısında həm də ölkənin davamlı iqtisadi inkişafını təmin etmək üçün səfərbər olunmağı vəzifə kimi müəyyənləşdirib. Vəziyyət isə hələ də köklü şəkildə dəyişməyib və necə deyərlər, bank sektoru real sektorla məsafə saxlamaqda davam edir. Bunu rəqəmlərdən də görmək mümkündür. “Yeni Azərbaycan”ın Mərkəzi Banka ünvanladığı sorğusuna cavab olaraq qurumdan bildirilib ki, bank sektorunda kredit artımı istehlak portfeli ilə yanaşı, biznes və ipoteka kreditləri üzrə də müşahidə edilməkdədir. “Cari ilin 8 ayında bankların biznes portfeli 3.9%, ipoteka portfeli isə 12.2% artmışdır. Ümumilikdə isə kreditlərin, o cümlədən istehlak portfelinin artması postpandemiya dövründə tələbin bərpası ilə əlaqədardır. İqtisadi sahələr üzrə məhdudiyyətlərin aradan qaldırılması, kreditə əlçatanlığın artması əhalinin istehlak kreditlərinə olan tələbatını stimullaşdırır”, - deyə Mərkəzi Bankın məlumatında bildirilir.

Mütəxəssislər Mərkəzi Bankın təqdim etdiyi statistik rəqəmlərin fonunda istehlak kreditlərinin daha çox artmasını arzuolunmaz bir hal kimi dəyərləndirirlər. Bununla bağlı qəzetimizə açıqlama verən  Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “Doğrudur, təhlil olunan dövrdə ümumi kredit portfeli və biznes kreditlərinin həcmində də artımlar qeydə alınıb. Bununla belə, 2021-ci ilin 8 ayında istehlak kreditlərinin həcmi 12.0 faiz artıb. İstehlak kreditlərinin həcmində artımlar ümumi kredit portfeli və biznes kreditləri ilə müqayisədə daha çoxdur və ikirəqəmli artım faizi ilə ifadə olunur. Digər tərəfdən, istehlak kreditləri üzrə orta faiz biznes kreditləri ilə müqayisədə təxminən 2 dəfə yüksəkdir və bu da kredit götürənlərin daha çox borclanmasına səbəb olur”.

Milli Məclisin deputatı bildirib ki, bankların istehlak kreditləşməsinə daha çox meyillənməsi həm problemli kreditlərinin həcminin artması və həm də real sektorunun maliyyə tələblərinin tam ödənilməməsi baxımdan arzuolunan deyil. “İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, real sektorun inkişafında biznes kreditlərinin xüsusi payı olur. Digər tərəfdən, istehlak kreditləşməsinə meyil bank sektorunda yeni çağrışlar yaradır və bu da sektorun dayanıqlığı baxımdan arzuolunan deyil. Mərkəzi Bank tərəfindən biznes kreditləşməsinin təşviq edilməsi və istehlak kreditlərinin həcminin optimallaşdırılması ilə bağlı daha sistemli fəaliyyətlərin həyata keçirilməsi məqsədəuyğundur. Stimullaşdırıcı metodlar ilə bankların biznes kreditləşməsinə marağının daha da artırılmasına ehtiyac var”, - deyə Vüqar Bayramov əlavə edib.

Bankların özləri  üçün də problemlər yaradır...

“İstehlak kreditlərinin artması bir qayda olaraq həm sosial, həm də iqtisadi məzmunlu fəsadlarla müşayiət olunur. İstehlak kreditlərinin artması, ilk növbədə, əhalinin borc yükünün çoxalması deməkdir ki, bu da arzuolunan bir hal deyil. Banklar qarşısında öhdəlikləri olan insanlar psixoloji gərginlik keçirir və stres yaşayırlar. İstehlak kreditlərinin çoxalmasının iqtisadi fəsadları bir tərəfdən daxili bazarda idxal məhsullarının xüsusi çəkisinin artmasında özünü büruzə verir. Bu tendensiya isə iqtisadiyyatda problemlərin yaranmasına yol açır. Digər tərəfdən, bankların vəsaitlərinin “qara dəlik”dən axması - istehlak kreditləri portfelinə yönəldilməsi iqtisadiyyatın maliyyəyə çıxış imkanlarını məhdudlaşdırır. İqtisadiyyatın inkişafı isə bura davamlı şəkildə maliyyə vəsaitlərinin yönəldilməsi ilə şərtlənir. İstehlak kreditlərinin artması nəticəsində, həmçinin bankların özləri də mənfi təsirlərlə üzləşirlər. Çünki qeyd olunan məsələ  problemli kreditlərin artması üçün şərait yaradan amillərdəndir”. Bu fikirləri isə qəzetimizə açıqlamasında UNEC-in Beynəlxalq iqtisadiyyat kafedrasının müəllimi, iqtisadçı-ekspert Aslan Əzimzadə ifadə edib.

Aslan Əzimzadə burada rentabellik faktorunun önəminə də diqqət çəkib. “Bu gün bankların real sektora təklif etdikləri kreditlərə tətbiq olunan faizlər bu sektorun rentabelliyindən daha yüksək səviyyədədir. Həmçinin real sektora verilən kreditlərin qaytarılması uzun bir dövrü əhatə edir. Belə görünür ki, banklarımız bu reallığı qəbul etməyə hazır deyillər. Onlar daha çox həcmlərdə istehlak kreditləri verməklə daha qısa müddətdə qaz vurub, qazan doldurmaq istəyirlər”.

İqtisadçı-ekspert Aslan Əzimzadə ölkə vətəndaşlarına verilən kreditlərə tətbiq olunan yüksək faizlərin də narazılıqlara yol açdığını deyib. Onun sözlərinə görə, banklar aşağı faizlə real sektora kreditlər verməyin marağında deyillər. İstehlak kreditlərinə tətbiq olunan faizlər isə kifayət qədər yüksəkdir ki, bu da  bankların daha çox mənfəət əldə etmək niyyətindən irəli gəlir.

Bəs Mərkəzi Bank hansı tənzimləmə tədbirləri görür?

Yuxarıda deyilənlər kreditlər ətrafında yaranan mənzərə barədə konkret təsəvvür yaradır. Bəs indiki şəraitdə Mərkəzi Bank hansı tənzimləmə tədbirlərini görür?

Quruma ünvanladığımız sorğuda bu suala cavab olaraq bildirilib: “Son illər Mərkəzi Bank tərəfindən monetar şəraitin həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərməkdədir. Məlum olduğu kimi 2018-ci ilin əvvəlindən uçot dərəcəsi azaldılaraq mərhələlərlə 15%-dən 6.5%-ə endirilmişdir. Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli dərəcədə yumşaltmışdır. Monetar şəraitin yumşalması yeni kreditlər üzrə orta faizlərin azalmasına müəyyən qədər transmissiya olunmuşdur. Belə ki, 2018-2020-ci illərdə hüquqi şəxslərə yeni kreditlər üzrə orta faiz dərəcəsi 4.7 faiz bəndi, fiziki şəxslərə yeni kreditlər üzrə orta faizlər 1.9 faiz bəndi azalmışdır.

Pandemiya dövründə iqtisadi subyektlərə dəstək üçün hökumət tərəfindən qəbul edilmiş faizlərin subsidiyalaşdırılması və güzəştli kreditləşmə proqramlarının, habelə Mərkəzi Bankın makroprudensial dəstəyi faiz dərəcələrinə azaldıcı təsir edən faktorlardandır.

Eyni zamanda, istehlak kreditləri üzrə portfelin artımının və bununla bağlı potensial risklərin effektiv tənzimlənməsi məqsədilə Mərkəzi Bank tərəfindən istehlak kreditləri üzrə daha sərt requlyativ tələblər tətbiq edilir. Belə ki, istehlak kreditləri üzrə ehtiyatlanma normaları və risk dərəcələri digər növ kreditlərlə müqayisədə daha yüksəkdir ki, bu da banklardan daha çox kapitalın olmasını tələb edir. Eyni zamanda, banklar tərəfindən kredit vəsaitlərinin real sektora yönəldilməsinin dəstəklənməsi siyasəti çərçivəsində Mərkəzi Bank biznes kreditlər üzrə daha yumşaq, stimullaşdırıcı requlyativ çərçivəni müəyyən etmiş, o cümlədən daha aşağı ehtiyat normaları və risk dərəcələri tətbiq edir”.

Mərkəzi Bankın qeyd olunan tənzimləmə tədbirləri təqdirəlayiqdir. Bununla belə, ölkənin maliyyə bazarındakı mövcud durum, ələlxüsus da istehlak kreditlərinin yağışdan sonra göbələk kimi artması Mərkəzi Bankın məsələyə daha həssas yanaşmasını və daha qətiyyətli mövqe sərgiləməsini diktə edir. Elə təsiredici və qətiyyətli qərarlar qəbul edilməlidir ki, əhalimizin borc yükünü artıran və yenidən problemli kreditlərə yol açan bütün hallar birdəfəlik aradan qalxsın.

Mübariz ABDULLAYEV

 

 

Paylaş
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31