Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aqrar sığorta: fermerlər risklərdən necə qorunurlar?

Aqrar sığorta: fermerlər risklərdən necə qorunurlar?

15.10.2021 [10:44]

Dünyanın ayrı-ayrı ölkələrində aqrar sığortanın tətbiqinə geniş meydan verilir. Xüsusilə də ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrail kimi ölkələrdə bu sahədə yaxşı təcrübə qazanılıb. Azərbaycanda isə aqrar sığortanın tətbiqinə 2020-ci ilin sonlarından başlanılıb. Prezident İlham Əliyev 19 avqust 2019-cu il tarixində “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və “Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərman imzalayıb. Dövlət başçısının 27 iyun 2019-cu il tarixində imzaladığı “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minib. Sözügedən sənədlər kənd təsərrüfatında risklərin sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Dövlət başçısının imzaladığı Fərmana əsasən, respublikamızda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən Aqrar Sığorta Fondu qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

Dost dar gündə tanınar və yaxud fermerlər riskləri müştərək qarşılayırlar

Azərbaycanda təxminən bir ilə yaxındır ki, tətbiq olunan aqrar sığorta mexanizmi son illərdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsi ilə iqtisadi sektorda həyata keçirilən yeni nəsil islahatların tərkib hissəsidir. Respublikamızda tətbiqinə başlanılan aqrar sığorta mexanizmi Azərbaycanın reallıqları nəzərə alınmaqla dövlət-özəl sektor tərəfdaşlığı konsepti əsasında hazırlanıb. Burada diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ixtisaslaşmış sığorta şirkətləri aqrar sığorta bazarının iştirakçıları deyillər. Hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Azərbaycan ilk dəfə olaraq, müştərək sığorta sisteminin tətbiqinə üstünlük verib. Belə ki, müvafiq fond sığortaçıların ödədikləri vəsaitlər hesabına formalaşır. Sığorta bazarının iştirakçısına çevrilən fermerlər fonda toplanan birgə vəsaitləri ilə özlərini risklərdən sığorta edirlər. Necə deyərlər, dost dar gündə tanınar və yaxud fermerlər riskləri müştərək qarşılayırlar. Sığorta mexanizmi elə qurulub ki, heç bir sığorta hadisəsi baş vermədikdə fonda yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta edilənlərə sığorta vəsaitinin müəyyən edilən faizi həcmində subsidiya ayırır. Belə səmərəli aqrar sığorta mexanizminin tətbiqi bir tərəfdən fermerləri təbiətin şıltaqlıqlarından və digər risklərdən effektiv şəkildə qoruyur, eyni zamanda, təbii fəlakətlər zamanı dövlətin üzərinə əlavə yük düşməsinin qarşısı alınır. Biz son illərdə dəfələrlə müşahidə etmişik: Hansısa bir səbəbdən əkin sahələrində və yaxud mal-qara təsərrüfatlarında, fermerlərin dili ilə desək, ziyankarlıq baş verəndə onlar bunun əvəzinin dövlət tərəfindən ödənilməsini istəyiblər. Əlbəttə, Azərbaycan sosial dövlətdir və həmişə çətinliyə düşən vətəndaşların yanında olmaq nümunəsi sərgiləyir. Ancaq müasir dünyada belə nümunəni hansısa digər bir ölkədə tapmaq çətindir. İnkişaf etmiş ölkələrdə sahibkarların risklərdən effektiv şəkildə qorunması mexanizmləri yaradılıb. Azərbaycanda aqrar sığortaya keçid də belə sivil vasitələrdən biridir.

Ölkə üzrə aqrar sığortanın əhatə dairəsi genişlənir

Respublikamızda qardaş Türkiyənin bütün dünyada məşhur olan TARSİM modeli əsasında  tətbiq edilən dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində Aqrar Sığorta Fondu tərəfindən südlük inək və camışlar, 14 bitki növü (buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq, pambıq) və akvakultura məhsulları (balıqlar) sığortalanır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da yaxşı təcrübə tez yayılıb. Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3 milyon 906 min manat sığorta haqqı toplanıb. Toplanan sığorta haqlarının və ödənişlərin böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələrinin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb. İlin əvvəlindən bəri ayrı-ayrı sahələr üzrə daha ciddi artım müşahidə olunub. Belə ki, ötən 9 ayda heyvandarlıq sığortası üzrə ASF tərəfindən toplanan sığorta haqları 2020-ci ilin ümumi göstəricisini (1 939 min manat) 195% üstələyib. Bitkiçilik sığortası üzrə toplanan sığorta haqları isə 2020-ci ilin nəticələrindən 93 dəfə çox olub. Bəhs olunan dövrdə ölkəmizdə heyvandarlıq sahəsi üzrə sığorta haqlarının 85%-i, bitkiçilik sahəsi üzrə sığorta haqlarının isə 100%-i Aqrar Sığorta Fondu tərəfindən yığılıb. Ümumilikdə, 9 ayda ASF tərəfindən 14 667 ədəd kənd təsərrüfatı heyvanı, 17 249 hektar əkin sahəsi sığortalanıb. İndiyədək imzalanmış müqavilələr üzrə Aqrar Sığorta Fondu təqribən 74,5 milyon manatlıq risk qəbul edib.

Nəticələr onu deməyə əsas verir ki, respublikamızda fermerlər aqrar sığortaya böyük maraq göstərirlər. Perspektivdə ölkəmizdə aqrar sığortanın əhatə etdiyi məhsulların sırası daha da genişləndiriləcək. Sığortalanan bitkilərin sayının indiki 14-dən 40-dək artırılması, eləcə də südlük inək-camışlarla yanaşı, ətlik mal-qara, qoyun və keçi təsərrüfatlarının da sığortalanması nəzərdə tutulur.

Mübariz ABDULLAYEV

 

Paylaş
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31