Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qoşulmama Hərəkatı mühüm beynəlxalq platforma kimi...

Qoşulmama Hərəkatı mühüm beynəlxalq platforma kimi...

15.10.2021 [10:27]

Azərbaycanın təşəbbüsləri təşkilata üzv ölkələr tərəfindən yüksək dəyərləndirilir

Qoşulmama Hərəkatının (QH) 60 illik yubileyi ilə əlaqədar Serbiyanın paytaxtı Belqradda keçirilən Yüksək Səviyyəli görüşlə bağlı Hərəkatın sədri qismində Azərbaycan tərəfindən xülasə sənədi yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən  qəzetimizə verilən məlumata görə, sənəddə Qoşulmama Hərəkatının Bandunq Prinsiplərinə uyğun olaraq bütün dövlətlərin sülh şəraitində birgə yaşayışı və dayanıqlı inkişafın təşviq olunması məqsədi və dünyanın ikinci böyük siyasi platformasının yaradılması təqdir edilir. Beynəlxalq sülh və təhlükəsizliyə olan yeni hədə və təhdidlərə rəğmən hazırda Qoşulmama Hərəkatının artmaqda olan effektivliyi, möhkəmlənən birliyi və müasir çağırışlara uyğunlaşdığı məmnunluqla ifadə olunur.

Sənəddə tədbir iştirakçılarının beynəlxalq vəziyyəti, o cümlədən beynəlxalq hüquqa hörmətsizliklə müşayiət olunan artmaqda olan siyasi gərginlik, ayrı-seçkilik, irqçilik və ksenofobiyanın artımının davam etməsi, COVID-19 pandemiyası və onun dünya dövlətlərinin sosial-iqtisadi vəziyyətinə təsiri və s. təhlil edərək qlobal səylərin çoxtərəflilik, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər edilməsinin əhəmiyyəti öz əksini tapır. Burada, həmçinin tədbir iştirakçılarının QH-nin hazırkı sədri qismində Azərbaycan Respublikası Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüslərin, o cümlədən COVID-19 pandemiyası ilə mübarizə sahəsində, eləcə də pandemiya sonrası bərpa ilə əlaqədar təşəbbüslərini yüksək qiymətləndirdikləri vurğulanır.

Milli Məclisin deputatı Anar Məmmədov  Azərbaycanın yaydığı bəyanatla bağlı qəzetimizə açıqlamasında bildirib ki, Qoşulmama Hərəkatı çərçivəsindəki fəaliyyəti zamanı ölkəmiz bir çox ölkələrlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlər qurub: “Eyni zamanda, dünyanın bir çox dövlətləri də regionun lideri olan Azərbaycanla dostluq münasibətlərinin yaradılmasında daim maraqlıdırlar. Bunun nəticəsidir ki, diplomatik müstəvidə aparılan uğurlu siyasət nəticəsində Azərbaycan bir çox dövlətləri özündə birləşdirən Qoşulmama Hərəkatının 2019-2022-ci illərdə sədri seçildi. Qoşulmama Hərəkatı 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Yalnız elə bu faktın özü Hərəkatın müasir beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən necə mühüm çoxtərəfli platforma olmasını göstərir. Dünya dövlətlərinin üçdəikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirə edilən məsələlər şübhəsiz ki, BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da böyük təsir göstərir. 10 il əvvəl Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatının bu il yaradılmasının 60 illiyi qeyd olunur. Qoşulmama Hərəkatının təməlində sülh, qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallığını və əhəmiyyətini daha da artırıb. Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetlərinə tam uyğundur. Qısa müddət ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik müddətində təşkilatın prinsiplərinə sadiq qalaraq, qurumun beynəlxalq münasibətlər sistemində rolunun daha da artması, o cümlədən Azərbaycanla üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi, milli maraqlarının təmin olunması istiqamətində ciddi addımlar atır. Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük ikinci beynəlxalq təşkilatına sədrlik etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemindəki mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Millət vəkili Şahin İsmayılov isə qəzetimizə açıqlamasında qeyd edib ki, bu gün ölkəmiz Qoşulmama Hərəkatı da daxil olmaqla, bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur: “Qoşulmama Hərəkatına rəhbərlik etdiyimiz vaxtdan başlayaraq, ölkəmiz dünyanı iflic vəziyyətinə salmış pandemiyaya qarşı birgə mübarizə aparmaq və bütün səylərin səfərbər edilməsi məqsədilə beynəlxalq təşəbbüslərlə çıxış edib. 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olundu. Zirvə görüşündə qarşıya qoyulmuş hədəflərdən biri də tibbi ehtiyacların müəyyən edilməsi məqsədilə Hərəkata üzv dövlətlərin məlumat bazasının yaradılması idi. Hansı ki, bu gün ÜST koronavirusa qarşı aparılan mübarizədə mövcud ehtiyacların müəyyənləşdirilməsi məqsədilə istinad mənbəyi kimi həmin məlumat bazasından istifadə edir. Həmçinin Qoşulmama Hərəkatının adından dövlətimizin başçısı tərəfindən pandemiyanın qarşısının alınması və fəsadların aradan qaldırılması məqsədilə dövlət və hökumət başçıları səviyyəsində Birləşmiş Millətlər Təşkilatına Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edildi. Təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənərək qəbul edildi və BMT-nin Xüsusi Sessiyası 2020-ci il dekabrın 3-4-də baş tutdu”.

Millət vəkili xatırladıb ki, Qoşulmama Hərəkatı ötən dövr ərzində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən qətnamələr qəbul edib: “30 ilə yaxın idi ki, Ermənistan ərazimizin təqribən 20 faizini işğal altında saxlayırdı. Vətən müharibəsi dövründə isə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə QH-na üzv olan ölkələr təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdirmişdi. Onların bu israrlı mövqeyi nəticəsində Təhlükəsizlik Şurasının bir sıra daimi üzvləri bəyanat layihəsini geri götürməyə məcbur olmuşdular. Həmin vaxt məhz Hərəkata üzv dövlətlərin fəaliyyəti nəticəsində Azərbaycan maraqlarına uyğun olmayan sənədin qəbul edilməsinin qarşısı alındı. Bütövlükdə, bu təşkilat Azərbaycan üçün mühüm beynəlxalq platformadır və ölkəmiz QH çərçivəsində uğurlu fəaliyyətini bundan sonra da davam etdirəcək”.

Nardar BAYRAMLI

 

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31